...

Cərimələrə görə yol polislərinin vəzifə maaşlarına əlavələrin edilməsi qaydaları qüvvəyə mindi

Cəmiyyət Materials 11 İyul 2013 15:47 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 iyul /Trend, müxbir İ.İzzət/

Nazirlər Kabineti "Yol hərəkəti haqqında" qanunun müddəalarının pozulmasına görə fiziki və hüquqi şəxslər tərəfindən ödənilən cərimələrdən daxil olan vəsaitin 25 faizinin Daxili İşlər Nazirliyinin yol patrul xidmətini həyata keçirən və yol hərəkətinin tənzimlənməsinə cəlb olunan əməkdaşlarının aylıq vəzifə maaşlarına əlavənin verilməsi üçün istifadə Qaydaları"nı təsdiq edib.

Trend xəbər verir ki, bu Qaydalar "Yol-nəqliyyat hadisələri ilə əlaqədar təhlükəsizlik tədbirlərinin gücləndirilməsi və yol hərəkətinin tənzimlənməsi sahəsində idarəetmənin şəffaflığının artırılması ilə bağlı tədbirlər haqqında" Azərbaycan Pprezidentinin 2012-ci il 26 dekabr tarixli 2629 nömrəli Sərəncamının 2.1-ci bəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanıb və "Yol hərəkəti haqqında" qanunun müddəalarının pozulmasına görə fiziki və hüquqi şəxslər tərəfindən ödənilən cərimələrdən daxil olan vəsaitin 25 faizinin Daxili İşlər Nazirliyinin yol patrul xidmətini həyata keçirən və yol hərəkətinin tənzimlənməsinə cəlb olunan əməkdaşlarının aylıq vəzifə maaşlarına əlavənin verilməsi üçün istifadə qaydalarını müəyyən edir.

Qaydalara əsasən, aylıq vəzifə maaşlarına ödənilən əlavə "Əmək pensiyaları haqqında" qanunun 1.0.5.-ci maddəsində nəzərdə tutulmuş təminat xərclərinə daxil edilmir. Yol patrul xidmətini həyata keçirən əməkdaşlara yol patrul xidməti inspektorları və baş inspektorları, eləcə də yol patrul xidmətinə cəlb olunan xüsusi rütbəli digər əməkdaşlar aid edilir.

Qaydalarda göstərilir ki, yol hərəkətinin tənzimlənməsinə cəlb olunan əməkdaşlara - dövlət yol polisi qurumlarının manqa, tağım, bölük, tabor, alay komandirləri, onların müavinləri və digər xüsusi rütbəsi olan əməkdaşları, Baş Dövlət Yol Polisi İdarəsinin dövlət yol polisi qurumlarının yol patrul xidməti, yol hərəkətinin təşkili, yol hərəkətini idarəetmə, hərəkətin təhlükəsizliyinin təbliği, inzibati xətalar haqqında işlər üzrə icraat şöbələrinin (bölmələrinin), mərkəzi məlumat xidmətinin əməkdaşları, Naxçıvan MR DİN-in dövlət yol polisi qurumunun yol patrul xidməti, yol hərəkətinin təşkili, yol hərəkətini idarəetmə, hərəkətin təhlükəsizliyinin təbliği, inzibati xətalar haqqında işlər üzrə icraat sahəsində müvafiq funksiyaları həyata keçirən əməkdaşları, şəhər, rayon polis orqanlarının dövlət yol polisi qurumlarının rəisləri (müvafiq səlahiyyətləri həyata keçirən digər vəzifəli əməkdaşlar), inzibati xətalar haqqında işlər üzrə icraatı, təbliğat və təşviqat, nəqliyyat vasitələrinin axtarışı funksiyalarını həyata keçirən əməkdaşları aid edilirlər.

Sənədə əasaən, vəsaitdən yol patrul xidmətini həyata keçirən hər bir əməkdaşın aylıq vəzifə maaşına xidmət zamanı bilavasitə aşkarladığı yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalara, habelə yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə tərtib etdiyi protokollardan daxil olan cərimələrin məbləğinin 25 faizi miqdarında əlavə edilir. Qalan vəsait (yol patrul xidmətini həyata keçirən əməkdaşların aşkar etdiyi xətalar istisna olmaqla, "Yol hərəkəti haqqında" qanunun müddəalarının pozulmasına, o cümlədən avtomatik rejimdə işləyən texniki vasitələrin köməyi ilə aşkarlanmış yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalara görə ödənilən cərimələrdən daxil olan vəsait, habelə cəriməni qanunvericiliklə müəyyən edilmiş əsaslar olmadan ödəməyən şəxslərə hesablanan dəbbə pulu) yol patrul xidmətini həyata keçirən və yol hərəkətinin tənzimlənməsinə cəlb olunan əməkdaşlar arasında bərabər bölünərək, onların aylıq vəzifə maaşına əlavə edilir.

Aylıq vəzifə maaşına əlavə aşağıdakı qaydada hesablanır:

yol patrul xidmətini həyata keçirən əməkdaşlara:

AVMƏ = (YPDM x 25%)

Burada AVMƏ - aylıq vəzifə maaşına əlavə, YPDM - DYP əməkdaşının tərtib etdiyi protokoldan daxil olan cərimənin məbləğidir. Qalan vəsait (QV = vəsait - yol patrul xidmətini həyata keçirən əməkdaşların vəzifə maaşlarına ödənilən əlavə) aşağıdakı qaydada bölünür:

BƏAVMƏ = QV : BƏS

Burada, BƏAVMƏ - yol patrul xidmətini həyata keçirən və yol hərəkətinin tənzimlənməsinə cəlb olunan əməkdaşların hər birinin aylıq vəzifə maaşına əlavə; BƏS - yol patrul xidmətini həyata keçirən və yol hərəkətinin tənzimlənməsinə cəlb olunan bütün əməkdaşların sayıdır.

Qeyd edək ki, aylıq vəzifə maaşlarına əlavələr Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi (Naxçıvan Muxtar Respublikasında Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyi) tərəfindən hesablanaraq, hər bir əməkdaşın əməkhaqqı kartına köçürüləcək. Aylıq vəzifə maaşına əlavə əməkdaşlara məzuniyyət və funksional vəzifələrinin icrası ilə bağlı olmayan ezamiyyət vaxtları, tutduğu vəzifədən azad edilərkən sərəncamda olduğu və ya vəzifədən müvəqqəti kənarlaşdırıldığı müddət, eləcə də əmək qabiliyyətinin müvəqqəti itirildiyi günlər üçün hesablanmır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti