...

Azərbaycanın iqlim dəyişmələrinin qarşısının alınması sahəsində gördüyü işlər dünya üçün yaxşı nümunə kimi təqdir olunub

Cəmiyyət Materials 12 İyun 2014 12:21 (UTC +04:00)
Məşhur QHT “Azərbaycan iqlim dəyişmələrinin qarşısının alınmasında liderliyi ələ alır” başlıqlı şərhi ilə Azərbaycanın bu sahədəki ambisiyalarını dəyərləndirib
Azərbaycanın iqlim dəyişmələrinin qarşısının alınması sahəsində gördüyü işlər dünya üçün yaxşı nümunə kimi təqdir olunub

Azərbaycan, Bakı, 12 iyun /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanın dünya ölkələri sırasında yeni bir uğura imza atması ilə bağlı xəbərə Facebook-da (https://www.facebook.com/below2c?fref=ts) rast gəldik.

Trend-in apardığı araşdırma zamanı isə öyrəndik ki, iqlim dəyişmələri üzrə dünyada tanınmış QHT olan və həmişə keçmiş sovet respublikalarında ekoloji problemləri, xüsusilə də iqlim dəyişmələrinə laqeyd münasibəti tənqid edən İqlim Fəaliyyət Şəbəkəsi (Climate Action Network) bu məlumatı öz saytında (http://below2.ru/2014/06/09/azjn/) yerləşdirib, eyni zamanda xəbər dünya mətbuatında (http://www.rtcc.org/2014/06/12/azerbaijan-and-georgia-are-taking-the-silent-lead-on-climate-action/) və sosial şəbəkələrdə yayılıb. Məşhur QHT "Azərbaycan iqlim dəyişmələrinin qarşısının alınmasında liderliyi ələ alır" başlıqlı şərhi ilə Azərbaycanın bu sahədəki ambisiyalarını dəyərləndirib: "Bu neft-qaz hasil edən ölkə (Azərbaycan) bundan sonra da təbii ehtiyatlarının hesabına yaşaya biləcəyinə baxmayaraq, ölkənin rəhbərliyi sözdə deyil, əməldə az karbon tullantılı istehsalatın inkişafına yer verir....."

"İqlim dəyişmələri problemi nə ilə izah olunur və bəşəriyyəti narahat edən nədir?"

Təbii ki, söhbət qlobal istiləşmədən gedir və ekoloqların da qlobal olaraq gündəliyində dayanan məsələ budur. Araşdırmanı davam etdirərək iqlim dəyişmələri problemi ilə bağlı dünya ölkələrinin yüksək səviyyəli nümayəndələrinin və ekspert qruplarının bir neçə gün əvvəl bir araya gəlməsi barədə məlumatı da xarici mənbələrdən aldıq. Almaniyanın Bonn şəhərində "BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransına Yüksək Səviyyəli Hazırlıq Görüşü" keçirilib və son məlumatların təhlili əsasında qlobal istiləşmənin temperatur həddinin 2 dərəcə selsi çərçivəsində saxlanılması üçün rəylər təqdim edilib. Hazırda temperaturun məhz 2 dərəcə artmasının kritik temperatur həddi kimi qəbul olunduğu və bu həddin keçilməsinin bəşəriyyət üçün arzuolunmaz nəticələrə gətirib çıxaracağı bildirilib. Bununla belə, mütəxəssislər ötən onilliklər ərzində artmaqda davam edən qlobal temperatur artımının dayandırılmasına və 2 dərəcə selsi çərçivəsində saxlanılmasına hələlik bəşəriyyətin şansı olduğunu diqqətə çatdırıb və qeyd olunub ki, hazırda BMT-nin apardığı danışıqlar da bu dəyişmənin qarşısını almaq üçün 2020-ci ildən sonrakı dövr üçün Kioto protokolunu əvəz edəcək yeni beynəlxalq iqlim sazişinin işlənib hazırlanmasına yönəlib. Yəni ölkələr təkcə yeni saziş çərçivəsində tullantıların azaldılması üzrə öz öhdəliklərinə (2020-ci ildən sonra) əməl etməli deyil, həm də 2020-ci ilə qədər olan dövr ərzində bu məsələyə daha ciddi yanaşmalı və bu sahədə müvafiq töhfələr verməlidirlər. Məhz bu məqamla əlaqədar bu mötəbər görüşdə ekspertlər xoş sürprizlə qarşılaşıb və Azərbaycan dövlətinin təqdim etdiyi hesabat böyük rezonansa səbəb olub...

"Azərbaycan iqlim dəyişmələrinin qarşısının alınmasında liderliyi ələ alıb" - deyən xarici mütəxəssislər təbii ki, Azərbaycan tərəfinin təqdim etdiyi məlumatlara və rəqəmlərə əsaslanıb, real nəticələri təhlil etdikdən sonra bu qənaətə gəlib. Başqa sözlə, onlara həqiqətən də bu ölkənin iqlim dəyişmələrinin qarşısının alınmasında liderliyi ələ almasına dəlalət edən təkzibolunmaz arqumentlər təqdim olunub, əks təqdirdə onsuz da ikili standartlar çərçivəsindən uzağa gedə bilməyən bəzi beynəlxalq qurumlar Azərbaycana qarşı ənənəvi manipulyativ mövqedən çıxış etməkdən çəkinməzdilər.

Amma əvvəlcə məlumatlara diqqət yetirək və qeyd edək ki, tədbirdə Azərbaycanı Ekologiya və Təbii Sərvətlər Naziri Hüseyn Bağırovun başçılıq etdiyi nümayəndə heyəti təmsil edib.

Müraciətimizə cavab olaraq bunu ETSN-nin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova da təsdiqləyib. Bildirib ki, 5-6 iyun 2014-cü il tarixlərində Almaniyanın Bonn şəhərində "BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Perunun Lima şəhərində baş tutacaq Tərəflər Konfransına Yüksək Səviyyəli (Nazirlər səviyyəsində) Hazırlıq Görüşü" keçirilib.

Azərbaycanın iqlim dəyişmələrinin qarşısının alınmasında liderliyə yüksəlməsi məsələsinin gündəmə gəlməsini zəruri edən səbəblər və təfsilatı üçün yenidən xarici mənbələrin şərhinə qayıdırıq: "...yüksək səviyyəli görüşün xoş sürprizlərindən biri Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Naziri H.Bağırovun çıxışı olub. Onun Azərbaycanda, əksər postsovet ölkələrinə xas olan iqtisadi eniş hesabına deyil, az karbonlu tullantılı istehsalata keçməyi təmin edən dövlət proqramları sayəsində ətraf mühitə atılan istilik effekti yaradan qazların həcminin azaldılmasında irəliləyişə nail olunması barədə məruzəsi geniş rezonans və müsbət reaksiya doğurub..."

ETSN-nin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova Azərbaycan nümayəndə heyətinə istinadən verdiyi məlumata görə, Azərbaycan hökumətinin təqdim etdiyi hesabatdakı faktlar başqa inkişaf etməkdə olan və fövqəl surətdə inkişaf edən ölkələrin nümayəndələrinin çıxışlarındakından fərqli olaraq inkişaf etmiş ölkələrdən daha çox yardım almaq ideyası üzərində yox, ölkənin öz imkanlarına söykənərək gördüyü və görməkdə olduğu işlər barədə real rəqəmlər üzərində qurulduğundan tədbirdə iştirak edən mütəxəssislər, QHT-lər və media nümayəndələri tərəfindən maraqla qarşılanıb və yüksək qiymətləndirilib. Yüksək səviyyəli görüş beynəlxalq ekspertlərin və dünya mətbuatının diqqət mərkəzində olduğundan bir sıra mətbuat orqanlarında Azərbaycanın bu sahədə gördüyü işlər başqalarına yaxşı nümunə kimi təqdir olunub. Öyrəndik ki, həqiqətən də Azərbaycanın təqdim etdiyi hesabatda görülən işlərin ölkənin öz maliyyə imkanları hesabına reallaşmasının vurğulanması daha çox diqqət çəkib (Avropanın, həmçinin dünyanın bəzi ölkələrində hələ də davam edən maliyyə böhranına rəğmən Azərbaycanın özünün maliyyə imkanlarına malik olması bəzi ikili standart həvəskarlarını vicdanlarının səsinə qulaq asmağa vadar edib). Çünki əksər ölkələr qlobal iqlim dəyişmələrinin səbəbkarı kimi inkişaf etmiş ölkələri, xüsusən Avropa ölkələrini və ABŞ-ı günahlandırır (iqtisadiyyatı yüksək inkişaf etmiş ölkələrin ətraf mühitə atdığı istilik effekti yaradan qazların həcmi dəfələrlə yüksəkdir) və bunun müqabilində iqlim dəyişmələrinin qarşısının alınması üçün həmin ölkələrdən maliyyə vəsaiti tələb edir. Azərbaycan dövlətinin isə bu işləri öz resursları hesabına, ölkənin və xalqın gələcəyi naminə etdiyini, bundan sonra da bu prosesin davamlı olacağını bəyan etməsi, göründüyü kimi beynəlxalq rezonansa səbəb olub.

Liderliyə aparan strateji xətt: faktlar və rəqəmlər göstərir ki, həqiqətən də Azərbaycan dövləti xalqın, ölkənin gələcəyi üçün bütün sahələrdə müasir dünyada cərəyan edən aktual prosesləri prioritet istiqamətlər kimi səciyyələndirir, buna uyğun olaraq öz perspektiv inkişaf yolunu cızır. Bu ölkə indi heç bir tövsiyə və tələb gözləmədən gələcək üçün tarix qarşısında öz vəzifələrini yerinə yetirir.

Bütün bəşəriyyətin diqqət mərkəzində olan qlobal iqlim dəyişmələrinin qarşısının alınması istiqamətində də ölkənin gördüyü işlər bütün reallığı ilə ortadadır. Rəqəmlər doğrudan da kifayət qədər gözə çarpandır. Məsələn, SSRİ-dən ayrılanda və Kioto protokoluna qoşulanda Azərbaycan atmosferə ildə 71 mln. ton istilik effekti verən qaz tullantıları atırdı. Hesab olunurdu ki, SSRİ-nin iqtisadiyyatı dağılandan sonra tullantıların həcmi 34 mln tona düşüb. Amma indi Azərbaycan iqtisadiyyatı 4 dəfə böyüyüb, deməli tullantılar da 4 dəfə artmalı idi. Lakin tullantılar hələ də 70 faiz səviyyəsində qalıb və bu da məntiqidir. Çünki dövlət proqramlarına uyğun olaraq Azərbaycanda kimya zavodlarının əvəzinə qida zavodları tikildi və ona görə də istilik effekti yaradan qazların ətraf mühitə atılmasının həcmi artmır, əksinə azalmağa doğru gedir. Ona görə ki, neft sənayesində ümumi istehsal həcmi 2 faiz azalıb, əksinə qeyri-neft sənayesində 10 faiz artım qeydə alınıb. İqtisadiyyatımız isə inkişaf edir.

Digər tərəfdən, sözügedən görüşdə Azərbaycan tərəfinin təqdim etdiyi hesabatda göstərildiyi kimi "artıq Azərbaycanda alternativ və bərpaolunan enerji mənbələri üzrə Dövlət Agentliyi yaradılıb, bərpaolunan enerji mənbələri üzrə Dövlət Proqramı qəbul edilib və bu sahədə Milli Strategiya hazırlanır. Bunun nəticəsidir ki, ölkədə enerji istehsalında bərpaolunan enerji mənbələrinin real payı 11 faizə çatdırılıb. Hazırlanan Milli Strategiyada isə 2030-cu ilə qədər termal, günəş və külək enerjisinin payının 30 faizə qədər yüksəlməsi nəzərdə tutulur". Bunlar təkzibolunmaz faktlar və rəqəmlərdir.

Araşdırma göstərir ki, 2000-ci illərin əvvəllərindən başlayaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən bu yöndə ardıcıl olaraq tədbirlər görülüb. Dövlət başçısının apardığı məqsədyönlü siyasətə uyğun olaraq bu sahədə də aydın, şəffaf, bilavasitə gələcəyə hesablanan strateji xətt müəyyənləşdirilib. Vaxtında müəyyən edilmiş strateji istiqamətlərə uyğun olaraq görülmüş tədbirlər bu gün Azərbaycanın beynəlxalq arenada məhz bu yöndə də liderliyə çatmasına zəmin yaradıb. Azərbaycan Respublikasının Prezidentinin imzaladığı 2004-cü il 21 oktyabr tarixli sərəncamla "Azərbaycan Respublikasında alternativ və bərpa olunan enerji mənbələrindən istifadə olunması üzrə Dövlət Proqramı", 2005-ci il 14 fevral tarixli Sərəncamla "Azərbaycan Respublikasının yanacaq-enerji kompleksinin inkişafı (2005-2015-ci illər) üzrə Dövlət Proqramı" təsdiq edilib. "Alternativ və bərpa olunan enerji sahəsində əlavə tədbirlər haqqında" Azərbaycan Respublikasının Prezidentinin 2013-cü il 1 fevral tarixli Fərmanı və "2012-2020-ci illər üçün Azərbaycan Respublikasında alternativ və bərpa olunan enerji mənbələrindən istifadəyə dair Dövlət Strategiyasının hazırlanması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 29 dekabr tarixli Sərəncamı imzalanıb. 2011-ci ildən etibarən Alternativ və Bərpaolunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi tərəfindən aşağıdakı layihələr həyata keçirilir:

2011-ci ildə Qobustan rayonu ərazisində hər birinin gücü 0,9 MVt-a çatan üç külək turbini, 1,8 MVt gücündə günəş enerjisi stansiyası və 1 MVt gücündə bioenerji qurğusu yaradılıb,
Xızı rayonu ərazisində gücü 15 MVt və 25 MVt olan Külək Elektrik Stansiyalarının tikintisi davam etdirilir,
Abşeron dəniz rayonunda gücü 15 MVt olan külək parkının inşası planlaşdırılır,
Pirəküşkül ərazisində gücü 60 MVt və 150 MVt, Xızı rayonu ərazisində gücü 33 MVt, 25 MVt və 3,6 MVt, Müşfiq qəsəbəsi ərazisində isə gücü 9 MVt olan Külək Elektrik Stansiyalarının tikintisi nəzərdə tutulub,
Respublikanın yüksək potensiallı ərazilərində (Xaçmaz, Lənkəran, Masallı və s. rayonlarında) geotermal istilik stansiyalarının inşası nəzərdə tutulub.

2014-cü il aprel ayından Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin sifarişi ilə Bakının Suraxanı rayonunda yeni "Suraxanı" və Pirallahı rayonunda "Pirallahı" Günəş Elektrik Stansiyalarının inşasına başlanılıb. Hər iki günəş elektrik stansiyanın tikintisində Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi tərəfindən Sumqayıt şəhərində inşa edilmiş "Azgüntex" Məhdud Məsuliyyətli Cəmiyyətində istehsal olunmuş günəş panellərindən istifadə edilir. Gələcəkdə Pirallahı rayonunda külək elektrik stansiyalarının da tikintisi nəzərdə tutulub. Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin məlumatına görə, 2015-ci ildə Azərbaycanda ümumi gücü 135,3 MVt olan 3 külək elektrik stansiyasının tikintisi başa çatacaq.
Dövlət Agentlinin sifarişı ilə 5 rayonda (Naxçıvan Muxtar Respublikasında, Neftçala, Oğuz, Gədəbəy, Balakən rayonlarında hər biri 10 MVt olmaqla hibrid tipli (külək, günəş və bioqaz) elektrik və istilik stansiyalarının texniki-iqtisadi əsaslandırmaları hazırlanır. Samux rayonunda isə təsərrüfat üçün lazım olan istilik və elektrik enerji tələbatını bərpa olunan enerji (günəş, külək, bioqaz və geotermal) hesabına təmin edən əkinçilik, tərəvəzçilik, bağçılıq, şitil yetişdirmə, heyvandarlıq, quşçuluq, balıqçılıq, kənd təsərrüfatı məhsulları emalı sahələrini cəmləşdirən aqro-kompleksin tikintisi üçün layihə-smeta sənədləri işlənilir. Eyni zamanda ölkədəki mazutla işləyən istilik elektrik stansiyaları qazla işləmə prinsipinə keçirilib, su elektrik stansiyaları (Mingəçevir 1, Mingəçevir 2) yenidən qurularaq istehsal güclərinin artırılmasına nail olunub.

Artıq beynəlxalq müstəvidə, BMT-nin mötəbər qurumu səviyyəsində də qəbul olundu ki, strateji xəttin müəyyən olunması ilə müvafiq tədbirlərin həyata keçirilməsi Azərbaycanda istilik effekti yaradan qaz tullantılarının azalmasına səbəb olub və hesablamalara əsasən 2020-ci ilə qədər olan dövr ərzində istilik effekti yaradan qaz tullantılarının həcmi Azərbaycanda ildə təqribən 4-5 mln.ton azalacaq.

Deməli, həqiqətən də "Azərbaycan iqlim dəyişmələrinin qarşısının alınmasında liderliyi ələ alır" və bunun real-praktik əsası var. Çünki tanınmış beynəlxalq QHT-nin şərh etdiyi kimi "bu neft-qaz hasil edən ölkə bundan sonra da təbii ehtiyatlarının hesabına yaşaya biləcəyinə baxmayaraq, ölkənin rəhbərliyi sözdə deyil, əməldə az karbon tullantılı istehsalatın inkişafına yer verir..."

Məqalədə:
Xəbər lenti

Xəbər lenti