...

Elmin İnkişafı Fondu Milli Azərbaycan Tarixi Muzeyinə bərpa laboratoriyası alıb

Cəmiyyət Materials 19 İyun 2014 14:19 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun qrantı ilə AMEA Milli Azərbaycan Tarixi Muzeyi (MATM) üçün bərpa laboratoriyası alınıb.
Elmin İnkişafı Fondu Milli Azərbaycan Tarixi Muzeyinə bərpa laboratoriyası alıb

Azərbaycan, Bakı, 19 iyun /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun qrantı ilə AMEA Milli Azərbaycan Tarixi Muzeyi (MATM) üçün bərpa laboratoriyası alınıb. Trend-im məlumatına görə, bu gün Milli Azərbaycan Tarixi Muzeyində "MATM Bərpa laboratoriyasının müasir cihaz və qurğularla təchiz olunması" layihəsi çərçivəsində alınmış avadanlıqların təqdimatı mərasimi keçirilib.

Mərasimdə çıxış edən muzeyin direktoru Nailə Vəlixanlı bildirib ki, milli irsi təbliğ etməklə yanaşı, onu qorumaq və gələcək nəsillərə çatdırmaq hər bir muzeyin borcudur. Məhz bu baxımdan Elmin İnkişafı Fondunun maliyyə dəstəyi ilə alınan yeni bərpa avadanlıqları ölkədə milli mədəni irsin qorunmasına öz əvəzsiz töhfələrini verəcək.

AMEA-nın vitse-prezidenti İsa Həbibbəyli isə qeyd edib ki, Elmin İnkişafı Fondu ölkədə elmin inkişafına yönəlmiş böyük layihələr həyata keçirir. Bu layihələrin böyük qismini elmi müəssisələrin maddi-texniki bazasının möhkəmləndirilməsi, dünya standartlarına cavab verən müasir avadanlıqlarla təchiz edilməsi təşkil edir: "Tarix Muzeyi üçün alınan avadanlıqlar vasitəsilə elmi tədqiqatlar daha müasir üsullarla aparılacaq, bu isə milli sərvətlərin qorunmasına kömək edəcək".

Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev qeyd edib ki, alınmış avadanlıq və qurğular ən müasir tələblərə cavab verir və müxtəlif xarakterli tarixi eksponatların bərpası üçün nəzərdə tutulub. Alınmış avadanlıqlar sırasında İngiltərənin "Willard Conservation Ltd" şirkətinin istehsalı olan sorma masası, İtaliyanın "G.B. F.LLI Bertoncello" şirkətinin istehsalı olan Proxima mikro-qaynaq cihaz dəsti (bütün növ materiallar üzrə), İtaliyanın "C.T.S" şirkətinin təchiz etdiyi sərt cisimlərin korroziya və oksidləşməsinə qarşı ultra-səs təmizləyici vannası, eyni şirkətin istehsalı olan arxeoloji tapıntıların ərplərini təmizləyən pyezo-elektrik ultrasəs təmizləyici və cilalayıcı cihaz, İtaliyanın "AnMo Electronics" şirkətinin istehsalı olan eksponatların üzərindəki ziyanlı proseslərin videoqeydiyyat cihazı, Avropa şirkətlərinin istehsalı olan qəliz kimyəvi proseslər zamanı havasızlıq fəzasını yaratmaq üçün vakuum nasosu kimi cihaz və qurğular maraq doğurur. Yeni avadanlıq və qurğular istər şəxsi kolleksiyalarda olmuş, istərsə də arxeoloji tədqiqatlar zamanı aşkarlanmış istənilən növ tarixi materialların təmizlənməsi və sonrakı bərpası üçün geniş imkanlar yaradacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti