...

Azərbaycanın bəzi çaylarında daşqınlar baş verəcək, sel keçəcək

Cəmiyyət Materials 9 İyul 2012 13:59 (UTC +04:00)
Yaxın günlərdə Azərbaycanın bəzi çaylarında yenidən qısamüddətli daşqınlar baş verəcəyi və sel keçəcəyi proqnozlaşdırılır.
Azərbaycanın bəzi çaylarında daşqınlar baş verəcək, sel keçəcək

Azərbaycan, Bakı, 9 iyul /Trend, müxbir İ.İsabalayeva/

Yaxın günlərdə Azərbaycanın bəzi çaylarında yenidən qısamüddətli daşqınlar baş verəcəyi və sel keçəcəyi proqnozlaşdırılır. Bunu bazar ertəsi Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev bildirib.

Onun sözlərinə görə, iyulun 10, 11 və 12-də Azərbaycanın bölgələrində qısamüddətli yağışlar yağacağı, bəzi dağlıq və dağətəyi rayonlarda yağışın leysan xarakterli olacağı ehtimalı var. Bununla əlaqədar Böyük və Kiçik Qafqazın dağ çaylarında sululuğun artacağı, qısamüddətli daşqınların və selin olacağı proqnozlaşdırılır.

Baş hidroloq bildirib ki, artıq əksər çaylarda sululuq artıb. İyulun 8-də Ağdaş-Qəbələ bölgəsindəki Türyançaydan qısamüddətli daşqın keçib.

Verdiyev deyib ki, iyulun 10, 11 və 12-də Bakıda hava gün ərzində əsasən, yağmursuz keçəcək, külək mülayimləşəcək. Yaxın 3 gün ərzində Bakıda havanın temperaturu 30-35 dərəcə isti olacaq.

İyulun 10-da Azərbaycanın Aran rayonlarında temperatur 31-36, dağlarda 19-24 dərəcə isti olacaq. Sonrakı günlərdə isə Aran rayonlarında havanın temperaturu 33-38, dağlarda 21-26 dərəcə isti təşkil edəcək.

Xəbər lenti

Xəbər lenti