...

Bu gün hərbi parada hazırlıqla bağlı Bakıda hərəkət məhdudlaşdırılır

Cəmiyyət Materials 24 İyun 2013 14:44 (UTC +04:00)
Bu gün paytaxtın Azadlıq meydanı və Neftçilər prospekti istiqamətində bütün kəsişən küçə və yollardan avtomobillərin hərəkətinə fasilələrlə məhdudiyyət qoyulacaq və istiqamətləri dəyişdiriləcək.
Bu gün hərbi parada hazırlıqla bağlı Bakıda hərəkət məhdudlaşdırılır

Azərbaycan, Bakı, 24 iyun /Trend, müxbir İ.İzzət/

Bu gün paytaxtın Azadlıq meydanı və Neftçilər prospekti istiqamətində bütün kəsişən küçə və yollardan avtomobillərin hərəkətinə fasilələrlə məhdudiyyət qoyulacaq və istiqamətləri dəyişdiriləcək.

Bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovnik-leytetnantı Vaqif Əsədov bildirib.

Bölmə rəisinin sözlərinə görə, bu gün Bakıda 26 iyun -Silahlı Qüvvələr Günü keçiriləcək hərbi parada hazırlıq məqsədilə irimiqyaslı təlim-məşqlərə başlanacaq. Təlimlər paytaxtın Neftçilər prospekti boyu Bakı Dəniz Vağzalı önündən başlayaraq "Dalğa Plaza"yadək keçiriləcək.

Hərbi parada hazırlıq məqsədilə təlim-məşqlərin keçirilməsi ilə əlaqədar bu gün Bakının Azadlıq meydanı və Neftçilər prospekti ilə kəsişən bütün küçə və yollardan avtomobillərin hərəkətinə məhdudiyyət qoyularaq istiqamət dəyişdiriləcək.

Dənizkənarı Bulvar boyu Neftçilər prospekti istiqaməti ilə kəsişən küçə və yollar bunlardır - Rixard Zorge, Keykab xanım Səfərəliyeva, A.S. Pişkin, Azadlıq prospekti, Rəşid Behboduv, Bülbül, Rəsul Rza, Əziz Əliyev və Niyazi küçələri.

Əsədov bildirib ki, şəhərdə nəqliyyat axını Fəhlə prospekti ilə Afiəddin Cəlilov küçəsi kəsişməsindən Nəcəfqulu Rəfiyev küçəsindən keçməklə Xocalı, Babək və Heydər Əliyev prospektləri, 10-cu Zavod dairəsi istiqamətinə; 28 May vəYusif Səfərov küçələrinin kəsişməsindən Keykab xanm Səfərəliyeva küçəsindən keçərək Rəşid Behbudov və digər istiqamətlər üzrə; həmçinin Bayıl qəsəbəsindən Qurban Abbasov küçəsi ilə Dağüstü Park, Teymur Elçin küçəsi, Parlament prospekti və digər istiqamətlər üzrə; 20-ci sahə dairəsindən Dağüstü yolla Badamdar qəsəbəsi, Mikayıl Müşfiq küçəsi və digər istiqamətlər üzrə, Bakı-Salyan yolunun 14-cü kilometrliyindən 3-cü Kənar Dairəvi Yol üzrə istiqamətləndirilir.

Əsədov qeyd edib: "Əhalidən və avtomobil sürücülərindən xahiş olunur ki, bunları nəzərə alaraq yollarda sıxlıq, tıxac yaranmaması, qəzaların baş verməməsi üçün ictimai nəqliyyatdan istifadəyə üstünlük versinlər və ya bu istiqamətlər üzrə şəxsi avtomobillərdən istifadə etməsinlər".

Şöbə rəisi bildirib ki, hərbi paradın keçiriləcəyi gün Bakıda piyadaların və nəqliyyat vasitələrinin hərəkətinə hansı istiqamətlər üzrə məhdudiyyətlərin qoyulacağı haqqında əlavə məlumat veriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti