Azərbaycan, Bakı, 13 dekabr /Trend, müxbir T.Cəfərov/
İranda QİÇS-ə yoluxmuş (24 735 nəfər) şəxslərin 46,1 faizi 25-36 yaşlı gənclərdir. Trend-in ISNA agentliyinə istinadən verdiyi məlumata görə, bunu İran Səhiyyə Nazirliyinin QİÇS ilə mübarizə idarəsinin rəisi Abbas Sədaqət deyib.
Sədaqət ölkədə narkotik maddələri iynə vasitəsilə qəbul etməklə QİÇS-ə yoluxma hallarının azaldığını deyib və bildirib ki, cinsi əlaqə ilə QİÇS-ə yoluxma halları isə artıb.
Onun sözlərinə görə, 1986-cı ildən 2011-ci ilədək cinsi yolla QİÇS-ə yoluxmanın səviyyəsi 10 faiz təşkil edirdisə, indi (2011-2012-ci illərdə) bu göstərici 21 faizə qədər artıb.
İranın AİDS ilə Mübarizə Komitəsi ölkədə cinsi əlaqə ilə QİÇS-ə yoluxma hallarının artması barədə xəbərdarlıq edib. Komitənin məlumatına görə, araşdırmalar göstərir ki, ölkədə 93 min nəfər QİÇS virusunun daşıyıcısıdır, lakin bu virusa yoluxanların yalnız 25 minə yaxını qeydiyyata alınıb.
Sədaqət deyib ki, QİÇS ilə mübarizə gücləndirilməzsə və maarifləndirmə işləri aparılmazsa, ölkədə bu virusa yoluxanların sayı 2015-ci ilədək 126 300 nəfərə qədər artacaq.
QİÇS nadir xəstəliklərdəndir ki, İranda bir sıra mental və dini səbəblərə görə gizli saxlanılıb, eləcə də insanlar bu xəstəliyin necə yayılması haqqında məlumatsız olduqlarından, bu ölkədə QİÇS-ə yoluxanların sayı kəskin artıb.