Azərbaycan, Bakı, 16 mart /Trend, müxbir M.Əliyev/
Azərbaycanda pensiyaçılar mart ayı üçün öz müavinətlərini Novruz bayramına kimi alacaqlar. Trend-in məlumatına görə, bunu cümə günü jurnalistlərə Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov deyib.
Müslümov deyib ki, son 3-4 gün ərzində respublikanın bütün rayon və şəhər şöbələrinin xəzinə hesablarına 179 milyon manat pul köçürülüb, qalan təxminən 18 milyon manat isə bu şöbələrin özlərində yığılmış vəsait idi.
"Bazar ertəsi artıq yerli şöbələrin xəzinə hesablarından həmin vəsait birbaşa pensiyaçıların bank hesablarına otuzdurulacaq", - Müslümov əlavə edib.
Müslümov deyib ki, Fondun daxilolmalarının böyük bir hissəsi hər ayın sonlarında formalaşır.
"Ödənilən əməkhaqlarının 25 faizi həcmində məcburi dövlət sosial sığorta haqları Fondun yerli şöbələrinin hesablarına ödənilir. Bu ay Maliyyə Nazirliyi ilə danışdıqdan sonra aprel ayı üçün DSMF-yə dövlət büdcəsindən köçürülməli olan transferlər artıq mart ayında xəzinə hesabımıza daxil oldu və bu səbəbdən biz bütün pensiyalarımızı vaxtından qabaq həyata keçirə bildik. Mart ayının qalan müddətində daxil olan vəsaitlər aprel ayındakı maliyyələşdirmə üçün formalaşdırılacaq. Martın 19-da həm pensiyaçılarımız, həm hərbi qulluqçularımız, həm də digər pensiyaçılar öz pensiyalarını alacaqlar", - Müslümov əlavə edib.
Bəzi KİV-lərdə məbləğin Fondda saxlanıldığı barədə yayılan fikirlərə münasibətini açıqlayan Müslümov bildirib ki, bu, gülünc söhbətdir, çünki Dövlət Sosial Müdafiə Fondunun özünün bank hesabı yoxdur.
"Dövlət xəzinədarlığının tərkibində xüsusi hesabımız var. Bank hesabımız yoxdur ki, orada hansısa vəsaiti saxlayaq. 2004-cü ildən tətbiq etdiyimiz sistemə görə, vəsait birbaşa dövlət xəzinədarlığının hesabından pensiyaçıların bank hesablarına otuzdurulur", - Müslümov əlavə edib.
Azərbaycan pensiyaçılarına şad xəbər (ƏLAVƏ OLUNUB)
Azərbaycanda pensiyaçılar mart ayı üçün öz müavinətlərini Novruz bayramına kimi alacaqlar.