...

Azərbaycanın təhsil naziri Litvada rəsmi səfərdədir

Cəmiyyət Materials 20 İyun 2012 03:10 (UTC +04:00)
Litva Respublikasının təhsil və elm naziri Gintaras Steponaviçyusun dəvəti ilə bu ölkədə rəsmi səfərdə olan Azərbaycanın təhsil naziri Misir Mərdanov Vilnüsdə bir sıra görüşlər keçirib.
Azərbaycanın təhsil naziri Litvada rəsmi səfərdədir

Azərbaycan, Bakı, 20 iyun /Trend/

Litva Respublikasının təhsil və elm naziri Gintaras Steponaviçyusun dəvəti ilə bu ölkədə rəsmi səfərdə olan Azərbaycanın təhsil naziri Misir Mərdanov Vilnüsdə bir sıra görüşlər keçirib.

Litva Edukologiya Universitetinin (LEU) və Vilnüs Universitetinin (VU) rəhbərliyi ilə keçirilən görüşlərdə iki ölkənin ali təhsil ocaqları arasında mövcud əlaqələrin genişləndirilməsi, müəllim-tələbə mübadiləsi, qarşılıqlı səfərlərin təşkili, eləcə də təhsil sahəsində uğurlu təcrübələrin öyrənilməsi məsələləri müzakirə olunub. Bu barədə Trend-ə Azərbaycanın Litvadakı səfirliyindən məlumat verilib.

LEU-nin rektoru akademik Algirdas Gaijutis rəhbərlik etdiyi universitetin Avropa İttifaqının elm və təhsil sahəsində bir çox proqramlarını uğurla icra etdiyini, bununla əlaqədar öz azərbaycanlı həmkarları ilə əməkdaşlıq etmək niyyətində olduqlarını bildirib. LEU-nin geniştərkibli professor-müəllim heyəti qarşısında çıxış edən nazir Misir Mərdanov Litva ali təhsil ocaqları ilə əməkdaşlıqda Azərbaycanın maraqlı olduğunu, əvvəllər mövcud olan əlaqələrin bərpa olunması üçün çalışdıqlarını bildirib. Sonra nümayəndə heyəti Azərbaycanın təhsil sistemi barədə ətraflı məlumat verib, litvalı elm adamlarını maraqlandıran çoxsaylı sualları cavablandırıb.

Vilnüs Universitetinin rektoru akademik Benediktas Yuodka universitet haqqında məlumat verərək, Litvanın ən böyük və ən qədim ali təhsil ocağı olan VU-də 22 mindən çox tələbənin təhsil aldığını qeyd edib, Azərbaycan Prezidenti İlham Əliyevin dəstəyi ilə xaricdə təhsil alan azərbaycanlı gənclərə dəstək barədə 2008-2015-ci illər Dövlət Proqramına 2012-ci ildən Vilnüs Universitetinin də daxil edilməsindən duyduğu məmnuniyyəti xüsusilə vurğulayıb.

Sonra nazir Mərdanov və nümayəndə heyətinin üzvləri Litvada təhsil alan azərbaycanlı tələbələrlə görüşüblər. Görüşdə səfir Həsən Məmmədzadə çıxış edərək, Litva Azərbaycanlı Gənclər Təşkilatının (Azerbaijani Younq Organization of Lithuania - AYOL) yaxın günlərdə rəsmən fəaliyyətə başlayacağını bildirib, bu istiqamətdə Litvada təhsil alan tələbələrimizə xüsusi vəzifə düşdüyünü bildirib.

Görüş zamanı Misir Mərdanov tələbələrimizi maraqlandıran suallara cavab verib, onları narahat edən məsələlərin həllində lazımi yardım olunacağını qeyd edib.

Xəbər lenti

Xəbər lenti