...

Azərbaycana gələn əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin qeydiyyatı sadələşdirildi

Cəmiyyət Materials 5 Mart 2013 16:36 (UTC +04:00)

Azərbaycan, Bakı, 5 mart /Trend, müxbir M.Əliyev/

Azərbaycana gələn əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin qeydiyyatı sadələşdirilib.

Trend-in məlumatına görə, Milli Məclisin çərşənbə axşamı keçirilən plenar iclasında "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" qanuna, Əsasnaməyə, eyni zamanda, "Azərbaycanda daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin və Azərbaycan Respublikasında 30 gundən artıq yaşamaq istəyən əcnəbilərin xüsusi sənədləri haqqında Əsasnamə"yə dəyişikliklər müzakirə olunub.

Əgər indiyədək əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin qeydiyyatı gələn şəxsin üzərinə düşürdüsə, dəyişikliyə əsasən, qeydiyyat məsələsi qəbul edən tərəfin üzərinə qoyulur.

Sənəd barəsində məlumat verən Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, bu artıq Miqrasiya Xidməti və digər aidiyyəti dövlət qurumları arasında həyata keçirilir və bununla da əcnəbi və vətəndaşlığı olmayanların qeydiyyatı asanlaşdırılır. Azərbaycan Respublikasına gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər olduğu yer üzrə qeydiyyata alınmalıdırlar.

Dəyişikliyə əsasən, Azərbaycan Respublikasında müvəqqəti olan əcnəbi və ya vətəndaşlığı olmayan şəxs mehmanxanaya, sanatoriyaya, istirahət evinə, pansionata, kempinqə, turist bazasına, xəstəxanaya, digər belə ictimai yerə, mənzilə, başqa yaşayış sahəsinə gəldikdə həmin yerin müdiriyyəti və ya yaşayış sahəsinin sahibi 3 iş günü ərzində əcnəbinin olduğu yer üzrə qeydiyyata alınması haqqında ərizə-anketi və həmin şəxsin pasportunun surətini poçt, elektron poçt vasitəsilə və ya şəxsən müvafiq icra hakimiyyəti orqanına təqdim etməlidir.

Ərizə daxil olduqdan sonra müvafiq icra hakimiyyəti orqanı dərhal əcnəbini olduğu yer üzrə qeydiyyata alır və bu barədə 48 saat ərzində qəbul edən tərəfə məlumat verir.

Əcnəbilər aşağıdakı müddətlərə qeydiyyata alınırlar:

- viza əsasında gələnlər - vizada göstərilən qalma müddətinə;
- viza tələb olunmayan qaydada gələnlər - 90 gün müddətinə.

Əcnəbilərin olduğu yer üzrə qeydiyyata alınması üçün dövlət rüsumu ödənilmir.

Əcnəbilər olduğu yerdən getdikdə, qəbul edən tərəf bu barədə müvafiq icra hakimiyyəti orqanına məlumat verir və bu məlumat əsasında onlar olduğu yer üzrə qeydiyyatdan çıxarılır. Qeydiyyat müddəti başa çatdıqda əcnəbilər qeydiyyatdan çıxarılmış hesab edilir.

Əcnəbi olduğu yeri dəyişdikdə, o, bu maddədə nəzərdə tutulmuş qaydada yeni olduğu yer üzrə qeydiyyata alınmalıdır.

Müzakirələr zamanı deputat Yevda Abramov bildirib ki, qanun təkcə məmurlara deyil, vətəndaşlara da şamil olunmalıdır. O qeyd edib ki, Azərbaycana gələn vətəndaşlara bir sıra hallarda bürokratik əngəllər törədilir.

Qanun 2013-cü il aprelin 1-dən qüvvəyə minir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti