Azərbaycan, Bakı, 11 oktyabr / Trend müxbir M.Əliyev/
Azərbaycan "Gənc Sahibkarlar Şəbəkəsi" İctimai Birliyi Türkiyənin İstanbul şəhərində təşkil olunan 14-cü MÜSİAD (Müstəqil Sənaye və İş Adamları Dərnəyi) sərgisində iştirak edib. Trend-in məlumatına görə, bu barədə cümə axşamı İctimai Birlikdən bildirilib.
Birlikdən verilən məlumata görə, 1993-cü ildən etibarən təşkil olunan MÜSİAD sərgisində Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan və iqtisadiyyat naziri Zəfər Çağlayan da daxil olmaqla, 86 ölkədən 5000-dən çox iş adamı və təşkilat nümayəndələri iştirak ediblər.
Sərginin açılış mərasimindən sonra MÜSİAD-ın prezidenti Nail Olpakla Azərbaycan "Gənc Sahibkarlar Şəbəkəsi" İctimai Birliyinin İdarə Heyətinin sədri Xaliq İldırımzadə və sədr müavini İlham Nağıyev arasında görüş keçirilib. Görüş zamanı tərəflər arasında gələcək əməkdaşlığın perspektivlərinin müəyyən edilməsi, ictimai birliyə daxil olan biznes strukturlarının gələcək sərgilərdə daha geniş iştirakının təmin edilməsi və birgə fəaliyyət planın işlənilməsi haqqında müzakirələr aparılıb.
Fəaliyyətə başladığı gündən bu yana 1,2 milyon insanın ziyarət etdiyi sərgi 14 oktyabr tarixinə qədər davam edəcək.