Azərbaycan, Bakı, 6 noyabr /Trend/
5 noyabr 2013-cü il tarixində "AtaTravel" MMC-nin dəstəyi ilə "27 ildən sonra" əsərinin təqdimat mərasimi keçirilib. Təqdimat mərasimində "27 ildən sonra" əsərinin müəllifi Cəlaləddin Qasımov, yazıçı-publisist Ehtiram İlham, Mahmud Kaşqari adına Beynəlxalq Fondun prezidenti Elxan Zal Qaraxanlı və Əkbər Qoşalı iştirak ediblər.
Yazıçı Cəlaləddin Qasımov çıxışında bildirdi ki, XX əsrin ən dəhşətli faciəsi olan Xocalı hadisələri ilə bağlı son illər aparılan məqsədyönlü və geniş fəaliyyət nəticəsində artıq bütün dünyada bu dəhşətli soyqırım barədə obyektiv fikir və dürüst mövqe formalaşmağa başlayıb. Bu mövqe isə Azərbaycan dövlətinin, cənab prezident İlham Əliyevin cahanşümul fəaliyyəti ilə daha da böyüyərək xalqımızın haqq işinin bərqərar olmasına xidmət edir.
"Ataholdinq"in məlumatında deyilir ki, Xocalı faciəsi ilə bağlı bədii ədəbiyyatda son illər bir neçə maraqlı əsərlər yazılmağa başlayıb. Bu əsərlərdən biri də istedadlı yazıçı, Azərbaycan Yazıçılar Birliyinin üzvü Cəlaləddinin "27 ildən sonra" əsəridir.
Yazıçının bildirdiyinə görə, bu kitabı yazmaqda məqsədi hər şeydən əvvəl millətimizin üzərindən bu qara ləkəni silmək və faciəni tarixin yaddaşına həkk etməkdən ibarət olub. Mənfur qonşularımız olan ermənilərin qansız əməllərini onların üzünə çırpmaq, baş vermiş faciənin miqyasını və detallarını göstərmək, gənc nəslə tariximizi dərindən öyrətmək, onları başımıza açılan oyunlardan agah etmək və bir daha düşmən hiyləsinə inanmamağa çağırış da bu kitaba yazılarkən qarşıya qoyulan məqsədlərdən olub.
"27 ildən sonra" kitabında müəllifin iki əsəri - "Silinməyən ləkə" və "24 ilin ölüsü" adlı romanları yer alıb. Hər iki əsərdə məmləkətimizin başına açılan dəhşətli hadisələrdən bəhs olunur. Əslində həm də bir-birinin davamı olan hər iki əsərdə ermənilərin dövlətimizə qarşı zaman-zaman həyata keçirdiyi çirkin siyasətin mahiyyəti real həyat həqiqətləri ilə qələmə alınıb. Onu qeyd etmək lazımdır ki, hər iki romanda müəllif öz iş təcrübəsi ərzində , o cümlədən ermənilərin özündən əldə edə bildiyi məxfi məlumatlardan da ustalıqla istifadə edib. Maraqlı ədəbi təhkiyyəsi ilə yazıçı Cəlaləddin hər iki romanda dolğun obrazlar yaratmaqla bərabər, həm də oxucunu arxası ilə apararaq az qala hadisələrin canlı şahidinə çevirməyə bacarıb.
1992-ci ildəki anarxiya, qarşıdurma, vətəndaş müharibəsi ilə üz-üzə dayanan Azərbaycanın parçalanma təhlükəsi, milli ordunun olmaması, könülü özünü müdafiə dəstələrinin bir bir-biriylə münaqişədə olması da göstərilmişdir. Bu münaqişədən ermənilərin istifadə etməsi, 20 faiz torpaqların alınması ardıcıl olaraq göstərilmişdir.
Xalqın təkidli tələbi ilə ulu öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışı, nizami ordu quruculuğu, Azərbaycanı parçalamaq istəyən qüvvələrin darmadağın edilməsi də ardıcıl göstərilmişdir. Ermənilərin təxribatı nəticəsində 1992-ci ildə "talış-muğan respubilkası" yaradılması təhlükəsi, "sadvalçı" çevriliş etmək cəhdi, hamısı xarici erməni lobbisi tərəfindən maliyyələşdirildiyi aşkara çıxarılmışdır. Ümummilli liderin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasəti aydın dillə izah edilmişdir. Göstərilir ki, Azərbaycan bu gün dünya dövlətləri tərəfindən düzgün, haqlı mövqedən tanınır və söz sahibidir.
Bir daha qeyd etmək düşər ki, Xocalı faciəsi ilə bağlı uğurlu və təsirli əsər yaratmağa müvəffəq olan yazıçı Cəlaləddin "27 ildən sonra kitabı"nı "Xocalıya ədalət" kompaniyasına itfah edib.