Azərbaycan, Bakı, 20 mart /Trend/
"TRT Haber" kanalının ən çox seyr edilən proqramlarından olan "Ufuk Çizgisi" bu axşam Bakıdan canlı yayımlanacaq.
TRT-nin Bakı təmsilçiliyindən Trend-ə verilən məlumata görə, proqramın aparıcısı və rejissoru Haluk Koçla "Qarabağ Özəl" bölümü "TRT Haber" və "TRT Avaz" kanallarında yayımlanacaq.
TRT-nin Bakı təmsilçisi Yüksel Değercanın verdiyi məlumata əsasən, bu gün Bakı vaxtı ilə saat 23:05-də yayımlanacaq proqramda Novruz bayramı, ölkənin bir nömrəli problemi olan Dağlıq Qarabağ münaqişəsi, cəbhə xəttində gərginlik, problemin həllində ATƏT-in və Rusiyanın rolu, eləcə də 31 mart soyqırımı işıqlandırılacaq.
Haluk Koçun rəhbərlik etdiyi çəkiliş qrupu 5 gün boyunca Azərbaycandan çəkilişlər aparıblar. İctimai Televiziyanın studiyalarından yayımlanacaq proqrama qonaqlar dəvət edilib, canlı yayım 100 dəqiqə davam edəcək.
"Ufuk Çizgisi" proqramının 27 mart 2013-cü ildə Bakı vaxtı ilə saat 23:05-də yayımlanacaq proqramı yenə Azərbaycan, onun iqtisadi və enerji siyasətinə, eləcə də "Trans-Anadolu" layihəsinə həsr olunacaq.
Qeyd edək ki, Haluk Koçun 27 fevral 2013-cü ildə hazırladığı "Xocalı qətliamı" bütün detalları ilə tamaşaçılara təqdim edilmişdi.