Azərbaycan, Bakı, 1 may /Trend, müxbir İ.İzzət/
Bəzi kütləvi informasiya vasitələrində Milli Məclisin üzvü, deputat Etibar Hüseynovun köməkçisinin Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi tərəfindən həbs edilməsi barədə yayılan xəbərlər həqiqətəuyğun deyil. Bunu Trend-in sorğusuna cavab olaraq Baş Prokurorluğun mətbuat xidmətinn rəhbəri Eldar Sultanov bildirib.
Qeyd edək ki, bir sıra kütləvi informasiya vasitələrində yer alan məlumatlara görə, 15 saylı Yasamal birinci seçki dairəsindən olan deputat Etibar Hüseynovun İlqar adlı köməkçisi guya Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi tərəfindən həbs edilib.
Bildirilir ki, deputatın İlqar adlı köməkçisi bir neçə vətəndaşı aldadaraq, dələduzluq yolu ilə onlardan külli miqdarda pul alıb. Belə ki, köməkçi deputat Etibar Hüseynovun vasitəsilə vətəndaşların dövlət qurumlarına aid məsələlərini həll edəcəyinə dair vədlər verib, amma buna əməl etməyib.
Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu da Trend-ə bildirib ki, deputat Etibar Hüseynovun İlqar adda köməkçisi yoxdur.
"Millət vəkili Etibar Hüseynovun köməkçisi Heydər Nuruşovdur", - Təvəkküloğlu deyib.