...

Bakıda "yol kabusu": ölüm halları iki dəfəyə yaxın artıb

Cəmiyyət Materials 1 Aprel 2013 12:23 (UTC +04:00)
Ötən ilin analoji dövrü ilə müqayisədə ötən 3 ay ərzində Bakıda törədilmiş yol-nəqliyyat hadisələrinin, eləcə də ölən və xəsarət alanların sayı artıb.
Bakıda "yol kabusu": ölüm halları iki dəfəyə yaxın artıb

Azərbaycan, Bakı, 1 aprel /Trend, müxbir İ.İzzət/

Ötən ilin analoji dövrü ilə müqayisədə ötən 3 ay ərzində Bakıda törədilmiş yol-nəqliyyat hadisələrinin, eləcə də ölən və xəsarət alanların sayı artıb.

Bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov bildirib.

Onun sözlərinə görə, 2013-cü il yanvarın 1-dən mart ayının 30-dək 251 yol-nəqliyyat hadisəsi baş verib. Hadisələr nəticəsində 75 nəfər ölüb, 272 nəfər isə xəsarət alıb.

Hadisələrin törədilməsinə əsasən sürət həddinin aşılması (49%), piyadaların vurulması (51%), ötmə-manevretmə qaydalarının pozulması (27 %), yol ayrıclarını keçmə qaydalarının pozulması (18%) və digər qayda pozuntuları səbəb olub.

Yol-nəqliyyat hadisələri paytaxtın əsasən Heydər Əliyev, Nobel, Tbilisi, Babək prospektləri və digər ərazilərində qeydə alınıb.

Qeyd edək ki, 2012-ci ilin analoji dövründə 217 yol-nəqliyyat hadisəsi baş vermişdi. Həmin hadisələr zamanı 48 nəfər ölmuş, 234 nəfər xəsarət almışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti