...

Azərbaycanda pirlər və ziyarətgahların qanunla qorunması müzakirə olunur

Cəmiyyət Materials 28 Mart 2012 16:09 (UTC +04:00)
Azərbaycanda pirlər və ziyarətgahlar barədə qanun qəbul oluna bilər.
Azərbaycanda pirlər və ziyarətgahların qanunla qorunması müzakirə olunur

Azərbaycan, Bakı, 28 mart /Trend, müxbir M.Əliyev/

Azərbaycanda pirlər və ziyarətgahlar barədə qanun qəbul oluna bilər. Bunu çərşənbə günü Trend-ə Azərbaycan Milli Məclisinin Mədəniyyət komitəsinin sədri, deputat Nizami Cəfərov bildirib.

"Azərbaycanın hər regionunda xatirə yerləri, memorial abidələr var. Bunlar pirlər, ziyarətgahlar, hətta tənha qəbirlər də olur. Beyləqanda peyğəmbərin qəbri, Abşeronda Ətağanın qəbri ziyarətgah kimi istifadə olunur. Bunlar qanunla qorunmalıdır", - Cəfərov deyib.

Deputat, həmçinin qeyd edib ki, Azərbaycanın müxtəlif yerlərində bir çox böyük şəxsiyyətlərin qəbirləri var. "Şəkidə haradasa Molla Nəsrəddinin qəbri var, Dərbənddə də Dədə Qorqudun qəbri var. Əfsanəvi olan hadisələr də mədəniyyət və mənəviyyat işidir, ona görə də onlar qorunmalıdır", - o bildirib.

Komitə sədri deyib ki, qanun layihəsinin hazırlığı zamanı müəyyən icra orqanına həmin abidələrin siyahısının tutulması, bərpası üçün işlər görülməsi, cəmiyyətdə tanıtdılması tapşırılacaq. "Məsləhətləşmələr rayon icra orqanları ilə, Qafqaz Müsəlmanları İdarəsi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və digər qurumlarla aparılacaq", - Cəfərov deyib.

Xəbər lenti

Xəbər lenti