...

Azərbaycanda daha bir dərmanın idxalına və satışına qadağa qoyulacaq

Cəmiyyət Materials 17 Fevral 2012 14:02 (UTC +04:00)
Azərbaycana "Bor turşusu" adlanan dərman vasitəsinin idxalına və onun ölkə ərazisində istifadəsinə qadağanın qoyulacağı gözlənilir.
Azərbaycanda daha bir dərmanın idxalına və satışına qadağa qoyulacaq

Azərbaycan, Bakı, 17 fevral / Trend müxbir İ.İsabalayeva/

Azərbaycana "Bor turşusu" adlanan dərman vasitəsinin idxalına və onun ölkə ərazisində istifadəsinə qadağanın qoyulacağı gözlənilir.

Səhiyyə Nazirliyindən cümə günü Trend-ə verilən məlumata görə, artıq Dərman Vasitələrinin Analitik Ekspertiza Mərkəzi "Bor turşusu"nun yüksək toksikliyini nəzərə alaraq, onun dərman reyestrindən çıxarılması və dövlət qeydiyyatının ləğv olunması üçün nazirliyinin Farmakoloji və Farmakopeya Şurası qarşısında vəsatət qaldırıb. Hazırda şurada bu məsələyə baxılır. Yaxın gələcəkdə bu dərmanın istifadəsinin dayandırılması barədə müsbət qərarın veriləcəyi gözlənilir.

Nazirlikdən bildirilib ki, "Bor turşusu" hazırda dövlət reyestrində tərkibindəki aktiv maddəsi bor turşusu olan yeganə dərmandır. Hazırda bu dərmanın istifadəsi ilə bağlı müəyyən məhdudiyyətlər var. Həmin dərmanın Farmakoloji və Farmakopeya Şurası tərəfindən təsdiqlənmiş təlimatının əks göstərişlər bölməsində qeyd olunub ki, "Bor turşusu"nu 1 yaşadək uşaqlar, hamiləlik və laktasiya dövründə olan qadınlar, böyrək, qaraciyər pozğunluğu, stenokardiyası, dəri və selikli qişanın qıcıqlanması problemi olan xəstələr istifadə edə bilməzlər.

Nazirlikdən verilən məlumata görə, hələ SSRİ-nin dövründə - 1987-ci ildə "Bor turşusu"nun yüksək toksikliyi nəzərə alınaraq, onun 1 yaşadək uşaqlar, hamilə və süd verən qadınlar tərəfindən istifadə edilməməsi ilə bağlı qərar verilmişdi.

Ümumdünya Səhiyyə Təşkilatı da bor turşusunun yüksək toksikliyini nəzərə alaraq, tərkibində aktiv maddəsi bor turşusu olan dərmanların istifadəsinə məhdudiyyətlərin qoyulmasını tövsiyə edib. Artıq bir sıra ölkələrdə belə dərmanların istifadəsi məhdudlaşdırılıb. Məsələn, Avropa dövlətləri, ABŞ-da yalnız göz, qulaq və burun damcılarının tərkibində bor turşusunun 1-3 faizə qədər olan miqdarda istifadəsinə icazə verilib.

Azərbaycan Səhiyyə Nazirliyi də insanlara tərkibindəki bor turşusunun miqdarı 1 faizdən artıq olmamaq şərti ilə yalnız göz, qulaq, burun damcılarının istifadəsini tövsiyə edib.

Nazirlikdən deyilib ki, tərkibində bor turşusunun miqdarı 1 faizdən artıq olmayan dərmanların istifadəsi tamamilə yol veriləndir. Amma belə dərmanları uzun müddət istifadə etmək olmaz. Onları yalnız müalicə üçün müəyyən edilmiş müddətdə istifadə etmək olar.

Qeyd edək ki, orqanizmə mənfi fəsadları olduğu üçün ötən ilin sonlarında Azərbaycanda "Rozeqlikazon" və "Sibutramin" dərmanlarının satışı qadağan edilib.

Xəbər lenti

Xəbər lenti