...

Azərbaycanda Bolonya sisteminin tətbiqində tələbələrin iştirakı vacibdir - Avropa Tələbələr Birliyi (FOTO)

Cəmiyyət Materials 10 Mart 2012 16:28 (UTC +04:00)
Avropa Tələbələr Birliyinin üzv olan təşkilatlardan ibarət nümayəndə heyətinin Azərbaycana səfəri ilə əlaqədar mətbuat konfransı keçirilib
Azərbaycanda Bolonya sisteminin tətbiqində tələbələrin iştirakı vacibdir - Avropa Tələbələr Birliyi (FOTO)

Azərbaycan, Bakı, 10 mart /Trend, müxbir M.Əliyev/

Avropa Tələbələr Birliyinin (ATB) idarə heyətinə üzv olan təşkilatlardan ibarət nümayəndə heyətinin Azərbaycana səfəri ilə bağlı mətbuat konfransı keçirilib.

Trend agentliyinin konfrans zalında keçirilən tədbirdə bildirilib ki, ATB-nin tərkibinə 38 ölkədən 45 tələbə təşkilatı daxildir. Karlos Agiusun rəhbərlik etdiyi Birliyin Finlandiya, Polşa, Estoniya, Serbiya və Malta təmsilçilərindən ibarət nümayəndə heyətinin səfərinin əsas məqsədi Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) ilə əlaqələri genişləndirmək, ölkəmizdə həyata keçirilən dövlət gənclər siyasəti və təhsil sistemində aparılan islahatlarla tanış olmaq olub.

Tədbirdə qeyd olunub ki, səfərin proqramına uyğun olaraq, ATB nümayəndələri "Xəzər", Bakı Slavyan və Azərbaycan Dillər Universitetlərindən universitet TGT-ləri və universitet rəhbərləri ilə görüşüblər. Bundan əlavə, avropalı qonaqlar Gənclər və İdman Nazirliyi və Təhsil Nazirliyinin rəsmiləri, eləcə də Gəncə şəhər rəhbərliyi, orada yerləşən ali təhsil müəssisələri, dövlət qurumları və regional QHT nümayəndələri ilə görüşüblər.

Agius qeyd edib ki, Azərbaycanın ali məktəblərində təhsil alan tələbələr kifayət qədər aktivdirlər.

"Həmçinin, Azərbaycanda təhsil sahəsində fəaliyyət göstərən QHT-lərə dövlət tərəfindən dəstək güclüdür", - o deyib.

Qonaq bildirib ki, Azərbaycanın ali təhsil sistemində Bolonya sistemi uğurla tətbiq olunur. Agius hesab edir ki, bu sahəyə tələbələrin cəlb edilməsi vacibdir.

Qeyd edək ki, ATGTİ nümayəndələri 2011-ci ilin noyabrında ATB-nin Bolqarıstanda keçirilmiş idarə heyətinin iclasında iştirak ediblər, iclasda təşkilatın təqdimatını keçiriblər. Təqdimatdan sonra ATB-nin idarə heyəti ATGTİ-nin müşahidəçi qismində ATB üzvlüyünə qəbuluna razılıq verib və ATGTİ-nin təşkilata tamhüququlu üzv olması üçün 2012-ci ilin martında Azərbaycana nümayəndə heyəti göndərməyə qərar verib.

Azərbaycana ezam olunmuş nümayəndə heyətinin müsbət rəyinə əsasən ATGTİ ATB-yə tamhüquqlu üzv ola biləcək.

Xəbər lenti

Xəbər lenti