Azərbaycan, Bakı, 5 avqust /Trend, müxbir İ.İzzət/
Nazirlər Kabineti "Həbs edilmiş şəxslərin hava gəmisində daşınması Qaydası"nın təsdiq edilməsi barədə qərar qəbul edib.
Trend xəbər verir ki, qaydaya görə, həbs edilmiş şəxslər mülki hava gəmisi ilə daşınmaya aidiyyəti üzrə Ədliyyə Nazirliyi Penitensiar Xidmətin müşayiətetmə qurumu - konvoy taboru, Milli Təhlükəsizlik Nazirliyinin, Daxili İşlər Nazirliyinin və ya Dövlət Sərhəd Xidmətinin nümayəndələrinin müşayiəti altında qəbul olunurlar.
Həbs edilmiş şəxslərin mülki hava gəmisi ilə daşınması barədə səlahiyyətli dövlət orqanı tərəfindən uçuşa ən geci 24 saat qalmış Dövlət Mülki Aviasiya Administrasiyasına yazılı sifariş, habelə aviasiya təhlükəsizliyi xidmətinə, hava nəqliyyatında polis orqanlarına və istismarçının məsul nümayəndəsinə məlumat verilir. Həbs edilmiş şəxsin daşınması üçün xüsusi reyslər təşkil edildikdə isə uçuşa ən azı 5 iş günü qalmış daşınma barədə sifariş verilməlidir.
Yazılı sifarişdə həbs edilmiş şəxsin soyadı, adı, atasının adı, təvəllüdü və daşınmanın səbəbləri; mühafizəçilərin sayı, onların soyadı, adı və vəzifələri; daşınmanın vaxtı, reysin nömrəsi və marşrutu; şəxsin tutulmasının, həbs edilməsinin və ya məhkum edilməsinin səbəbi və onun təhlükəlilik dərəcəsi; həbs edilmiş şəxsin hava limanına gətirilmə tarixi və vaxtı göstərilməlidir.
Qeyd edilən tələblər yerinə yetirilmədikdə, həbs edilmiş şəxslərin daşınmasından imtina olunur.
Bundan əlavə, hava limanının tibb personalının rəyinə əsasən, aviasiya təhlükəsizliyi xidməti və istismarçı psixi pozuntusu olan həbs edilmiş şəxslərin də hava gəmisində daşınmasından imtina etmək hüququna malikdir.
Bəzi hallar istisna olmaqla, həbs edilmiş şəxsləri müşayiət edən mühafizəçilərin sayı həbs edilmiş şəxslərin sayından azı 2 nəfər çox olmalıdır. Xüsusi təhlükəli, o cümlədən qaçmağa meyilli həbs edilmiş şəxslərin daşınması zamanı 3 nəfərdən az olmayan mühafizəçi heyəti tələb olunur və hər reysdə yalnız 1 nəfər xüsusi təhlükəli həbs edilmiş şəxsin daşınmasına icazə verilir. Sərnişinsiz xüsusi ayrılmış mülki hava gəmisində həbs edilmiş şəxslərin sayı mühafizə heyətindən və göndərən müəssisə tərəfindən müşayiət edən şəxslər üçün yerlər də daxil olmaqla, hava gəmisinin salonunun ön və arxa hissələrində, giriş, qəza və yük qapılarının qarşısında mühafizəçilərin sayı hər biri 2 nəfərdən ibarət olmaqla müəyyən edilməlidir.
Həbs edilmiş şəxs qadındırsa, onun müşayiəti zamanı mühafizə heyətinə göndərən müəssisədən nəzarətçi qadın daxil edilir.
Mühafizəçilərə həbs edilmiş şəxslərin müşayiəti ilə əlaqədar olmayan tapşırıqların verilməsi və ya onların üzərinə digər vəzifələrin qoyulması qadağandır.
Qaydalara görə, həbs edilmiş şəxslər mühafizə altında xüsusi avtomobildən hava gəmisinə və hava gəmisindən xüsusi avtomobilə əllərin qabaqda saxlanılması şərtilə qandal tətbiq edilməklə, tək-tək müşayiət edilirlər. Hamilə və yanında 3 yaşınadək uşağı olan qadınlara və yetkinlik yaşına çatmayan şəxslərə, əlillərə (əlilliyi aşkar görünən şəxslərə) və yetkinlik yaşına çatmayan şəxslərə (özünə və ya ətrafdakılara xəsarət yetirmə təhlükəsinin mövcud olduğu hallar istisna olmaqla) qandal tətbiq edilmir.
Həbs edilmiş şəxslərin mülki hava gəmisində daşınması zamanı onlarla rəftarda işgəncələrə və ya digər qəddar, qeyri-insani və yaxud ləyaqəti alçaldan hərəkətlərə yol verilmir. Onların havası dəyişilməyən və ya işıqlandırılmayan şəraitdə daşınması qadağandır.
Qaydalarda nəzərdə tutulmuş bəzi hallar istisna olmaqla, hava gəmisində digər sərnişinlər olduğu halda, irihəcmli hava gəmilərində daşınan həbs edilmiş şəxslərin sayı 10 nəfərdən, kiçikhəcmli hava gəmilərində isə 3 nəfərdən çox olmamalıdır.
Təsdiq edilmiş qaydalarda göstərilir ki, hava gəmisində odlu silahın tətbiqi qadağandır. Mühafizəçilərə hava gəmisinin salonuna gözyaşardıcı qaz balonlarını, həmçinin digər oxşar qaz qurğularını keçirməyə icazə verilmir. Hava gəmisi uçuşa başlamazdan əvvəl mühafizəçilərin odlu silahları, gözyaşardıcı qaz balonları və digər oxşar qaz qurğuları aviasiya təhlükəsizliyi xidmətinin əməkdaşları tərəfindən götürülür və hava gəmisinin xüsusi təyin edilmiş bölmələrində daşınması məqsədi ilə uçuş heyətinə təhvil verilir. Hava gəmisi yerə endikdən sonra həmin qurğular hava gəmisinin uçuş heyətindən təhvil alınır. Hər iki halda, mühafizə heyətinin yol cədvəlində hava gəmisinin kapitanı silahların qəbulu və təhvil verilməsi barədə imza edir.
Həbs edilmiş şəxslər hava gəmisində daim mühafizəçilərin nəzarəti altında olmalıdırlar və uçuş müddətində onların davranışına görə məsuliyyəti mühafizəçilər daşıyırlar.