Azərbaycan, Bakı, 6 noyabr /Trend/
Trend "AtaHolding" ASC-nin Kommunikasiya şöbəsinin rəisi Dilarə Zamanovanın müsahibəsini təqdim edir.
- Dilarə xanım, sizcə qadınlar PR sahəsində iş qurmaq üçün nə etməlidir?
- PR üzrə mütəxəssis yüksək dərəcədə ünsiyyətcil, başqalarını dinləməyi bacaran və dinləyicilər tərəfindən eşidilən olmalıdır. Bu peşənin sahibi inkişaf etmiş intuisiyaya və yüksək erudisiyaya malik olmalıdır. Belə ki, çox fərqli insanlar və fərqli təşkilatlarla işləmək lazım gəlir. İnsanların tələbatlarından baş açmaq zəruridir. Peşəkar dillə desək, PR meneceri - müxtəlif səviyyələrdə birliklər və fərdlər arasında səmərəli informasiya və emosional qarşılıqlı əlaqəni təmin edən üsulların, metodların, prosedurların və texnologiyaların məcmusu kimi nəzərdən keçirilən kommunikasiya menecmenti sahəsində mütəxəssisdir. Artıq hamı tərəfindən qəbul edilmişdir ki, bir peşə kimi PR qadına çox yaraşır, təsadüfi deyil ki, PR sahəsində rəhbər qadınların sayı kişilərin sayından heç də az deyil. PR-da qadınlara xas peşəkar keyfiyyətlər - etibar qazanmaq, ümumi dil tapmaq, ünsiyyət bacarığı və intuisiya qəbul edilmişdir. Qadınlar müştəri ilə daha çox emosional pozitiv münasibətlər qura və KİV-lə əlaqələr yarada bilir. Bu zaman qadın yüksək iş qabiliyyəti, fəallıq, mobillik, kreativ düşüncə, mütəşəkkillik nümayiş etdirməli, vəziyyətin dəyişməsinə sürətlə reaksiya vermək, qərarlar qəbul etmək bacarığına malik olmalıdır.
- Nəhəng holdinqdə rəhbərlik etdiyiniz PR şöbəsinin spesifikliyi nədən ibarətdir?
- Sənaye bazarının iştirakçısı böyük olduqca, onun nüfuzunun qorunmasına daha çox diqqət yetirmək lazım gəlir. Nəhəng holdinqin PR-nın başlıca məqsədi bundan ibarətdir - mümkün sarsıntılara davam gətirmək qabiliyyətində olan böyük möhkəmlik ehtiyatı ilə sabit imic yaradılması. Və bu məqsədə çatmaq üçün vacib şərt səmərəli PR xidmətin təşkilidir. Korporativ PR xidmət rəhbərinin əsas vəzifəsi şirkətin aparatında strukturunun yerinin müəyyən edilməsi xarici mühitlə əlaqədə olan və imicin formalaşmasına təsir edən informasiya mənbələrinə və kommunikasiya kanallarına nəzarətdir. Şirkət diversifikasiyalıdırsa, biznesin çoxlu istiqamətlərinə malikdirsə və mürəkkəb təşkilatdırsa, bu vəzifə də mürəkkəbləşir. Bu zaman PR-da peşə etikası normalarına riayət etmək vacibdir. Peşə etikası anlayışına PR menecerinin peşə davranışını tənzimləyən normalar, qaydalar və prinsiplər sistemi daxildir. Bu növ qayda və prinsiplər məcəllə formasında PR peşəkarlar assosiasiyaları tərəfindən işlənib hazırlanmış və təsdiq edilmişdir. Bu, PR menecerlərinin və xidmətlərinin cəmiyyət tərəfindən nəzarət edilən fəaliyyətini müəəyən çərçivəyə salmaq, idarə olunan etmək məqsədilə həyata keçirilmişdir. Bu və ya digər peşəkar PR birliyinin hər bir üzvü öz üzərinə məcəllədə olan qayda və davranış normalarına riayət edilməsi üzrə müəyyən öhdəliklər götürür.
- Sizin PR fəaliyyətinizdə hər hansı fərqli üsullarınız varmı? Şirkəti irəliyə aparmaq üçün hansı PR alətlərindən istifadə edirsiniz?
- PR - idarəetmənin funksiyası olub, təşkilatla cəmiyyət arasında ünsiyyət, qarşılıqlı anlaşma və əməkdaşlıq qurulmasına və saxlanmasına, müxtəlif problem və vəzifələrin həllinə kömək edir. PR texnologiyalara sahib olmaq biznes sahəsində məşğul olan mütəxəssisin mühüm peşə keyfiyyətinə çevrilir, belə ki, PR - firma ilə cəmiyyət, həmçinin, həm daxili, həm də onun hüdudlarından kənarda işgüzar əlaqə yaradanlar arasında qarşılıqlı münasibətlərin yaxşılaşdırılması üzrə fəaliyyəti nəzərdə tutan kommunikasiyaların məcmusudur. Aydındır ki, bir təşkilatda PR-menecerlərin və onların şöbəsinin əməkdaşlarının gördükləri işlər başqa təşkilatda həmin istiqamətdə aparılan işlərdən əhəmiyyətli dərəcədə fərqlənə bilər.
- Hal hazırda hansı layihə üzərində çalışırsız? Son vaxtlar hansı maraqlı layihələrin həyata keçirilməsinə nail olmusuz?
- Bizim gələcək layihələr haqqında vaxtından əvvəl danışmaq lazım deyil, onlar həyata keçirildikcə KİV vasitəsi ilə geniş ictimaiyyətə çatdırılır. Yalnız həyata keçirilmiş layihələr ilə bölüşə bilərəm.
Belə ki, keçən ay bir neçə müxtəlif planlı layihələr müvəffəqiyyətlə həyata keçirilmişdir. 2012-ci il iyulun 8-də Excelsior Hotel Baku otelinin, Azərbaycanın intellektual klubları Assosiasiyası, Azərbaycan Dövlət İqtisad Universitetinin dəstəyi və "İqtisadçı" İntellektual klubunun təşkilati iştirakı ilə "5-ci Müstəqillik Kuboku" prizi uğrunda "Nə? Harada? Nə vaxt?" oyununun turniri keçirilmişdir. Turnirdə 30-dan yuxarı müxtəlif intellektual klubların və ali təhsil məktəblərinin komandaları iştirak etmişdilər. Qaliblər Kubok və qiymətli mükafatlarla təltif edilmişdilər. Bu layihənin məqsədi intellektual oyunların dövlət dilində keçirilməsinin təbliğ edilməsi, intellektual oyunların kütləvi inkişafının təmin olunmasıdır. Turnirin əsas vəzifələri Azərbaycanın zəngin milli mədəniyyətinin təbliği, gənclərin yaradıcılıq, intellektual qabiliyyətlərinin həyata keçirilməsi üçün şərait yaradılması, qarşıda duran problemlərin həllində qeyri-standart yanaşmanın stimullaşdırılması, tərbiyə və eləcə də qarşıda qoyulan problemlərin praktiki həlli təcrübəsinin stimullaşdırılmasıdır.
2012-ci il iyulun 13-də "AtaBank" ASC-nin plastik kartlarının əhali tərəfindən istifadəsinin yüksəldilməsi məqsədilə jurnalistlər arasında ən yaxşı məqalə dərci yaxud süjet elan etdiyi müsabiqənin nəticələrinə yekun vurulmuşdur. Müsabiqənin nəticələrinin elan edilməsi və qaliblərin mükafatlandırılması mərasimi "AtaBank" ASC-nin baş ofisində keçirilmişdir və Milli mətbuat gününə həsr edilmişdi.
"AtaSığorta" ASC-nin 21 iyul 2012-ci il tarixdə Excelsior Hotel Baku otelində biznes mövzuları işıqlandıran 24 jurnalist arasında keçirilən breyn-rinq də həmin əlamətdar günə həsr olunmuşdu.
Mən "AtaHoldinq" ASC-nin nümayəndələrinin 2012-ci il iyulun 11-də SOS Uşaq Kəndləri Assosiasiyasının gəncləri ilə keçirdikləri görüş üzərində daha ətraflı dayanmaq istərdim.
"Uğura gedən yolda motivasiya və məqsədin rolu" mövzusunda keçirilən tədbirdə SOS Uşaq Kəndləri Assosiasiyasından 70 oğlan və qız iştirak etmişdi. Onları karyeranı seçərkən mövcud motivasiyalar, uşaq yaşından qabiliyyətlərin müəyyən edilməsi, təhsilin zəruri olması, müxtəlif müasir ixtisaslar və peşələr ilə tanış etmişlər. Məlumdur ki "AtaHoldinq" ASC gənclərin inkişafına istiqamətlənən aksiyaları və sosial layihələri daim və hər cür dəstəkləyir.
Qayğı və yardıma ehtiyacı olan uşaqların və yeniyetmələrin inkişafı həmişə bizim diqqət mərkəzimizdədir. Həmin tədbirin məqsədi uşaqların motivasiyasının inkişafına, həyat tərzinə, təhsilinə, karyera və onların peşələrə yiyələnməsinə kömək etmək, təhsil almağın və peşəyə yiyələnməyin faydası haqqında ətraflı bilik vermək, bu faktorların şəxsiyyətin formalaşmasında əsasını təşkil edən rolunu, bu sahədə yeniyetmələrin suallarına cavab və onların gələcək fəaliyyətinə məsləhətlər vermək idi. Bizim bütün layihələrimizin əsas məqsədi Azərbaycan cəmiyyətinin rifahının yüksəlməsinə nail olmaqdır.
- Siz yeni işə başlayan gənc PR-menecer qıza yüksək peşə təcrübənizdən nə məsləhət verə bilərsiz?
- Məlumdur ki, hər bir əmtəənin öz qiyməti var. Burada əmək bazarında çalışan işçi də istisna olunmur. Aylıq əmək haqqı ancaq əməyə verilən haqq deyil, bu həmçinin peşəkarlığa verilən müəyyən qiymətdir.
Obrazlı desək, məsələ adi əmək haqqı alan əməkdaşın uğurlu və dəyərli mütəxəssisə çevrilməsindən ibarətdir. Məsələn, öz "dəyərini" bir-birinə yaxın peşələrə yiyələnmək hesabına artırmaq olar. Əgər reklam üzrə menecer fəaliyyətinə əlavə olaraq Siz press-relizlər yazmaq və mətbuat konfransları təşkil edə biləcəksinizsə, yəni PR-menecer funksiyasına yiyələnirsizsə, sizin "dəyəriniz" əhəmiyyətli dərəcədə artacaq. Eləcə də, iş təcrübəsi rol oynayır və bu təcrübənin məhz harada alınması da böyük rol oynayır. İri şirkətdə işləmək haqqında məlumatda yazılan sətir çox dəyərlidir, xüsusən də bu, beynəlxalq şirkətdirsə və siz orada ciddi nəticələr əldə edirsizsə. Öz karyeranızı bu faktoru nəzərə alaraq qurun, iri şirkətə işə daxil olmağa çalışın. Hətta əgər öhdəliklərinizin dairəsi sizə həddindən artıq dar görünsə və az əmək haqqı versələr belə, gələcəkdə bu mövqe xeyli dividendlər gətirəcək, indi isə sizin dəyərli təcrübə əldə etməyiniz daha vacibdir. Yaddan çıxarmaq lazım deyil ki, ali təhsil haqqında diplom başlanğıc nöqtəsidir. Müasir dünyanın reallığı belədir ki, treninqlər, seminarlar, kurslar hesabına təkmilləşmək lazımdır. İxtisasını artırmış mütəxəssis daha çox dəyərləndirilir.
- Xanım Zamanova, siz nə ilə maraqlanırsız? Sizi işi tamamilə yadınızdan çıxarmağa məcbur edə biləcək məşğuliyyət varmı?
- Təəssüf ki, boş vaxtım istədiyim qədər deyil. Əlbəttə, hər bir insanda olduğu kimi, mənim də maraqlarım var, bu, teatr və kinodur. Aktiv istirahətə daha çox üstünlük verirəm, müntəzəm olaraq idmanla məşğul oluram, hovuza gedirəm.
Bununla belə, şəxsi vaxtımın bir hissəsini yaxşı peşəkar formasının saxlanılması üçün lazım olan biliyimin artırılmasına sərf edirəm. Bu səbəbdən iş haqqında tamamilə unutmaq mümkün deyil, xüsusən də iş maraqlıdırsa və ondan zövq ala biliriksə, bu heç lazım da deyil.