...

Azərbaycanda sosial ipoteka haqqında qanunun qəbul edilməsi vaxtı yenə uzandı

Cəmiyyət Materials 25 Yanvar 2013 15:48 (UTC +04:00)
Milli Məclisin Sosial siyasət komitəsi 2013-cü ilin yaz sessiyasının qanunvericilik planına 2 qanun layihəsini təqdim etməyi nəzərdə tutur.
Azərbaycanda sosial ipoteka haqqında qanunun qəbul edilməsi vaxtı yenə uzandı

Azərbaycan, Bakı, 25 yanvar /Trend, müxbir M.Əliyev/

Milli Məclisin Sosial siyasət komitəsi 2013-cü ilin yaz sessiyasının qanunvericilik planına 2 qanun layihəsini təqdim etməyi nəzərdə tutur. Trend-in məlumatına görə, bu barədə Milli Məclisin Sosial siyasət komitəsinin iclasında komitə sədri Hadı Rəcəbli bildirib.

O qeyd edib ki, bunlar Azərbaycan Prezidentinin imzası ilə Parlamentə göndərilimiş "Uşaqların icbari dispanserizasiyası haqqında" qanun layihəsi və hazırda komitə tərəfindən üzərində işlənilən "Uşaqların istirahətinin və asudə vaxtının səmərəli təşkil edilməsi haqqında" qanunvericilik aktıdır.

Rəcəbli deyib ki, bu qanun layihəsi ilə bir növ SSRİ dövründə mövcud olan pioner düşərgələrinin müasir dövrə uyğunlaşdırılmış formada bərpası nəzərdə tutulur.

"Bununla yanaşı, komitədə bir sıra qanun layihələri üzərində işlər aparılır. Onları çox güman, bu sessiya ərzində qanunvericilik işlər planına daxil etmək mümkün olmayacaq. Həmin sənədlər "Gənc ailələrin sosial müdafiəsi haqqında", "Sosial sifariş haqqında", "Sosial ipoteka haqqında" və "Reproduktiv sağlamlığın təmin edilməsi haqqında" qanun layihələridir", - komitə sədri deyib.

O bildirib ki, həmçinin komitə 3 qanunvericilik aktına dəyişikliklər məsələsini qanunvericilik işləri planına təqdim etməyi nəzərdə tutur. Bunlar "Valideyn himayəsindən məhrum olunmuş uşaqların sosial müdafiəsi haqqında" qanuna dəyişikliklərdir ki, burada da həmin kateqoriyadan olan uşaqların pulsuz təhsil alması məsələsi əks olunur.

"Digər sənəd Ailə Məcəlləsinə dəyişikliklə bağlıdır. Burada da nikaha girən cütlüklərdən tibbi arayışın tələb edilməsi məsələləsidir. Üçüncü sənəd isə "Əhalinin sağlamlığının qorunması haqqında" qanuna dəyişikliklə bağlıdır, burada ərzağın digər maddələr hesabına zənginləşdirilməsi məsələsi öz əksini tapır", - Rəcəbli deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti