Azərbaycan, Bakı, 21 iyun /Trend, müxbir K.Zərbalıyeva/
Bakıda qadın qeyri-rəsmi nikahda yaşadığı əri tərəfindən qətlə yetirilib.
Nəsimi rayon prokurorluğundan Trend-ə verilən məlumata görə, iyunun 20-dən 21-ə keçən gecə 4-cü mikrorayon, 20 Yanvar küçəsi, 27 b saylı binanın qarşısında həmin binada iki qızı ilə kirayədə yaşayan 1976-cı il təvəllüdlü Tahirə Orucova bıçaqlanıb.
Orucova ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Orucovanın qeyri-rəsmi nikah münasibətində yaşadığı Elşad Rüstəmov tərəfindən bıçaqlandığı müəyyən olunub.
Rüstəmov hadisə yerindən qaçıb. Onun tutulması üçün əməliyyat-axtarış tədbirləri həyata keçirilir.
Faktla bağlı Cinayət Məcəlləsinin qəsdən adam öldürmə (120.1-ci) maddəsi ilə cinayət işi başlanıb.