...

Azərbaycanda nəqliyyat vasitəsinin təkrar qeydiyyatı zamanı rüsum ödənilməyəcək

Cəmiyyət Materials 20 İyul 2012 11:30 (UTC +04:00)
Azərbaycan Prezidenti “Yol hərəkəti haqqında” qanuna dəyişikliyi təsdiq edib.
Azərbaycanda nəqliyyat vasitəsinin təkrar qeydiyyatı zamanı rüsum ödənilməyəcək

Azərbaycan, Bakı, 20 iyul / Trend müxbir K.Zərbalıyeva/

Azərbaycan Prezidenti "Yol hərəkəti haqqında" qanuna dəyişikliyi təsdiq edib.

Trend-in məlumatına görə, yeni dəyişiklikdə qeyd olunur ki, şəxs nəqliyyat vasitəsinin təkrar qeydiyyatı zamanı qanunvericiliklə müəyyən edilmiş rüsumdan (10 manat) azad olunur.

Dəyişiklikdə qeyd olunur ki, "Yol hərəkəti haqqında" qanunun 27-ci maddəsinin 6-cı hissəsinin 4-cü bəndinə dəyişiklik edilir.

Belə ki, nəqliyyat vasitəsinin təkrar qeydiyyatı zamanı müvafiq icra hakimiyyəti orqanına qanunvericilik ilə müəyyən edilmiş rüsumların və ya vergilərin, yaxud ödənclərin ödənilməsi barədə qəbz təqdim edilməməlidir.

Respublika Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev Trend-ə bildirib ki, Azərbaycan ərazisində dövlət qeydiyyatına alınmış nəqliyyat vasitəsi icarə müqaviləsi, etibarnamə əsasında başqa şəxsə verildikdə, on gün müddətində müvafiq orqanlarda təkrar dövlət qeydiyyatından keçirilməlidir.

Əliyev deyib ki, nəqliyyat vasitəsinin icarəyə verilməsinə dair müqaviləni, yaxud nəqliyyat vasitəsindən istifadə edilməsi və ya ona dair sərəncam verilməsi hüquqları ilə bağlı etibarnaməni təsdiq edərkən notarius müqavilənin və ya etibarnamənin təsdiq edilməsi barədə məlumatı dərhal Ədliyyə Nazirliyinə göndərir. ƏN texniki vasitələrdən istifadə etməklə həmin məlumatı üç gün müddətində DİN-ə göndərir. Daxil olmuş məlumat əsasında BDYPİ-də üç gün müddətində nəqliyyat vasitəsinin təkrar dövlət qeydiyyatını həyata keçirir və müvafiq məlumatı daşınar əmlakın rəsmi reyestrinə daxil edir.

"Bu səbəbdən də etibarnamə və müqavilələrin təkrar qeydiyyatdan keçirilməsi üçün qanuna uyğun olaraq müvafiq rüsum ödənilmir", Əliyev deyib.

Qanunun tətbiqi ilə əlaqədar Prezident Nazirlər Kabinetinə müvafiq tapşırıqlar verib.

Xəbər lenti

Xəbər lenti