...

Azərbaycanda magistraturaya qəbul olmuş bakalavrlara hərbi xidmətdən möhlət hüququ verilə bilər

Cəmiyyət Materials 6 Fevral 2013 11:43 (UTC +04:00)
Azərbaycanda bəzi qurumların müraciəti əsasında magistraturaya qəbul olmuş bakalavrlara hərbi xidmətdən möhlət hüququnun verilməsi məsələsinə yenidən baxılacağı gözlənilir.
Azərbaycanda magistraturaya qəbul olmuş bakalavrlara hərbi xidmətdən möhlət hüququ verilə bilər

Azərbaycan, Bakı, 6 fevral /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanda bəzi qurumların müraciəti əsasında magistraturaya qəbul olmuş bakalavrlara hərbi xidmətdən möhlət hüququnun verilməsi məsələsinə yenidən baxılacağı gözlənilir. Trend-in məlumatına görə, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) Ali təhsil üzrə yoxlama-ölçmə materiallarının işlənməsi şöbəsinin müdiri Natiq Əliyev çərşənbə günü keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, ancaq bu məsələ ilə bağlı hansı qərarın veriləcəyini onlar deyə bilməzlər.

"Təbii ki, bu məsələ bizim səlahiyyətimizdə deyil. Biz hər il növbəti çağırışa qədər, yəni iyulun 1-ə qədər magistraturaya qəbul imtahanlarını yekunlaşdırırıq ki, bu ilin məzunları imtahanda iştirak edib magistraturaya qəbul olunduqdan sonra hərbi xidmətə getsinlər", - Əliyev deyib.

O bildirib ki, bu məsələ ilə bağlı TQDK tərəfindən müvafiq orqanlara hər hansı təklif verilməyib.

Əliyevin sözlərinə görə, elmi yaradıcılıqlarını davam etdirmək istəyən bakalavrlar magistraturada təhsil almağı üstün tuturlar. O, magistraturada daha çox qızların təhsil almasını da oğlanların hərbi xidmətə çağırılması ilə əlaqələndirib.

"Görünür ki, oğlanların ali təhsil almalarında hərbi xidmətlə əlaqədar fasilənin yaranması onların yenidən elm sahəsinə qayıtmasına çətinlik yaradır. Oğlanların arada bir il hərbi xidmətdə olması onların magistraturada təhsllərini davam etdirməsinə müəyyən qədər mənfi təsir göstərir", - TQDK rəsmisi deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti