...

BP xaricdə təhsil alan azərbaycanlı tələbələr üçün karyera forumu keçirib

Cəmiyyət Materials 8 Sentyabr 2014 15:55 (UTC +04:00)

Azərbaycan, Bakı, 8 sentyabr /Trend/

Bu gün BP şirkəti neft və qaz sənayesi ilə bağlı ixtisaslar üzrə xaricdə təhsil alan azərbaycanlı tələbələr və məzunlar üçün karyera forumu təşkil edib.

Şirkətdən Trend-ə verilən məlumata görə, bu tədbir BP və onun tərəfdaşlarının neft-qaz sahəsində yüksək ixtisaslı yerli mütəxəssislərin yetişdirilməsi istiqamətində ölkənin göstərdiyi səylərə dəstək olmaq öhdəliyinin bir hissəsidir.

Karyera forumu BP şirkətinin bu regiondakı "Məzun və tələbələrin işə qəbulu proqramı"nın bir hissəsidir. Bu forumun məqsədi neft və qaz ixtisası sahələrində təhsil alan tələbələr arasında iş imkanlarını təşviq etməklə, xarici universitetlərdəki istedadlı yerli tələbələrlə əlaqələr qurmaq və onları cəlb etməkdir.

Azərbaycan-Böyük Britaniya Məzunları İctimai Birliyi (AUKAA) ilə birgə təşkil edilən bu tədbirdə xaricdə təhsil alan 120 nəfər azərbaycanlı tələbə və məzun iştirak edib. Bu forum BP şirkətindəki karyera imkanlarının interaktiv şəkildə müzakirəsinə və BP-nin rəhbər nümayəndələri ilə ünsiyyət qurulmasına imkan yaradır.

Forum iştirakçıları Böyük Britaniyanın və Avropa İttifaqının digər ölkələrinin universitetlərində, habelə Şimali Amerikanın ali təhsil məktəblərində təhsil alan tələbələr və məzunlardan ibarət olub. Onlar öz gələcək karyeralarını ölkənin neft və qaz sənayesində qurmağı planlaşdıran Azərbaycan gəncləridir.

BP şirkətinin insan resursları üzrə vitse-prezidenti Leyla Novruzova deyib: "Biz bu forumun xaricdə təhsil alan tələbələr üçün məlumat almaq və ünsiyyət qurmaq imkanı verdiyini hesab edirik. Onlar BP şirkətinin yüksək vəzifəli nümayəndələri ilə görüşərək mövcud və gələcək karyera imkanlarını, işəgötürmə proqramlarını və planları müzakirə edə biləcəklər. Onlar, həmçinin bizim Azərbaycanda və regionda 20 il ərzində təhlükəsiz və etibarlı şəkildə dənizdə və quruda həyata keçirdiyimiz əməliyyatlar haqqında məlumat almaq imkanına malik olacaq. Biz inanırıq ki, Azərbaycanın dünya səviyyəli neft və qaz sənayesində karyera imkanlarının təşviq olunmasına yönəlmiş səylərimiz hökumətin xaricdə təhsil alan Azərbaycan gənclərini öz beynəlxalq bilik və bacarıqlarından istifadə edərək ölkənin iqtisadi inkişafına töhfə verməyə həvəsləndirmək strategiyasına uyğundur".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti