...

Piratçılığa qarşı mübarizədə cəzaların sərtləşdirilməsi təklif edilib

Cəmiyyət Materials 12 Fevral 2013 11:09 (UTC +04:00)
Bu gün Bakıda “Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə" haqqında Qanunun icrasında hüquq-mühafizə orqanlarının rolu” mövzusunda beynəlxalq seminar keçirilib.
Piratçılığa qarşı mübarizədə cəzaların sərtləşdirilməsi təklif edilib

Azərbaycan, Bakı, 12 fevral /Trend, müxbir E.Mehdiyev/

Bu gün Bakıda "Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə" haqqında Qanunun icrasında hüquq-mühafizə orqanlarının rolu" mövzusunda beynəlxalq seminar keçirilib. Trend-in məlumatına görə, Avropa İttifaqının "Tvinninq" layihəsi çərçivəsində Azərbaycan Müəllif Hüquqları Agentliyi tərəfindən təşkil olunan seminarda Azərbaycanın bir sıra dövlət qurumlarının nümayəndələri, beynəlxalq ekspertlər və digər qonaqlar iştirak edib.

Tədbiri giriş sözü ilə açan Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanov "Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə" haqqında Qanunun əhəmiyyətindən danışıb. İmanov bildirib ki, Azərbaycanda əqli mülkiyyət sahəsində bir sıra qanunlar olsa da, bu qanunun əqli mülkiyyət hüquqlarının qorunmasında və piratçılığa qarşı mübarizədə xüsusi rolu var.

İmanov xatırladıb ki, piratçılığa qarşı mübarizənin gücləndirilməsi məqsədilə ötən il İnzibati Xətalar Məcəlləsinə müəyyən dəyişikliklər edilib.

O bildirib ki, dəyişiklərə əsasən, nəzarət markası yapışdırılmayan müəlliflik hüququ və əlaqəli hüquqlar obyektlərinin nüsxələrinin kommersiya məqsədi ilə satışı və ya yayılma məqsədi ilə saxlanılması, istehsal binasının hüdudlarından kənara çıxarılması, satılması və yayılması qadağandır.

İmanovun sözlərinə görə, nəzarət markası yapışdırılmayan belə nüsxələr aşkar edildikdə, fiziki şəxslərə 50, vəzifəli şəxslərə 100, hüquqi şəxslərə isə 150 manat cərimə tətbiq ediləcək.

Agentlik sədri vurğulayıb ki, nəzarət markalarının qəsədən məhv edilməsi, saxtalaşdırılması, qeyri-qanuni yolla hazırlanması, istifadəsi və satışına görə İnzibati Xətalar və Cinayət məcəllələrinə yeni dəyişiklər ediləcək.

"Bununla əlaqədar Müəllif Hüquqları Agentliyinin Ədliyyə Nazirliyi ilə razılaşdırılmış təkliflərinə hazırda aidiyyatı dövlət orqanlarında baxılır. Təkliflər qəbul ediləcəyi halda inzibati hüquqpozmalara görə fiziki şəxslər 1000, vəzifəli şəxslər 2000, hüquqi şəxslər isə 3000 manat məbləğində cərimə olunacaqlar", - İmanov deyib.

O bildirib ki, törədilən əməldə cinayət tərkibi olduqda, hüquq pozuntusuna yol verən şəxsin 3000 manat cərimə və ya 160 saatdan 240 saatadək ictimai işlərlə cəzalandırılması, eyni əməllər təkrar törədildikdə, qabaqcadan əlbir olub bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə, yaxud külli miqdarda zərərə vurulduqda 7000 manat miqdarında cərimə və 2 ildən 4 ilə qədər müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

Daha sonra tədbirdə müəlliflik hüququ və əlaqəli hüquq obyektlərinin nüsxələrinə yapışdırılan nəzarət markalarının tətbiqi, onların orijinallığının müəyyən edilməsi, nəzarət markaları yapışdırılmayan nüsxələrin satış yolu ilə yayılmasının qarşısının alınması məsələləri haqqında müzakirələr aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti