...

Ukraynada tolerantlıqla bağlı qanunvericiliyin müzakirəsində Azərbaycan modeli təklif edilib (FOTO)

Cəmiyyət Materials 11 Oktyabr 2013 14:24 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 oktyabr / Trend, müxbir M.Əliyev/

Ukrayna Ali Radasında (parlament) hakim Regionlar Partiyası tərəfindən millətlərarası və dinlərarası problemlər, antisemitizm, irqi ayrı-seçkilik halları və bununla bağlı qanunvericilikdəki boşluqların aradan qaldırılması ilə bağlı müzakirələr keçirilib.

Trend-in məlumatına görə, bu barədə Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresindən (BUAK) bildirilib.

Ukraynada yaşayan azsaylı xalqların icma rəhbərlərinin, parlamentdə təmsil olunan hakim və digər partiyalardan olan deputatların iştirakı ilə keçirilən "Millətlərarası razılıq və vətəndaş həmrəyliyi" adlı konfransda azərbaycanlılar da daxil olmaqla digər etnik xalqlarla bağlı yeni layihələr təklif olunub. Hakim Regionlar Partiyasından olan deputat Vadim Kolesniçenko çoxmillətli Ukraynada millətlərarası və dinlərarası münasibətlər barədə qanunvericilikdə olan çatışmazlıqlardan, ksenofobiya, antisemitizm, irqi ayrı-seçkilik halları ilə üzləşmə və bu halların aradan qaldırılması yollarının hüquqi əsaslarla tapılmasının vacibliyindən danışıb. O, çıxışı zamanı konfransda azərbaycanlı icmasının iştirak etməsindən istifadə edərək Prezident seçkiləri ilə bağlı Azərbaycan xalqını təbrik edib və Azərbaycanı tolerantlıq nümunəsi kimi göstərib.

Hakim Regionlar Partiyasından olan digər deputat Aleksandr Pressman da ölkədəki çoxsaylı millətlərdən danışaraq, son illər onların içərisində azərbaycanlıların Ukraynada daha çox aktiv olmasından danışıb. O, dinlərarası münasibətlər sahəsində qanunvericiliyin təkmilləşdirilməsində Azərbaycanı nümunə kimi götürməyi təklif edib. Hakim partiya deputatlarının çıxışları zamanı digər azsaylı xalqlardan fərqli olaraq Ali Radada azərbaycanlı deputatın olmaması ilə bağlı təəssüfləndiklərini bildirərək, növbəti seçkidə bu boşluğun doldurulacağına əmin olduqlarını bildiriblər. Ukrayna Millətlərarası razılıq komissiyasının sədri Vasil Kostetski, parlamentin Azsaylı xalqlar və millətlərarası münasibətlər üzrə komitəsinin sədri Valeri Patskan, deputatlar İvan Pepesku və İştvan Qaydoş çıxış edərək qanunvericilikdə lazımi dəyişiklərin labüdlüyündən danışıb, təkliflər səsləndiriblər. Müzakirələrdə çıxış edən ölkədəki tatar, yəhudi, rus, qaqauz və digər xalqların nümayəndələri də öz təkliflərini səsləndiriblər. Ukraynadakı Azərbaycan icmasının rəhbəri kimi çıxış edən BUAK sədri Rövşən Tağıyev çıxışında vətəni Azərbaycanda millətlərarası münasibətlərin nümunəvi hal olduğunu tarixi ardıcıllıqla iştirakçıların diqqətinə çatdıraraq Ukrayna rəhbərliyinə, yerli deputatlara çoxmillətli dövlətdə bu kimi vacib məsələlərin daim diqqətdə saxlanmasının vacibliyini tövsiyə edib. O, həmçinin yaxın gələcəkdə Ali Radada azərbaycanlıların da təmsilçisinin olacağına əmin olduğunu bildirib. Konfransda Ukrayna xalqına ünvanlanmış bəyannamə qəbul olunub, 2014-cü ilin iyin-iyul aylarında "Millətlərarası münasibətlərin qorunması və inkişafı" mövzusunda beynəlxalq konfransın keçirilməsi haqqında qərar qəbul olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti