...

Ədliyyə Nazirliyində Kollegiya iclası keçirilib

Cəmiyyət Materials 29 Avqust 2013 18:29 (UTC +04:00)
Ədliyyə naziri Fikrət Məmmədovun sədrliyi ilə nazirliyin Kollegiya iclası keçirilib.
Ədliyyə Nazirliyində Kollegiya iclası keçirilib

Azərbaycan, Bakı, 29 avqust /Trend, müxbir İ.İzzət/

Ədliyyə naziri Fikrət Məmmədovun sədrliyi ilə nazirliyin Kollegiya iclası keçirilib.

Ədliyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, Kollegiyada ədliyyə fəaliyyətinin təkmilləşdirilməsi, habelə Azərbaycan ədliyyəsinin inkişafına dair Dövlət Proqramının icrası üzrə görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə olunub.

Bildirilib ki, ölkəmizdə aparılan geniş qanunyaradıcı fəaliyyətdə aktiv iştirak edən nazirlik cari ilin 6 ayında 334 normativ hüquqi aktın layihəsini hazırlayıb, ictimai həyatın müxtəlif sahələrini tənzimləyən 753 belə aktı hüquqi ekspertizadan keçirib. Əhalinin təmənnasız istifadə etdiyi milli qanunvericiliyin elektron bazasına (e-qanun.az) və Hüquqi Aktların Dövlət Reyestrinə (huquqiaktlar.gov.az) 846 sənəd daxil edilib və bazada sənədlərin sayı 26.000-ə çatıb.

Dövlət Proqramına uyğun olaraq, ədliyyə orqanlarında korrupsiyaya qarşı mübarizədə mühüm rol oynayan müasir İKT-lərin daha geniş tətbiqi üzrə xeyli işlər görülüb, o cümlədən 2013-cü ilin dövlət başçısı tərəfindən "İKT ili" elan olunması ilə əlaqədar ədliyyə fəaliyyəti ilə bağlı 17 elektron xidmət növündən əksəriyyəti artıq istifadəyə verilmiş, www.exidmet.justice.gov.az saytının yeni versiyası hazırlanıb, elektron sənəd dövriyyəsinin tətbiqinə başlanılıb. Həmçinin, qeyri kommersiya qurumlarının qeydiyyatı və mətbu nəşrlərin uçotu prosedurları ilə bağlı elektron xidmətlər hazırlanmış, habelə "Elektron notariat" sistemi də yaradılaraq sınaq rejimində 24 notariat kontorunda istismara verilib. Notariat orqanlarında istifadə olunan elektron xidmət köşklərində ödənişlərin plastik bank kartları vasitəsi ilə aparılması təşkil edilib, qeydiyyat orqanlarında da bu müsbət təcrübənin tətbiqinə başlanılıb və "pay-point" ödəniş terminallarının ilk nümunəsi sınaqdan keçirilməsi üçün Səadət Sarayında quraşdırılıb.

Eyni zamanda, Məhkəmə-Hüquq Şurası ilə birgə məhkəmələr tərəfindən elektron xidmətlərin göstərilməsi işində mobil operatorların və internet resurslarının imkanlarından geniş istifadəsi üzrə tədbirlər görülüb, məhkəmə prosesi tərəflərinə SMS vasitəsilə bildirişlərin göndərilməsi təcrübəsi pilot layihə qaydasında bir sıra məhkəmələrdə tətbiq olunur.

İstehlakçıların hüquqlarının qorunmasına xidmət edən və artıq iş adamları üçün əməli əhəmiyyət daşıyan sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin (yoxlama.gov.az) fəaliyyəti təkmilləşdirilmiş, nazirliyin internet səhifəsində elektron xidmətlər bölməsinə və "1650" avtomatlaşdırılmış telefon xidmətinə sahibkarlara məlumat almaq və müraciət etmək imkanı yaradan funksiyalar əlavə olunub.

İclasda "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Qanundan və onun tətbiqi barədə ölkə Prezidentinin 28 avqust tarixli Fərmanından irəli gələn vəzifələr müzakirə olunaraq bu mühüm sənədin ədliyyə orqanlarında mütəşəkkil icrası ilə bağlı konkret tapşırıqlar verilib.

Ədalətli məhkəmə hüququnun ayrılmaz tərkib hissəsi olan məhkəmə qərarlarının icrası işinin səmərəliliyinin yüksəldilməsi üzrə əsaslı tədbirlər görülür. Bu ilin birinci yarısında da icra işlərinin sayı 26,5% artaraq 142.200-ə çatıb, onlardan 96.500-nin icrası təmin edilib, hüquqi və fiziki şəxslərə 56 milyon manatdan çox vəsaitin ödətdirilməsinə nail olunub. Qərarların icrasına maneçilik törədən, icra məmurlarının qanuni tələblərini yerinə yetirməyən 1.300 şəxs inzibati məsuliyyətə cəlb olunub. Məhkəmə qərarlarını qərəzli olaraq icra etməyən şəxslərlə bağlı 136 cinayət işi başlanıb, 1.832 nəfər borclunun ölkədən getmək hüququ məhdudlaşdırılıb.

Eyni zamanda, borclunun ölkədən getmək hüququnun məhdudlaşdırması mexanizmi xeyli təkmilləşdirilmiş, insan hüquqlarının təmin olunması baxımından qadağanın daha çevik götürülməsi məqsədilə icra xidmətində "Giriş-çıxış və qeydiyyat" idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi quraşdırılıb, nazirliyin internet saytında qadağa qoyulmuş şəxslərin müəyyən edilməsinə dair elektron xidmət işlənilərək istifadəyə verilib.

Məhkəmə ekspertizası sahəsində nazirliyə 36 ekspert ixtisası üzrə 11 mindən çox iş daxil olub, ekspertlər 113 minədək suala cavab verməklə qaldırılmış məsələlərin 99,5%-ni həll ediblər. Eyni zamanda, ekspertiza növlərindən 4-nün beynəlxalq standartlara cavab verməsi ilə bağlı müvafiq sertifikat verilib.

Dövlət Proqramı çərçivəsində ədliyyə və məhkəmə infrastrukturunun təkmilləşdirilməsi daim diqqətdə saxlanılıb. Belə ki, nazirliyin mühüm istiqamətlərindən olan penitensiar sistemin inkişafı, məhkumların saxlanma şəraitinin müasirləşdirilməsi və onların tibbi təminatının yaxşılaşdırılması üzrə xeyli işlər görülüb, o cümlədən Şəkidə yeni müasir tipli penitensiar kompleks inşa olunaraq istifadəyə verilib.

Bununla yanaşı, cari ilin birinci yarısında Dünya Bankı ilə birgə həyata keçirilən "Ədliyyə sisteminin müasirləşdirilməsi" layihəsi çərçivəsində məhkəmə infrastrukturunun yeniləşdirilməsi üzrə tədbirlər davam etdirilib, o cümlədən Şəki və Sabunçu məhkəmə komplekslərinin, Quba Rayon Məhkəməsinin yeni binasının təməli qoyularaq intensiv inşası aparılır.

Qeyd olunmalıdır ki, Dünya Bankının dəvəti ilə ədliyyə nazirinin başçılıq etdiyi nümayəndə heyəti Vaşinqtonda səfərdə olub, Bankın rəhbərliyi ilə keçirilmiş görüşlərdə məhkəmə və ədliyyə islahatları, habelə birgə Layihə barədə ətraflı təqdimatlar keçirilib. Ölkəmizdə bu sahədə görülmüş işlər yüksək qiymətləndirilib, müsbət təcrübəmizin dünyada geniş təbliğ olunmasının əhəmiyyəti və birgə Layihəmizin ən uğurlu layihələrdən olduğu vurğulanıb. Həmçinin, əməkdaşlığın genişləndirilməsi ilə bağlı niyyət ifadə olunub, yeni layihənin həyata keçirilməsinə dair razılıq əldə edilib.

Dövlət Proqramının mühüm istiqamətlərindən olan beynəlxalq hüquqi əməkdaşlığın genişləndirilməsinə böyük əhəmiyyət verilərək, Hindistanla mülki və ticarət, habelə cinayət işləri üzrə hüquqi yardım və ekstradisiya haqqında dövlətlərarası müqavilələr, Çinin Ədliyyə Nazirliyi ilə əməkdaşlığa dair yeni Saziş, Fransanın Milli Məhkəmə-prokurorluq Məktəbi ilə Ədliyyə Akademiyası arasında Əməkdaşlıq haqqında Protokol imzalanıb. Həmçinin, beynəlxalq öhdəliklərdən irəli gələn hüquqi yardım, ekstradisiya məsələlərinin icrası ilə bağlı beynəlxalq sorğu və sənədlərin sayı 5800-ə yaxın olub, xaricdə məhkum olunmuş soydaşlarımızın öz ailələrinə yaxın ərazidə cəza çəkmələri üçün Azərbaycana gətirilməsi prosesi davam etdirilib.

İclasda Azərbaycan ədliyyəsinin inkişafına dair Dövlət Proqramının bu ilin sonunda başa çatması nəzərə alınaraq, ədliyyə fəaliyyətinin gələcək inkişafı üzrə yeni strateji istiqamətlərin müəyyən olunması ilə bağlı tapşırıqlar verilib.

Kollegiyada həmçinin, mövcud nöqsan və çatışmazlıqlar müzakirə olunmuş, ədliyyə orqanlarının fəaliyyətində səmərəliliyin yüksəldilməsi, vətəndaşların müraciətlərinə qayğı ilə yanaşılması, korrupsiyaya şərait yaradan hallara qarşı qəti mübarizənin aparılması, etik davranış qaydalarına dönmədən riayət olunması, ədliyyə fəaliyyətində şəffaflığın artırılması, müasir İKT-lərin tətbiqi dairəsinin genişləndirilməsi və s. üzrə konkret tədbirlər müəyyən olunub.

Eyni zamanda, icra işinin yaxşılaşdırılması, penitensiar müəssisələrdə axtarış-baxış tədbirlərinin gücləndirilməsi, regional ədliyyə şöbələrinin imkanlarından səmərəli istifadə edilməklə bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi, Ədliyyə Akademiyasının fəaliyyətinin təkmilləşdirilməsi, kadr potensialının möhkəmləndirilməsi və vakansiyaların hazırlıqlı gənc hüquqşünaslarla çevik doldurulması ilə bağlı aidiyyəti qurumlara zəruri tapşırıqlar verilib.

İclasda ədliyyə fəaliyyətini tənzimləyən bəzi normativ aktların layihələri müzakirə olunaraq qəbul olunub, bir sıra qeyri-kommersiya hüquqi şəxslər dövlət qeydiyyatına alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti