...

Azərbaycandan Rusiyaya Volqa çayı üzərində yeni turizm marşrutunun yaradılması təklif edilir

Cəmiyyət Materials 22 Avqust 2013 14:54 (UTC +04:00)
Azərbaycan Turizm Assosiasiyası (AzTA) Volqa çayı üzərində maraqlı turizm marşrutunun yaradılmasını və turistlər üçün bu çay boyunca gəzintinin təşkil edilməsini təklif edib.
Azərbaycandan Rusiyaya Volqa çayı üzərində yeni turizm marşrutunun yaradılması təklif edilir

Azərbaycan, Bakı, 22 avqust /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Turizm Assosiasiyası (AzTA) Volqa çayı üzərində maraqlı turizm marşrutunun yaradılmasını və turistlər üçün bu çay boyunca gəzintinin təşkilini təklif edib. Bunu Trend-ə Azərbaycan Turizm Assosiasiyasının (AzTA) sədrinin müşaviri Müzəffər Ağakərimov deyib.

Onun sözlərinə görə, bu təklif artıq Rusiyanın Həştərxan Şəhər Gəmiçilik İdarəsinə bildirilib.

Hazırda təklifin reallaşması üçün danışıqlar aparılır. Layihəyə görə, turistlər 18 gün ərzində gəmi ilə Həştərxandan Moskvaya qədər gedə və oradan geri qayıda bilərlər: "Bu, Volqa çayı üzərində gözəl bir səyahət olar. Bu barədə danışıqları bir müddət əvvəl Həştərxan Gəmiçilik İdarəsi ilə aparmışdıq. Ancaq sonradan bu danışıqlar müəyyən səbəblərə görə dayandırılmışdı. İndi biz bu danışıqları yenidən bərpa etmişik".

M.Ağakərimov deyib ki, hazırda əsas məsələlərdən biri bu marşrut üzrə göstəriləcək turizm xidmətinin qiyməti ilə bağlıdır. AzTA bu xidmətin turistlər, xüsusilə də azərbaycanlı turistlər üçün sərfəli olmasına çalışır: "Bizim fikrimiz belədir ki, əvvəlcədən gəmi icarəyə götürməyək. Əvvəlcə turist qrupları təşkil edək. Əgər bu səfər turistlərin xoşuna gəlsə və maraq artsa, ondan sonra gəmi icarəyə götürə bilərik".

M.Ağakərimov bildirib ki, Azərbaycandan Gürcüstanın Batumi şəhərinə səfərlər əvvəlcə kiçik qruplarla təşkil olunub. Bu səfərlərin nəticəsində artıq Azərbaycan turistlərinin Batumiyə marağı artıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti