...

Şeyxülislam Allahşükür Paşazadə İranın yeni seçilmiş Prezidentini təbrik edib

Cəmiyyət Materials 20 İyun 2013 13:41 (UTC +04:00)
Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə İran İslam Respublikasının yeni seçilmiş Prezidenti Həsən Ruhaniyə təbrik məktubu göndərib.
Şeyxülislam Allahşükür Paşazadə İranın yeni seçilmiş Prezidentini təbrik edib

Azərbaycan, Bakı, 20 iyun / Trend, müxbir M.Əliyev/

Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə İran İslam Respublikasının yeni seçilmiş Prezidenti Həsən Ruhaniyə təbrik məktubu göndərib.

Trend-in məlumatına görə, bu barədə cümə axşamı QMİ-dən bildiriblər.

Məktubda deyilir: "Sizi İran İslam Respublikasının Prezidenti məqamına seçilməyiniz münasibətilə səmimi-qəlbdən təbrik edir, Zati-alilərinizə Uca Allahdan ən xoş arzularımı diləyirəm. Dost və qardaş İran xalqının böyük əksəriyyətinin etimadını qazanmağınız bizi də ürəkdən sevindirir. Belə ki, Sizi İran İslam İnqilabının rəhbəri İmam Xomeyninin yaxın silahdaşı və İran dövlətçiliyinin inkişafı üçün böyük işlər görmüş, maraq və mənafelərinin müdafiəsi işinə töhfələr vermiş görkəmli dövlət xadimi, dini dəyərlərimizin ardıcıl təəssübkeşi olaraq tanıyırıq. Sizin Azərbaycana səfərinizi məmnunluqla xatırlayır, cənabınızla qardaş görüşümüzü yüksək dəyərləndirirəm.

Əminəm ki, Siz malik olduğunuz zəngin dövlətçilik təcrübəsi və cənabınıza xas müdriklik sayəsində İran İslam Respublikasının inkişaf edərək daha böyük uğurlara imza atmasına, dünya miqyasında mövqelərini daha da möhkəmlətməsinə nail olacaqsınız".

Məktubda vurğulanır ki, "qardaş dövlətlərimiz arasında bütün sahələrdə olduğu kimi, dini-mənəvi sahədə də əlaqələrin inkişafının ən yüksək səviyyəsinin təmin edilməsi ümdə istəyimizdir".

QMİ sədrinin məktubunda deyilir:"Əmin ola bilərsiniz ki, Şeyxülislam və Qafqaz müsəlmanlarının rəhbəri olaraq bu yolda həmişə olduğu kimi, bundan sonra da əlimdən gələni əsirgəməyəcəyəm".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti