...

Dünya Sahibkarlıq çempionatında Azərbaycanı Qafqaz Universiteti təmsil edəcək

Cəmiyyət Materials 4 İyun 2013 15:11 (UTC +04:00)

Azərbaycan, Bakı, 4 iyun /Trend, müxbir İ.İsabalayeva/

Meksikada sentyabrda keçiriləcək Dünya Sahibkarlıq çempionatında Azərbaycanı Qafqaz Universiteti təmsil edəcək.

Universitetdən Trend-ə verilən məlumata görə, Qafqaz Universiteti Sahibkarlığın İnkişafı və Tədqiqatları Mərkəzinin tələbə üzvləri həyata keçiridikləri biznes və sosial layihələrlə Azərbaycanın 13 ali məktəbi arasında Bakıda keçirilən Azərbaycan Sahibkarlıq yarışmasında iştirak ediblər. Qafqaz Universitetinin "Enactus" komandası Azərbaycan çempionu olub və sentyabrda Meksikada keçiriləcək Dünya Sahibkarlıq çempionatında Azərbaycanı təmsil etmək hüququ əldə edib.

Qafqaz Universitetinin Enactus komandası yarışda iki sosial və iki biznes layihə ilə çıxış edib."Yaşıl şəhərcikdən Yaşıl Bakıya" adlı layihənin məqsədi universitetlərdə kağız tullantıları azaltmaq və mərkəzləşdirilmiş təkrar kağız emalı sistemi formalaşdırmaqdır. Layihənin ikinci mərhələsində Qafqaz Universitetinin tələbələri yerli şirkətlərdən biri ilə razılaşaraq kağız torbaların istehsalına başlanılacaq və ətraf mühitə daha təhlükəli olan plastik paketlərə alternativ olaraq Bakı şəhərindəki supermarketlərdə kağız torbalar təklif olunacaq.

Sahibkarlığın İnkişafı və Tədqiqatları Mərkəzinin tələbə üzvləri tərəfindən idarə edilən "Əl-ələ" layihəsi universitetə yaxın ərazilərdə yaşayan aztəminatlı ailələrlə kiçik biznesə başlamağı qarşılarına məqsəd qoymuşdur. Azgəlirli ailələr üçün əlavə gəlir təmin etməkdən əlavə, bu layihənin digər məqsədi kiçik biznes üçün planlanmanın aparılması və kiçik bizneslə bağlı riskləri idarə etmək üçün bu ailələri maarifləndirməkdir.

Qafqaz Universiteti komandası tərəfindən təqdim olunan digər iki biznes layihənin məqsədi isə iki yerli şirkətə öz bazar payını artırmaq və nəticədə beynəlxalq bazarlara daxil olmaq üçün yardım etməkdir. Bu iki biznes layihəsində Qafqaz Universitetinin tələbələri bu şirkətlərin yeni məhsulları üçün marketinq və təchizat zənciri strategiyaları hazırlamış və elektron ticarətin qurulmasına kömək etmişdir. Müsabiqədə təqdim olunan biznes və sosial layihələr haqqında ətraflı məlumat Qafqaz Universitetinin Sahibkarlığın İnkişafı və Tədqiqat Mərkəzinin saytından (www.cedrqu.org) əldə oluna bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti