Azərbaycan, Bakı, 20 noyabr /Trend, müxbir İ.İsabalayeva/
Azərbaycan Turizm İnstitutu (ATİ) ilə Türkiyənin Muğla Sıtkı Koçman Universiteti arasında əməkdaşlıq protokolu imzalanıb.
İnstitutdan çərşənbə axşamı Trend-ə verilən məlumata görə, Türkiyənin Muğla Sıtkı Koçman Universitetinin rektoru professor Mansur Harmandarın rəhbərlik etdiyi nümayəndə heyəti ATİ-nin qonağı olub.
ATİ-nin rektoru Cəfər Cəfərov Muğla Sıtkı Koçman Universiteti ilə təhsil, tələbə-müəllim mübadiləsi, müştərək tədqiqatların aparılmasının faydalılığına inandığını qonaqların nəzərinə çatdırıb.
Mansur Harmandar rəhbərlik etdiyi təhsil ocağında 13 fakültə, 4 institut, 12 peşə məktəbi, 16 araşdırma və tədqiqat mərkəzinin fəaliyyət göstərdiyini, 33 306 tələbənin təhsil aldığını, yarandığı gündən indiyədək 41 204 nəfərin universitetin məzun diplomunu aldığını bildirib.