...

Azərbaycanda uşaqları sevindirəcək yenilik

Cəmiyyət Materials 23 Sentyabr 2013 12:25 (UTC +04:00)
Azərbaycanda uşaqlar üçün yaradıcılıq mərkəzləri, yay-qış düşərgələrinin yaradılacağı gözlənilir.
Azərbaycanda uşaqları sevindirəcək yenilik

Azərbaycan, Bakı, 23 sentyabr / Trend, müxbir M.Əliyev/

Azərbaycanda uşaqlar üçün yaradıcılıq mərkəzləri, yay-qış düşərgələrinin yaradılması gözlənilir.

Millət vəkili, Milli Məclisin Sosial siyasət komitəsinin üzvü Məlahət İbrahimqızı bazar ertəsi Trend-ə bildirib ki, komitə bu ilin payız sessiyasında "Uşaqların asudə vaxtının təşkili haqqında" qanun layihəsini hazırlacaq: "Bu Azərbaycan dövlətinin gənclər siyasətinə yönələn sosial layihəsidir. Uşaqların həm mənəvi cəhətdən, həm vətənpərvərlik nöqteyi nəzərdən tərbiyələndirilməsi üçün onların asudə vaxtının təşkili çox vacibdir. Bununla bağlı da artıq qanunvericilik əsasları yaradılmalıdır".

Millət vəkili vurğulayıb ki, uşaqların həm fiziki, həm mənəvi kamilliyini şərtləndirən tədbirlərin görülməsi olduqca vacibdir: "Uşaqlarımızı yalnız savadlı deyil, həm də mənəvi cəhətdən kamil böyütməliyik. İnsan çox savadlı, lakin robot kimi böyüyə bilər. Biz onun mənəvi zənginliyini düşünməliyik".

M.İbrahimqızı xatırladıb ki, sovet vaxtı uşaqlar üçün günü uzadılmış qruplar, düşərgələr təşkil olunurdu, uşaqların asudə vaxtının bir dəqiqə belə boş qalmamasına şərait yaradan tədbirlər həyata keçirilirdi: "Xüsusi qruplarda uşaqlar dərslərini oxuyardılar, dərsdənkənar oxu ilə, idmanla məşğul olardılar".

Komitə üzvü "Uşaqların asudə vaxtının təşkili haqqında" qanun layihəsi qəbul olunduqdan sonra bununla bağlı xüsusi dövlət proqramının hazırlanmasının mümkünlüyünü qeyd edib. O bildirib ki, dövlət proqramının fəaliyyət planına Azərbaycanda Uşaq Yaradıcılıq mərkəzlərinin sayının artırılması, həmçinin məktəblilər üçün yay-qış istirahət mərkəzlərinin tikilməsi daxil edilə bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti