...

Azərbaycanda ən çox tələbə köçürməsi edən ali məktəblərin adları açıqlanıb

Cəmiyyət Materials 4 Fevral 2013 16:13 (UTC +04:00)
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən "Tələbə-məzun" Dövlət Elektron Məlumat Sisteminin istifadəyə verildiyi 28 mart 2012-ci il tarixindən bu il yanvarın 14-dək Azərbaycanda xarici təhsil müəssisələrindən ən çox tələbə köçürmüş ali məktəb Azərbaycan Dövlət İqtisad Universiteti olub.
Azərbaycanda ən çox tələbə köçürməsi edən ali məktəblərin adları açıqlanıb

Azərbaycan, Bakı, 4 fevral /Trend, müxbir İ.İsabalayeva/

Ötən il martın 28-dən Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən istifadəyə verilmiş "Tələbə-məzun" Dövlət Elektron Məlumat Sisteminə bu il yanvarın 14-dək daxil olmuş məlumatlara əsasən, son 20 ildə Azərbaycanda xarici təhsil müəssisələrindən ən çox tələbə köçürmüş ali məktəb Azərbaycan Dövlət İqtisad Universiteti olub.

Trend-in həmin sistemin statistik məlumatlarına istinadən verdiyi məlumata görə, bu müddətdə Azərbaycan Dövlət İqtisad Universiteti 607 tələbəni xarici təhsil müəssisələrindən bu məktəbə köçürüb. Bu siyahıda ikinci yerdə Azərbaycan Kooperasiya Universiteti dayanır. Həmin məktəbə qeyd edilən müddətdə 263 tələbə köçürülüb.

Naxçıvan Dövlət Universiteti 123, Azərbaycan Texniki Universiteti 30, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası 19, Gəncə Dövlət Universiteti 17, Azərbaycan Dövlət Aqrar Universiteti 15, Bakı Slavyan Universiteti 13, Azərbaycan Tibb Universiteti 12, Azərbaycan Dillər Universiteti 6, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası 3, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti 2, Bakı Dövlət Universiteti 1 və Azərbaycan Milli Konservatoriyası 1 tələbəni xarici təhsil müəssisələrindən köçürmə yolu ilə qəbul edib.

Özəl ali məktəblər arasında ən çox tələbə köçürən "Odlar Yurdu" Universitetidir. Bu məktəb 116 tələbəni, Bakı Biznes Universiteti 99, Bakı Asiya Universiteti 73, Azərbaycan İctimai Siyasi Universiteti 60, Bakı Qızlar Universiteti 13 tələbəni xarici ölkələrin təhsil müəssisələrindən qəbul edib. Qərb Universitetində 7 tələbə xarici təhsil müəssisəsindən köçürülüb. Ümumilikdə son 20 ildə Azərbaycan ali məktəblərinə xarici təhsil müəssisələrindən 2052 nəfər qəbul edilib.

qeyd edilən müddətdə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Azərbaycan Dövlət Neft Akademiyası, Sumqayıt Dövlət Universiteti, Bakı Musiqi Akademiyası, Azərbaycan Müəllimlər İnstitutu, Azərbaycan Turizm İnstitutu və Azərbaycan Diplomatik Akademiyasına xarici təhsil müəssisələrindən tələbə köçürülməyib.

Özəl ali məktəblərdən Xəzər Universitetində tələbə köçürməsi və təhsil müəssisəsinin özü tərəfindən qəbul aparılmayıb.

Statistik məlumatlardan görünür ki, dövlət ali məktəblərində bu hala rast gəlinməsə də, özəl ali məktəblərdə təhsil müəssisəsinin özü tərəfindən tələbə qəbullarının aparılması hallarına rast gəlinib. Təhsil müəssisəsinin özü tərəfindən ən çox tələbə qəbul edilmiş məktəb Bakı Asiya Universitetidir. Bu məktəb qeyd edilən müddətdə 165 tələbəni özü qəbul edib. Bakı Biznes Universitetində 13 tələbə təhsil müəssisəsinin özü tərəfindən qəbul edilib. Bəzi özəl ali məktəblərdə təhsil müəssisəsinin özü tərəfindən qəbulla bağlı bir neçə hal qeydə alınıb. Qərb Unuversitetində 6, Azərbaycan Universitetində 4, "Təfəkkür" Universitetində 2, Qafqaz Universitetində 2 belə hala rast gəlinib.

Son 20 ildə Azərbaycanın bir təhsil müəssisəsindən digər təhsil müəssisəsinə edilən köçürmələrin sayı isə 1375 olub.

Azərbaycanda ölkədaxili tələbə köçürmələrinin cox hissəsi özəl ali məktəblərin payına düşür. Qeyd edilən müddətdə Bakı Asiya Universitetində 294, Elm və Təhsil Mərkəzi "Təfəkkür" Universiteti 282, Bakı Avrasiya Universiteti 192, Bakı Biznes Universiteti 150, Azərbaycan İctimai Siyasi Universiteti 60, Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası 54, Bakı Qızlar Universiterti 37 ölkədaxili tələbə köçürməsi edib.

Azərbaycan Dövlət İqtisad Universitetində 73, Azərbaycan Müəllimlər İnstitutunda 69, Naxçıvan Dövlət Universitetində 47, Bakı Slavyan Universitetində 43, Azərbaycan Texniki Universitetində 16, Bakı Dövlət Universitetində 5 tələbə ilə bağlı ölkədaxili köçürmə əməliyyatı həyata keçirilib.

Azərbaycan Dövlət Neft Akademiyası və, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında xarici təhsil müəssisələrindən köçürmələr olmadığı kimi, ölkədaxili köçürmələr də olmayıb.

Qeyd edək ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının ölkə Prezidentinin fərmanı ilə yaradılan "Tələbə-Məzun" Dövlət Elektron Məlumat Sisteminə 1992-2012-ci illərdə TQDK tərəfindən keçirilən qəbul imtahanları nəticəsində tələbə statusu qazanmış 738 007 şəxs haqqında məlumat daxil edilib. Hazırda isə bazada 741 806 şəxs haqqında məlumat var. Bazaya məlumatlar təhsil müəssisələrinin özləri tərəfindən daxil edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti