...

İstirahətə mane olan qonşunun səsini necə kəsmək olar?

Cəmiyyət Materials 18 Mart 2013 15:27 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 mart /Trend, müxbir İ.İsabalayeva/

İş saatlarının gətirdiyi yorğunluqdan sonra sakit şəraitdə dincəlmək, gecə evdə rahat yata bilmək çoxlarımızın arzusudur. Ancaq təəssüf ki, çox zaman bu bizə qismət olmur. Avtobusda, avtomobildə, istirahət mərkəzlərində yüksəkmsəslə qoyulmuş musiqiləri dinləmək məcburiyyətində qaldıqdan sonra evə çatarkən bunun "davamı"nı müşahidə edirik. Yaxınlıqda yaşayan qonşulardan kimsə öz evində, yaxud həyətindəki maşınında çox uca səslə mahnı qoyaraq onun səsinə bizləri də qulaq asmağa məcbur edir. Yaxud kimsə evində hündürdən səs-küy salmaqla sanki bizi də öz evindəki hadisələrin iştirakçısına çevirir.

Əksəriyyətimiz belə hallarda demək olar ki, heç bir addım atmır, bu günün də ötüb keçməsini səbirlə gözləyirik. Ancaq qanunvericilik belə hallarla rastlaşan insanların hüquqlarını tam şəkildə qoruyur. Belə ki, əgər gecə saatlarında qonşularınız səs-küy salıb sizi narahat edirsə, polisə müraciət edə bilərsiniz.

Bakı Hüquq Mərkəzinin (BHM) hüquq məsləhətçisi Dünyamin Novruzov bildirib ki, qanun həmin şəxslərin inzibati məsuliyyətə cəlb edilməsini müəyyən edir.

Novruzov deyib ki, Mənzil Məcəlləsinin tələbinə görə, yaşayış sahəsindən istifadə həmin yaşayış sahəsində yaşayan şəxslərin, qonşuların hüquqlarına və qanuni mənafelərinə riayət edilməklə həyata keçirilməlidir. Əks halda, bu hərəkətlər inzibati məsuliyyət yaradır.

Belə ki, İnzibati Xətalar Məcəlləsinin tələbinə görə, mənzillərdə, yaşayış evlərinin girişlərində və həyətlərində, küçələrdə, istirahət yerlərində və digər ictimai yerlərdə gecə saat 00:00-dan səhər saat 07:00-dək səs-küy salmağa, ucadan mahnı oxumağa, musiqi alətlərini ucadan çalmağa, televizorları, radioqəbulediciləri, maqnitofonları və digər aparatları gur səslə oxutmağa, məişət səs-küyünə qarşı mübarizə tələblərini başqa üsulla pozmağa görə həmin şəxslərə xəbərdarlıq edilir. Yaxud da onlar on manatdan on beş manatadək cərimə edilir.

Göründüyü kimi, həmin şəxslərin hərəkətləri inzibati xəta sayılır. Belə bir narahatlıqla qarşılaşan şəxs hüquq-mühafizə orqanlarına, o cümlədən sahə müvəkkilinə şikayət ərizəsi ilə müraciət edə bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti