Azərbaycan, Bakı, 20 avqust /Trend, müxbir Elçin Mehdiyev/
Azərbaycan ombudsmanının İşgəncələrin qarşısının alınması üzrə Milli Preventiv Qrupunun (MPQ) üzvləri Ədliyyə Nazirliyi Penitensiar Xidmətin həbsxanasına və 3 saylı İstintaq təcridxanasına uzunmüddətli başçəkmələr həyata keçiriblər.
Ombudsman Aparatından Trend-ə daxil olan məlumata görə, başçəkmədə məqsəd müvəkkilin ünvanına daxil olmuş məlumatların araşdırılması, saxlanılma şəraiti və məhkumlarla rəftar vəziyyətinin öyrənilməsi olub. Başçəkmədə MPQ-nin həkim üzvü də iştirak edib.
Fakültativ protokolun tələblərinə uyğun olaraq, həbsxana və təcridxananın bütün obyektlərinə, o cümlədən cərimə təcridxanasına, karantin otaqlarına, bütün korpuslarda məhkumların saxlanma kameralarına baxış keçirilib, bir çox məhkumlar fərdi qaydada qəbul edilib, lazımi sənədlər və qeydiyyat kitabları öyrənilib.
Müvəkkil başçəkmənin nəticələri ilə bağlı Ədliyyə Nazirliyinə müraciət edib.