...

"Məzun Təkmilləşdirmə Proqramı"na müraciətlərin müddəti mayın 22-nə qədər uzadılıb (FOTO)

Cəmiyyət Materials 15 May 2014 19:44 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 may /Trend, müxbir E.Mehdiyev/

Bu gün Bakı 2015 Oyunlar Akademiyası tərəfindən həyata keçirilən "Məzun Təkmilləşdirmə Proqramı"nın təqdimat mərasimi keçirilib.

Trend-in məlumatına görə, təqdimat mərasimində Bakı 2015 Avropa Oyunlarının keçirilməsi üzrə Təşkilat Komitəsinin üzvü və Prezident yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev, Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin (BAOƏK) Əməliyyat Qabilliyi və Hazırlıq departamentinin direktoru Qevin MakAlpayn, Komitənin digər təmsilçiləri, gənclər təşkilatlarının rəhbərləri və üzvləri və proqrama müraciət etmiş məzunlar iştirak edib.

Tədbiri giriş sözü ilə açan Q.MakAlpayn qeyd edib ki, proqram məzunlar arasında geniş marağa səbəb olub. Onun sözlərinə görə, son günlər "Məzun Təkmilləşdirmə Proqramı"na yüzlərlə müraciət edildiyindən, müraciətlərin müddəti mayın 22-nə qədər uzadılıb.

Q.MakAlpayn əlavə edib ki, Bakı 2015 Avropa Oyunları Azərbaycan tarixində əlamətdar bir hadisə olacaq və "Məzun Təkmilləşdirmə Proqramı" da öz növbəsində məzunlara proqramda iştirak etməklə geniş təcrübə qazanmağa və özlərini sübut etməyə imkan verəcək.

Daha sonra tədbirdə çıxış edən F.Hacıyev bildirib ki, bu proqram məzunlar üçün tarixi bir şansdır. Onun sözlərinə görə, proqram çərçivəsində seçilən 150 gənc çoxnövlü idman yarışlarının keçirilməsi üzrə Azərbaycanda ilk mütəxəsislər olacaqlar.

F.Hacıyev vurğulayıb ki, seçilən məzunlar bu sahədə peşəkar olan insanlardan təlimlər alacaqlar.

Gənclər Fondunun icraçı direktoru əlavə edib ki, Bakı 2015 Avropa Oyunlarının ölkəmizdə keçirilməsi hər bir Azərbaycan vətəndaşının üzərinə məsuliyyət qoyur: "Biz elə etməliyik ki, Bakıya gələn idmançılar və digər qonaqlar buradan xoş təəssüratlarla ayrılsınlar və Bakımız uzun müddət onların yaddaşından çıxmasın".

F.Hacıyev gənclərə uğurlar arzu edib və onların proqramda aktiv iştirak edəcəklərinə ümid etdiyini bildirib.

Daha sonra proqram haqqında videoçarx nümayiş etdirilib və müraciətçilərə proqram haqqında ətraflı məlumat verilib.

Qeyd edək hazırda 2015-ci ildə ilk Avropa Oyunlarının Bakıda keçirilməsi ilə əlaqədar olaraq Bakı 2015 Oyunlar Akademiyası "Məzun Təkmilləşdirmə Proqramı"na 2012-2014-cü illər arasında məzun olmuş istedadlı və motivasiyalı məzunların müraciətlərini qəbul etməkdə davam edir. Oyunlar Akademiyasının internet səhifəsindən (http://www.baku2015.com/en/join-us/games-academy.aspx) ərizə formasının doldurulması haqqında ətraflı məlumat almaq mümkündür.

Bakı 2015 Avropa Oyunları Azərbaycanın özünü böyük işlərə qadir müasir Avropa ölkəsi kimi nümayiş etdirməsi üçün son dərəcə vacib platformadır. Eləcə də, "Məzun Təkmilləşdirmə Proqramı"nda iştirak üçün seçilənlərə də izdihamdan seçilmək və fərqlənmək üçün meydan veriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti