Azərbaycan, Bakı, 2 may /Trend, müxbir İ.İzzət/
Fövqəladə Hallar Nazirliyi (FHN) Muğan Regional Mərkəzinin əməkdaşları Şirvan şəhər 18 saylı orta məktəbinin müəllim və şagird kollektivi ilə "Baş verə biləcək fövqəladə hadisələrin qarşısının vaxtında alınması" və "Fövqəladə hallar zamanı nə etməli" mövzusunda maarifləndirmə tədbiri keçirib.
Trend FHN-in rəsmi saytına istinadən xəbər verir ki, maarifləndirmə tədbirinin keçirilməsində əsas məqsəd məktəblilərin fövqəladə hallar zamanı davranış qaydalarına riayət etməsi, baş verə biləcək yanğın, partlayış və digər fövqəladə hadisələrin qarşısının alınmasında profilaktik tədbirlərin görülməsinə nail olmaqdır.
Tədbirdə plakat-slaydlar vasitəsilə FHN-in yaranması, qurumları və onların fəaliyyəti, "112" qaynar xətti, yanğın təhlükəsizliyi, "Fövqəladə hallar baş verən zamanı nə etməli", "Daşqın, zəlzələ, dəm qazından zəhərlənmənin qarşısının alınması" mövzularında tədbir iştirakçılarına məlumat verilib.
Tədbirdə FHN-in yaranması, strukturu və fəaliyyəti haqqında sənədli film nümayiş olunub, mövzu ilə bağlı hazırlanmış bukletlər paylanılıb, məktəbin müəllim və şagird heyətini maraqlandıran suallar Mərkəzin əməkdaşları tərəfindən cavablandırılıb.