...

Mətbuatın əsas prinsipi: operativlik, obyektivlik, plüralizm…

Cəmiyyət Materials 20 İyul 2012 14:28 (UTC +04:00)

Vüqar Rəhimzadə - "İki sahil" qəzetinin baş redaktoru

Ölkəmizin artan imkanları, demokratiya təcrübəsinin digər ölkələrə nümunə göstərilməsi müstəqil mətbuatın inkişafına, jurnalistlərin yaradıcılıq imkanlarının genişlənməsinə stimul verir.

"Söz azadlığı hər bir ölkə üçün, ölkənin inkişafı üçün ən vacib olan məsələlərdən biridir. Söz azadlığı, demokratiyanın inkişafı, hüquqi dövlətin qurulması Azərbaycanda çox vacib olan məsələlərdir. Mən hesab edirəm ki, bu sahədə ölkəmiz çox böyük və uğurlu yol keçmişdir. Bunu təsdiq edən çoxsaylı faktlar da mövcuddur." Dövlət başçısı İlham Əliyevin bu fikirlərinin fonunda Azərbaycan mətbuatının keçdiyi yola, əldə etdiyi uğurlara, kütləvi informasiya vasitələrinin fəaliyyətini tənzimləyən qanunların təkmilləşdirilərək beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində atılan addımlara bir daha nəzər salaq. Dövlət başçısı İlham Əliyev daim bu fikri bildirir ki, bayram tədbirləri, bu və ya digər sahənin inkişafına yönələn Dövlət Proqramlarının icrasına həsr olunan konfranslar uğurların təhlili və qarşıdakı vəzifələrin müəyyənləşdirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan milli mətbuatının 137 yaşı tamam olur. 1875-ci il iyulun 22-də görkəmli maarifçi və publisist Həsən bəy Zərdabi tərəfindən nəşr olunmağa başlayan "Əkinçi" qəzeti ilə əsası qoyulmuş milli mətbuatımız ötən dövr ərzində mürəkkəb, lakin şərəfli yol keçərək, daim xalqımızın şanlı tarixinin güzgüsü olmuşdur.

Azərbaycan dövlət müstəqilliyini yenidən bərpa etdikdən sonra milli və bəşəri dəyərləri öndə saxlayan mətbuatın inkişafı istiqamətində addımlar ardıcıllığı və məqsədyönlülüyü ilə diqqət çəkdi. Bu siyasətin təməli məhz ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Dahi şəxsiyyət Azərbaycanda söz və mətbuat azadlığının, plüralizmin əsasını qoymuş lider kimi böyük ehtiramla anılır. İnkaredilməz faktdır ki, müstəqilliyimizin ilk illərində hakimiyyətdə olan qüvvələrin siyasi savadsızlığı, səriştəsizliyi, şəxsi maraqlarını dövlətin, xalqın mənafeyindən, milli maraqlardan üstün tutmaları ucbatından ölkədə xaos, anarxiya, özbaşınalıqlar höküm sürürdü. İctimai-siyasi durumun gərgin olduğu bir dövrdə digər sahələrin inkişafından danışmaq mümkünsüz idi. Mətbuat azadlığı hər addımda boğulur, azad sözün müdafiəsində dayanan jurnalistlər mənəvi və fiziki təzyiqlərə məruz qalırdılar.

Ulu öndər Heydər Əliyevin 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonrakı dövr Azərbaycan mətbuatının inkişafında yeni mərhələnin başlanğıcı oldu. Ölkədə ictimai-siyasi sabitliyin yaradılması, insan hüquqlarının qorunmasının dövlətin siyasətinin prioritet istiqamətinə çevrilməsi, qanunun aliliyinin təmin edilməsi, ölkəmizin sürətli sosial-iqtisadi inkişafı, ictimai həyatın bütün sahələrinin yeniləşməsi fikir, söz və məlumat azadlığının, plüralizmin daha geniş təmin olunması üçün əlavə tədbirlər görülməsini zəruri etdi. Ulu öndər Heydər Əliyev bildirmişdir: "Bizim dövlət siyasətimizin əsas məqsədlərindən biri Azərbaycanın mütərəqqi mətbuat ənənələrinin davam etdirilməsi və müasir beynəlxalq təcrübə ilə zənginləşdirilməsi, KİV-in maddi-texniki vəziyyətinin yaxşılaşdırılması, onların imkanlarından respublikada hüquqi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin formalaşdırılması və inkişafı, demokratik islahatların həyata keçirilməsində səmərəli istifadə edilməsindən ibarətdir." Mətbuatı cəmiyyətin güzgüsü adlandıran, bu sahədə çalışan qələm sahiblərinə yüksək peşə prinsiplərindən irəli gələn tələblərin layiqli daşıyıcıları olmağı təlqin edən ulu öndər Heydər Əliyev həmin təməl prinsiplərinin elmi şərhini verməklə kifayətlənməmiş, bunun hüquqi, iqtisadi bazasının yaradılması qayğısına da qalmışdır.

Ümummilli lider Heydər Əliyevin atdığı bütün addımlarda KİV-lərin maddi-texniki bazasının möhkəmləndirilməsini, onlara dövlət qayğısının artırılmasını, söz, məlumat azadlığının qorunmasını, siyasi plüralizm prinsiplərinə dönmədən əməl edilməsini təmin edən tədbirlər proqramının həyata keçirilməsi xüsusi diqqət çəkirdi. Mətbuata dövlət nəzarəti olan senzuranın ləğv edilməsi, beynəlxalq tələblərə cavab verən "Kütləvi informasiya vasitələri haqqında" Qanunun qəbulu, Mətbuat və İnformasiya Nazirliyinin ləğvi və s. əməli işlər dövlət müstəqilliyimizin memarı olan ulu öndər Heydər Əliyevin müdrik, qətiyyətli, uzaqgörən siyasətinin bariz nümunələridir. Ulu öndər söz və mətbuat azadlığı sahəsində məhdudiyyətlərin aradan qaldırılmasını təmin etməklə cəmiyyətdə qarşılıqlı anlaşmanın, səmimiyyətin dərinləşməsini, insanların öz fikir və mülahizələrini azad, maneəsiz çatdırma imkanlarının genişləndirilməsini başlıca məqsəd saymışdır. Mətbuat üzərində dövlət senzurasının ləğvi barədə fərman kütləvi informasiya vasitələrinin sürətli inkişafına ciddi təkan verməklə yanaşı, cəmiyyət həyatında onların səmərəli rolunun artırılması sahəsində geniş dövlət proqramının əsas istiqamətlərini müəyyənləşdirmişdir.

Ulu öndər Heydər Əliyevin 2000-ci il 6 mart tarixli fərmanı ilə təsdiqlənmiş "2000-2001-ci illərdə kütləvi informasiya vasitələrinin maddi-texniki şəraitinin yaxşılaşdırılması üçün tədbirlər proqramı", "Məlumat azadlığı haqqında", "Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında", "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında", "Ətraf mühitə dair informasiya almaq haqqında" Azərbaycan Respublikasının qanunlarının qəbulu da mühüm addımlardandır.

"Kütləvi informasiya vasitələri haqqında" qanuna əsasən, KİV-in təsis olunması, ondan istifadə, onun idarə edilməsi qanunvericilikdə nəzərdə tutulan hallardan əlavə məhdudlaşdırıla bilməz. Mətbuat azadlığı vətəndaşların qanuni yolla informasiya əldə etmək, hazırlamaq, ötürmək və yaymaq hüququna dövlət tərəfindən təminat verilməsinə əsaslanır. Ulu öndər Heydər Əliyevin 11 may 2002-ci il tarixli "Kütləvi informasiya vasitələri haqqında" Azərbaycan Respublikası Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə" fərmanı yazılı mətbuatın təsis edilməsini və ondan istifadə imkanlarını asanlaşdırmaqla, mətbu nəşrlərin dövlət qeydiyyatı ilə bağlı icazə sistemini aradan götürmüşdür. Bu isə digər inkişaf etmiş dünya ölkələrinin mətbuata dair qanunvericilik təcrübəsinə əsaslanır. Ümummilli lider Heydər Əliyev bütün fəaliyyəti boyu ölkə mətbuatını təmsil edən jurnalist kollektivləri ilə keçirdiyi görüşlərində onların mövcud problemlərini həll etməyə çalışmış və bu istiqamətdə konkret əməli tədbirlər görmüşdür. Ulu öndər Azərbaycanda milli mətbuatın daha da inkişaf etdirilməsi sahəsindəki xidmətlərinə görə 2001-ci ildə "Jurnalistlərin dostu" mükafatına layiq görülmüşdür.

Ümummilli lider ölkə mətbuatının problemlərini də hər zaman açıq şəkildə bildirmiş, jurnalistləri milli-mənəvi, etik dəyərlərə riayət etməyə çağırmışdır. Mətbuat müstəqil, peşəkar olmalıdır. Kütləvi informasiya vasitələri cəmiyyətdə baş verən prosesləri olduğu kimi, heç bir qərəzə, təhrifə yol vermədən ictimaiyyətə çatdırılmalıdır. Bu gün hansı ölkə informasiya bolluğuna malikdirsə, o varlı dövlət kimi qəbul olunur. Bu şəraitin yaradılması üçün daim mətbuatla birgə çalışan, dövlət siyasətinin cəmiyyətə olduğu kimi çatdırılmasında maraqlı olan ümummilli lider Heydər Əliyev yalnız həqiqəti əks etdirən informasiyaların yayılmasında maraqlı idi.

Dahi şəxsiyyət söz, mətbuat azadlığının inkişafına əngəl olan, süni maneələrin aradan qaldırılması üçün qanunvericilik bazasının təkmilləşdirilməsini təmin etdi. Vətəndaş cəmiyyətinin quruculuğunu özünün inkişaf modeli seçən Azərbaycanda KİV-lərin rolunun artırılması başlıca məqsəd kimi qarşıya qoyuldu. Ümummilli lider mətbuat azadlığından sui-istifadə hallarını pisləyir, qanun pozuntularının, şəxsiyyətə mənəvi təsir göstərən halların yolverilməz olduğunu bildirirdi.

Ulu öndər Heydər Əliyevin böyüklüyü onda idi ki, o, peşə etikasını kobud şəkildə pozan, faktlara deyil, şəxsi mülahizələrə söykənən "yazarlar"ın cəzalandırılmasına yol vermir, dövlət məmurlarına dözümlü olmağı tövsiyə edirdi. Bu fakt ulu öndərin ölkədə azad sözün, müstəqil mətbuatın inkişafına diqqət və qayğısının göstəricilərindəndir. O, ölkədə söz və mətbuat azadlığının qarantı olduğunu daim bildirirdi: "Bizim ümumi məqsədimiz mətbuata daha da çox azadlıq vermək, söz azadlığını daha geniş təmin etmək, Azərbaycanda demokratiyanı bütün sahələr üzrə inkişaf etdirməkdən ibarətdir."

Mətbuata dövlət nəzarətini həyata keçirən Mətbuat və İnformasiya Nazirliyinin ləğv edilməsi mətbuatın özünütənzimləməsi mexanizminin tətbiqinə şərait yaratmışdır. 2003-cü ilin martında Azərbaycan jurnalistlərinin qurultayında ölkənin müntəzəm yayımlanan, ictimai fikrə təsir imkanları daha böyük olan 180 kütləvi informasiya vasitəsi- qəzet, jurnal, informasiya agentliyi, jurnalist təşkilatı bir araya gələrək media-ictimaiyyət, media-hakimiyyət münasibətlərini tənzimləyən qurumu - Azərbaycan Mətbuat Şurasını yaratdı. Mətbuat Şurasının qarşısında dayanan əsas məqsədlərdən biri jurnalistlərin peşə etikası Kodeksinin tələblərinə əməl etməsinə ictimai nəzarətin həyata keçirilməsi, "reket jurnalistika"sına qarşı mübarizədir. Qurum fəaliyyətə başladığı gündən KİV-lərin saflaşdırılması istiqamətində mühüm addımlar atmış, jurnalistlərin peşəkarlığının artırılması üçün müsbət nəticələr əldə etmişdir. MDB məkanında belə bir qurum ilk dəfə Azərbaycanda yaradılıb. Azərbaycan Mətbuat Şurasının MDB ölkələri üçün vahid model kimi götürülməsi də əldə etdiyi uğurlara əsaslanır.

Ölkəmiz azad mətbuatın inkişafı sahəsində beynəlxalq təşkilatlarla, o cümlədən Avropa Şurası və ATƏT-lə sıx əməkdaşlıq edir. Hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunun dərinləşməsi, Azərbaycanın dünya informasiya məkanına daxil olması və informasiya cəmiyyətinə keçid şəxsiyyətin, cəmiyyətin və dövlətin informasiyaya olan tələbatının daha dolğun ödənilməsinə, kütləvi informasiya vasitələrinin fəaliyyətinin təkmilləşməsinə və müasir dövrün tələblərinə uyğunlaşmasına ehtiyac yaradır. Bu gün kütləvi informasiya vasitələrinin təmsilçiləri qürur hissi ilə bildirirlər ki, ümummilli liderimiz Heydər Əliyevin əsasını qoyduğu düşünülmüş və məqsədyönlü siyasətin uğurla davam etdirilməsi nəticəsində Azərbaycan demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu yolunda inamla irəliləyir. 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi əsasında qəbul olunan Milli Konstitusiyamızda da demokratiyanın əsas prinsiplərindən olan söz və fikir azadlığı təsbit olunub. "Məlumat azadlığı" maddəsində qeyd olunur ki, hər kəsin istədiyi məlumatı qanuni yolla axtarmaq, əldə etmək, ötürmək, hazırlamaq və yaymaq azadlığı vardır. Kütləvi informasiyanın azadlığına təminat verilir. Kütləvi informasiya vasitələrində, o cümlədən mətbuatda dövlət senzurası qadağandır.

Ulu öndər Heydər Əliyevin müstəqil respublikamıza rəhbərliyi illərində həyata keçirilmiş çoxşaxəli islahatların nəticəsi olaraq bu gün Azərbaycanda söz və mətbuat azadlığı sahəsindəki mövcud vəziyyət qabaqcıl demokratik ölkələrlə müqayisə edilə bilər. Belə ki, Azərbaycan KİV-lərin sayına görə MDB və Şərqi Avropa ölkələri arasında lider mövqedə dayanır. Ölkədə 5 minə yaxın kütləvi informasiya vasitəsi dövlət qeydiyyatına alınıb. Onların əksəriyyəti qəzet və jurnal, informasiya agentliyi, elektron kütləvi informasiya vasitələridir. Respublikmızda xeyli sayda jurnalist təşkilatları və ictimai birlikləri mövcuddur. Sürətlə inkişaf edən internet resursları vətəndaş cəmiyyəti quruculuğunun fəal iştirakçısına çevrilərək cəmiyyətimizin informasiyaya olan ehtiyacının ödənilməsində əhəmiyyətli rol oynayırlar. Bu fakt da xüsusi qeyd edilməlidir ki, ölkəmizdə internet azadddır, heç bir məhdudiyyət yoxdur. İnternet istifadəçilərinin sayı 65 faizdən yuxarıdır. Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, bu da onu göstərir ki, mətbuat azadlığına çox böyük diqqət göstərilir.

Prezident kimi fəaliyyətə başladığı gündən "Azərbaycanın hərtərəfli inkişafı üçün Heydər Əliyev siyasəti davam etdirilməlidir" bəyan edən cənab İlham Əliyev demokratik, hüquqi dövləti azad mətbuatsız təsəvvür etməyin mümkünsüzlüyünü diqqətə çatdıraraq, bu istiqamətdə biri-birindən əhəmiyyətli addımlar atır və bunlar davamlılığı ilə diqqət çəkir.
2005-ci ildə "Azərbaycan mətbuat işçilərinin təltif edilməsi haqqında", "Azərbaycan mətbuat işçilərinə fəxri adların verilməsi haqqında", habelə "Kütləvi informasiya vasitələrinə maliyyə yardımı göstərilməsi haqqında" sərəncamların imzalanması jurnalistlərin əməyinə yüksək qiymət verildiyini, azad mətbuatın inkişafının dövlətin siyasətində prioritet məsələ olduğunun təsdiqidir. Həmin ildə milli mətbuatımızın ənənələrini yarandığı gündən yazıları ilə bəyan edən "Əkinçi" qəzetinin 130 illik yubileyinin respublikanın bütün bölgələrində yüksək səviyyədə qeyd olunması, jurnalistlərin fəxri adlarla mükafatlandırılması, bir neçə peşəkar jurnalistin Prezident təqaüdünə layiq görülməsi dövlətin mətbuata qayğısının bariz təcəssümü kimi xatırlanır.

Prezident İlham Əliyevin 2008-ci il 31 iyul tarixli "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinə birdəfəlik maliyyə yardımı göstərilməsi haqqında", eləcə də "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası"nın təsdiq edilməsi də deyilənlərin bariz nümunələrindəndir. Konsepsiyanın təsdiqlənməsi milli mətbuatın problemlərinin həllində keyfiyyətcə yeni mərhələnin əsasını qoydu. Sərəncamda da bu gerçəkliklər öz əksini tapıb ki, Azərbaycanın sürətli sosial-iqtisadi inkişafı, ictimai həyatın bütün sahələrinin yeniləşməsi fikir, söz və məlumat azadlığının, plüralizmin daha geniş təmin olunması üçün əlavə tədbirlər görülməsini zəruri edir.

Dövlət orqanları ilə kütləvi informasiya vasitələri arasında səmərəli əməkdaşlıq münasibətlərinin inkişaf etdirilməsi, KİV-lərin iqtisadi müstəqilliyinin və jurnalistlərin peşəkarlığının artırılması, vətəndaş cəmiyyəti quruculuğunda mətbuatın rolunun gücləndirilməsi məqsədilə təsdiqlənən "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası"nda qeyd edildiyi kimi dövlətin informasiya siyasətinin başlıca vəzifələrindən biri kütləvi informasiya vasitələrinin fəaliyyətində şəxsiyyət, cəmiyyət və dövlət maraqlarının tarazlaşdırılmasına yönəlmiş hüquqi, iqtisadi, təşkilati və texnoloji tədbirlərin müəyyən edilməsidir. Milli mətbuatın mütərəqqi ənənələrinin qorunub saxlanılması, müasir dövrün tələblərinə uyğunlaşdırılması, beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqi prioritet məsələdir. Azərbaycanda kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi şəffaflıq, əməkdaşlıq, qarşılıqlı məsuliyyət prinsipləri əsasında həyata keçirilir. Eyni zamanda, sənəd mətbuata dövlət dəstəyi kütləvi informasiya vasitələrinin müstəqilliyinin qorunması, onların fəaliyyətinə hər hansı müdaxilənin istisna edilməsi, yayılması qanunla qadağan olunmuş informasiyadan cəmiyyətin qorunması, kütləvi informasiya vasitələrinin inhisarlaşmasının qarşısının alınması, ictimai maraqları əks etdirən layihələrə üstünlük verilməsi, regional kütləvi informasiya vasitələrinin inkişafının dəstəklənməsi kimi prinsipləri özündə ehtiva edir.

Kütləvi informasiya vasitlərinin inkişafına dövlət dəstəyi Konsepsiyasına uyğun olaraq dövlət başçısı İlham Əliyevin 3 aprel 2009-cu il tarixli sərəncamı əsasında Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu yaradıldı. Ölkə Prezidentinin 22 may 2009-cu il tarixli sərəncamı əsasında isə Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun İcraçı direktoru və Müşahidə Şurasının üzvləri təyin edildi. Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması dövlətin mətbuata hərtərəfli qayğısının daha bir əyani təzahürü kimi dəyərləndirildi. Qarşıya qoyulan məqsədlərin uğurla gerçəkləşdirilməsi kütləvi informasiya vasitələrinin üzləşdiyi bir çox problemlərin aradan qaldırılmasına, mətbuat-dövlət münasibətlərinin sivil məcrada tənzimlənməsinə əlverişli zəmin yaradır. Dövlət Dəstəyi Fondunun yaradılmasının əsas məqsədi məhz müstəqil medianı inkişaf etdirmək, onu dəstəkləmək, mətbuatın maddi-texniki bazasını, o cümlədən jurnalistlərin sosial vəziyyətinin yaxşılaşdırılmasına xidmət göstərməkdir.

Qurum tərəfindən həyata keçirilən tədbirlər tək mətbuat işçiləri deyil, ictimaiyyətin bütün təbəqələri tərəfindən rəğbətlə qarşılanır, təqdir olunur. Fondun və Mətbuat Şurasının müxtəlif nazirliklərlə birlikdə günümüzün reallığını əks etdirən ayrı-ayrı mövzulara aid yazı müsabiqələri keçirmələri, qaliblərin pul və diplomlarla mükafatlandırılması müstəqil mətbuatın inkişafına, jurnalistlərin peşəkarlığının artırılmasına yönəlmiş ən mütərəqqi addımlardır. Fond yazı müsabiqələrinin keçirilməsinə xüsusi önəm verməklə jurnalistlərin fərdi peşəkarlığına, redaksiyalarda yaradıcılıq mühitinin inkişafına dəstək olur.

Bir məqamı da qeyd edək ki, 2009-cu ilin martında keçirilən referendumda Konstitusiyanın 29 maddəsinə edilən 40-a yaxın əlavə və dəyişikliyin böyük əksəriyyətinin insan hüquq və azadlıqlarının yeni müdafiə mexanizmlərinin müəyyənləşdirilməsinə, mətbuat azadlığının yüksək səviyyədə təmin olunmasına xidmət etməsi də atılan addımlərın davamlılığının əsas tərkib hissələrindəndir. "Şəxsiyyət toxunulmazlığı hüququ" maddəsinə edilən əlavəyə görə qanunla nəzərdə tutulan hallardan başqa, şəxsi və ailə həyatına müdaxilə etmək qadağandır. Hər kəsin şəxsi və ailə həyatına qanunsuz müdaxilədən müdafiə hüququ vardır. Heç kəs onun xəbəri olmadan və etirazına baxmadan izlənilə bilməz, video və foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə məruz qoyula bilməz. Həmçinin "Məlumat azadlığı" maddəsinə edilən əlavə də demokratik prinsiplərin inkişafına yönəlib. Əlavəyə əsasən hər kəsin kütləvi informasiya vasitələrində dərc edilən və onun hüquqlarını pozan və ya mənafelərinə xələl gətirən məlumatı təkzib etmək və ya ona cavab vermək hüququna təminat verilir.

Dövlət başçısı İlham Əliyev çıxışlarında yazılı və elektron KİV-lərin qarşısında duran vəzifələri də diqqətə çatdırır. Azərbaycanın müharibə şəraitində yaşayan ölkə olduğunu, eyni zamanda mətbuatın ictimai fikrə təsir imkanlarının böyüklüyünü nəzərə alsaq, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması işində medianın xidmətləri aydın şəkildə görünür. Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin "Azərbaycanın efir məkanı: problemlər və vəzifələr" məqaləsində də Azərbaycan mətbuatının dünəninə, bu gününə bir daha işıq salınaraq qarşıda duran vəzifələr və onların həlli yolları geniş təhlil edilmiş, Azərbaycan oxucusunun, tamaşaçısının yazılı və elektron KİV-lərdən gözlədikləri öz əksini tapmışdır. Kütləvi informasiya vasitləri ölkəmizdə və dünyada baş verən hadisə və proseslər haqqında obyektiv, hərtərəfli informasiya çatdırmalı, onları yüksək peşəkarlıqla şərh etməli, maarifləndirici yazılara, verilişlərə geniş yer verməlidir. Milli-mənəvi dəyərlərimizin qorunmasında, azərbaycançılıq ideyasının təbliğində, dilimiz, mədəniyyətimiz, tariximizlə bağlı həqiqətlərin ölkə və beynəlxalq ictimaiyyətə çatdırılmasında yazılı və elektron KİV-lərin üzərinə böyük məsuliyyət düşür. Təbliğat xarakterli, vətənpərvərlik ruhunda yazılar dövrün tələbidir. Bu gün bütün sahələrdə inkişaf, tərəqqi dövrünü yaşayan ölkəmizin yeganə problemi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir. Problemin həllində Azərbaycanın dəyişməz mövqeyi, istər prezidentlər, istərsə də xarici işlər nazirləri səviyyəsində aparılan çoxsaylı danışıqlar və müzakirələr, dövlət müstəqilliyimizin və suverenliyimizin qarantı olan milli ordumuzun möhkəmlənməsi, beynəlxalq standartlara uyğünlaşdırılması istiqamətində atılan addımlar ölkə mətbuatında geniş şərh olunur, dövlətimizin uğurlu siyasəti nəticəsində Dağlıq Qarabağ münaqişəsinin tezliklə öz müsbət həllini tapacağına böyük inam ifadə edilir.

Obyektivlik, qərəzsizlik, yüksək milli şüur və vətənpərvərlik prinsiplərinə dönmədən əməl etmək Azərbaycan jurnalistikasının qarşısında dayanan əsas vəzifələrdir. Dövlətimiz artan imkanları fonunda hər dövrün tələbinə uyğun olaraq mətbuatın qarşısında dayanan vəzifələrin uğurlu icrasına dəstəyini əsirgəmir, aktual problemlərin həlli məqsədilə kompleks tədbirlər həyata keçirir. Möhtərəm Prezidentimiz bildirir: "Mediada yalan informasiyanın verilməsi qəbuledilməzdir. Əvvəlki dövrlərdə bu, çox geniş meydan tapmış bir yanaşma idi. Yalan informasiyanı ortaya atmaq, sensasiya yaratmaq, ondan sonra bu yalanın ətrafında müzakirələr aparmaq, elə bil ki, bunu reallığa çevirmək, ondan sonra bu yalanı xarici mediaya ötürmək və sonra bunu bir dəqiq xəbər kimi yenə qaytarmaq- bütün bunları biz bilirik. Mən hesab edirəm ki, bu siyasi mübarizə üsulu Azərbaycanın siyasi səhnəsindən getməlidir. Burada, əlbəttə ki, medianın rolu çox böyükdür. Yəni bu gün internet dövründə hər bir yazını dünyada oxumaq olar və bir dəfə, iki dəfə, üç dəfə yalan yazılanda, dördüncü dəfə artıq o medianın hörməti də düşəcək, o orqana inam da azalacaqdır." Hazırlanan hər yazıda jurnalist peşəkarlığı ilə yanaşı məsuliyyəti də unudulmamalıdır.

Azərbaycan milli mətbuatının 135 illik yubileyi də dövlət başçısının biri-birindən əhəmiyyətli sərəncamları ilə yadda qaldı. Belə ki, Prezident İlham Əliyev kütləvi informasiya vasitələrinə birdəfəlik yardımın göstərilməsi, bir qrup jurnalistin fəxri adlar və ölkənin ali orden və medalları ilə təltif edilməsi barədə sərəcam imzalamaqla yanaşı, dünyada analoqu olmayan bir qərar da verdi. Mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri haqqında imzalanan sərəcam media ictimaiyyəti tərəfindən böyük rəğbətlə qarşılandı. Sərəncama uyğun olaraq mətbuat işçilərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması və onlar üçün yaşayış evlərinin tikilməsi məqsədilə 2010-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna 5 milyon manat vəsait ayrılıb. Hazırda həmin binanın inşası uğurla həyata keçirilir.

Qeyd olunanlardan bir daha bu həqiqət təsdiqlənir ki, müstəqil mətbuatın inkişafı dövlətin siyasətində prioritet məsələdir. Ölkə Prezidentinin azad mətbuatın inkişafına göstərdiyi diqqət və qayğının təsdiqi olaraq 2010-cu ildə "RUH" Azərbaycan Jurnalistləri Müdafiə Komitəsinin 30 gündəlik, 19 həftəlik qəzet, 2 jurnal, 11 informasiya agentliyi, 13 jurnalist təşkilatı, 8 informasiya portalı, 7 televiziya və 3 radio kanalı, ümumilikdə 93 KİV arasında keçirdiyi sorğuya əsasən cənab İlham Əliyev "Jurnalistlərin dostu" mükafatına layiq görüldü. Mükafatın təqdim olunması mərasimində "Jurnalistlərin dostu olmaq mənim üçün böyük şərəfdir" söyləyən dövlət başçısı İlham Əliyev bildirmişdir: "Bir daha demək istəyirəm ki, aldığım bu mükafatdan asılı olmayaraq, mən bundan sonra da çalışacağam ki, Azərbaycanda bu sahədə daha da böyük addımlar atılsın. Azərbaycan dövləti öz dəstəyini göstərsin. Ölkədə müasir jurnalistikanın formalaşması işində Azərbaycan dövləti və Prezident kimi mən səylərimi əsirgəməyəcəyəm."

Qeyd etdiklərimizin fonunda bir daha bu gerçəklik də təsdiqlənir ki, ümummilli lider Heydər Əliyevin düzgün müəyyənləşdirdiyi siyasətin hazırda Prezident İlham Əliyev tərəfindən uğurlu davamı Azərbaycanın qarşısında yeni imkanlar açır. Bu günlərdə Nazirlər Kabinetinin 2012-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlət başçısı İlham Əliyev ötən dövrün uğurlarını rəqəmlər əsasında diqqətə çatdıraraq, bu inamı ifadə etdi ki, cari il Azərbaycan tarixinə daha uğurlu il kimi yazılacaq. Hər sahə üzrə konkret proqramların mövcudluğu və uğurlu icrası ölkənin hərtərəfli inkişafına stimul verir. Azərbaycanın artan imkanları, beynəlxalq aləmdə yeri və rolunun möhkəmləndirilməsi, demokratiya təcrübəsinin digər ölkələrə nümunə göstərilməsi azad mətbuatın inkişafına, jurnalistlərin yaradıcılıq imkanlarının genişlənməsinə stimul verir.









Xəbər lenti

Xəbər lenti