...

Mətbuat Şurasının Ahıl Jurnalistlər Məclisinin üzvləri ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünü qeyd ediblər (FOTO)

Cəmiyyət Materials 5 May 2014 17:44 (UTC +04:00)

Azərbaycan, Bakı, 5 may /Trend/

Azərbaycan Mətbuat Şurasında (MŞ) ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü ilə bağlı mərasim keçirilib. Şuranın Ahıl Jurnalistlər Məclisinin xəttilə düzənlənən mərasimdə əsasən bu böyük şəxsiyyətin Azərbaycana rəhbərlik etdiyi dövrdə jurnalistika sahəsində fəaliyyət göstərmiş yaşlı qələm sahibləri iştirak ediblər.

Şuradan Trend-ə verilən məlumata görə, MŞ sədri Əflatun Amaşov bildirib ki, XX əsrin görkəmli dövlət və siyasət adamı olan Heydər Əliyevin nəsillərə örnək həyat yolu və mübarizəsi milli jurnalistikamızla qırılmaz tellərlə bağlı olub. Azərbaycan ikinci dəfə müstəqilliyinə qovuşduqdan sonra bu bağlantı ölkəmizin sistemli dövlət siyasətinin başlıca konturlarını müəyyənləşdirməyə başladı. Kütləvi informasiya vasitələrimizin hərtərəfli inkişafı sahəsində atılan addımlar nəticə etibarilə cəmiyyətdə söz və ifadə azadlıqlarının dərinləşməsinə gətirdi. Mövcud kurs mediaya dövlət dəstəyinin timsalında daha dolğun bir şəkildə həyata keçirilməkdə və dərinləşdirilməkdədir. "Hesab edirəm ki, bu gün bura toplaşanların hər birinin deməyə sözü, bölüşməyə xatirəsi var. Heydər Əliyevlə eyni dövrdə yaşayıb yaratmaq xoş xatirə zənginliyi ilə yanaşı, böyük məsuliyyətdir. Sizlərin hər biri bu məsuliyyəti çiyinlərinizdə daşıyaraq əsl jurnalistika dəyərlərini yaşatmış peşəkarlarsınız", - deyən Ə.Amaşov Heydər Əliyev irsinin öyrənilməsində milli mətbuatımızda gedən nümunələrin misilsiz önəm kəsb etdiyini vurğulayıb, bununla bağlı konkret məqamlardan söz açıb.

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru, MŞ İdarə Heyətinin üzvü Vüqar Səfərli bildirib ki, rəhbərlik etdiyi dövlət qurumu Heydər Əliyev şəxsiyyətinin mediaya, azad sözə konseptual baxışlarına varisliyin nəticəsi olaraq yaranıb. O, ulu öndərin cəmiyyətdə demokratik fikrin formalaşmasında jurnalist fəaliyyətinin müxtəlif aspektlərinə önəm verdiyini diqqətə çatdırıb və bildirib ki, media sahəsində görüləcək işlər mövcud təmələ əsaslanır.

MŞ-nin Ahıl Jurnalistlər Məclisinin rəhbəri, əməkdar jurnalist Yusif Kərimov ümummilli lider Heydər Əliyevi Azərbaycanın tərəqqisi naminə görülən işlərdə jurnalistikanın gücündən məharətlə istifadə edən şəxsiyyət kimi dəyərləndirib: "Heydər Əliyev Azərbaycanı keçmiş SSRİ-nin tənəzzüllə üzləşmiş əyalətindən inkişaf göstəriciləri baxımdan yüksəkdə dayanan respublikaya çevirdi. Mövcud prosesdə mətbuatın gücünə verdiyi önəm xüsusi vurğulanmalıdır. O, jurnalistlərin böyük dostu və himayədarı idi. İkinci dəfə Azərbaycana rəhbərlik etməyə başladığı dövrdə eyni münasibət daha parlaq nümunələrdə ifadəsini tapdı. Bu, ölkəmizin müstəqil dövlət kimi möhkəmlənməsinə və dünya miqyasında tanınmasına yönələn siyasətin mühüm tərkib hissəsiydi".

MŞ İdarə Heyətinin üzvü, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə media amilinin Heydər Əliyev siyasi kursunda aparıcı mövqe tutduğunu bildirib və qeyd edib ki, ulu öndərin jurnalistikaya verdiyi dəyər demokratik cəmiyyət quruculuğu prosesinin dərinləşməsinə hesablanmış ən mühüm addımlardandır. Bunu hər bir qələm sahibi layiqincə dəyərləndirməlidir.

Toplantıda çıxış edənlərdən MŞ-nin Ahıl Jurnalistlər Məclisi rəhbərinin müavini, əməkdar jurnalist Məzahir Süleymanzadə, MŞ İdarə Heyətinin üzvü, "Paralel" qəzetinin baş redaktoru Tapdıq Abbas, İctimai Yayım Şurasının sədri, Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin professoru Cahangir Məmmədli, "Təhsil və zaman" qəzetinin baş redaktoru, Respublika Təhsil Şurasının sədri Əjdər Ağayev, "Assa İradə" İnformasiya Agentliyinin baş direktoru Fazil Abbasov və başqaları Heydər Əliyev və KİV mövzusunun müxtəlif istiqamətlərinə aydınlıq gətiriblər.

Tədbirdə, həmçinin Heydər Əliyevin böyük həyat yolunun ayrı-ayrı cəhətlərinin, zəngin ideya irsinin yeni nəsillərə çatdırılması ilə bağlı sistemli fəaliyyətdə medianın daşıdığı missiya ətrafında geniş müzakirə aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti