...

Daşkənddə Şuşanın işğalının 20-ci ildönümünə həsr edilən tədbir keçirilib

Cəmiyyət Materials 8 May 2012 20:26 (UTC +04:00)

Özbəkistan, Daşkənd, 8 may /Trend, müxbir D.Əzizov/

Azərbaycanın Özbəkistandakı səfirliyi Daşkənddə Heydər Əliyev adına Mədəniyyət Mərkəzində Şuşa şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalının 20-ci ildönümünə həsr edilən tədbir keçirib. Bu barədə çərşənbə axşamı Trend-ə səfirlikdən məlumat veriblər.

Şuşanın işğalı Ermənistanın Azərbaycanın Dağlıq Qarabağ bölgəsini ələ keçirmək üçün həyata keçirdiyi hərbi təcavüzün mərhələlərindən biri olub. Erməni millətçilərin Dağlıq Qarabağda apardığı etnik təmizləmə Şuşanın Azərbaycan əhalisinin qovulması ilə nəticələndi.

Faciəvi tarix ərəfəsində səfirlik Özbəksitanın dövlət və ictimai təşkilatlarında, habelə bu ölkədə akkreditə olunmuş diplomatik nümayəndəliklər və beynəlxalq təşkilatlarda Azərbaycan Milli Məclisinin Avropa Parlamenti, Avropa Şurası Parlament Assambleyasına və dünya parlamentlərinə Şuşa şəhərinin işğalının 20 illiyinə ilə bağlı mürciətinin mətnini, həmçinin "Qarabağ münaqişəsinin reallıqları" seriyasından bukletlər və rus və ingilis dillərində "Azərbaycana qarşı müharibə: məqsəd - mədəni irs" kitabını yayıb.

Mədəniyyət Mərkəzində "Şuşa - işğaldan əvvəl və işğaldan sonra" stendləri təqdim edilib.

Tədbirdə çıxış edən Azərbaycanın Özbəkistandakı müvəqqəti işlər vəkili Akif Əliyev ölkənin ən qədim şəhərlərindən biri olan Şuşanın erməni qoşunları və onları dəstəkləyən qüvvələr tərəfindən işğal edilməsi haqqında danışıb.

O qeyd edib ki, işğalçılar tarixi abidələri dağıdır, ya da tarixi mənsubiyyəti dəyişdirmək məqsədilə onları saxtalaşdırır. Əliyev vurğulayıb ki, Şuşanın işğalı və şəhərdə həyata keçirlən vandalizm erməni millətçilərin apardığı etniki təmizləmə siyasətinin faktlarından biridir.

Tədbirdə çıxış edən Azərbaycan diasporunun fəalları Azərbaycan torpaqlarının işğalının davam etməsinin yolverilməzliyini qeyd ediblər.

Çıxışlardan sonra "Şuşa - işğaldan əvvəl və işğaldan sonra" sənədli filmi göstərilib.

Xəbər lenti

Xəbər lenti