Azərbaycan, Bakı, 10 sentyabr /Trend, müxbir İlhamə İsabalayeva/
2014/2015-ci tədris ili üçün bakalavriat səviyyəsi üzrə ali məktəblərə keçirilən qəbul imtahanlarında 1727 abituriyent yüksək nəticə göstərərək 600 və daha yuxarı bal toplayıb.
Trend Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının saytına istinadən xəbər verir ki, bakalavriat səviyyəsinə qəbul üçün keçirilən imtahanlarda 100 minə yaxın abituriyent iştirak edib.
Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 9 sentyabr 2014-cü il tarixli Sərəncamı ilə qəbul imtahanlarında ən yüksək bal toplamış 102 tələbə Prezident təqaüdünə layiq görülüb.
Onlardan 7 nəfərinin hər iki valideyni işsizdir. 27 nəfərin valideyni pedaqoq, 4 nəfərin valideyni təqaüdçü, 7 nəfərin valideyni hərbçi, 11 nəfərin valideyni isə tibb işçisidir.
Yüksək nəticə göstərənlər respublikanın, demək olar, bütün şəhər və rayonlarını, o cümlədən bəzi kənd məktəblərini də təmsil edir. 600 və daha yüksək bal toplayan abituriyentlərin sırasında regionlarda fəaliyyət göstərən orta məktəb məzunlarının sayı bu il 882 nəfər təşkil edib.
600 və daha yüksək bal toplayanlar sırasında mülki ali təhsil müəssisələri ilə yanaşı, xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul olan 35 nəfər də var.
Yüksək nəticə göstərənlər I qrup üzrə (texniki və təbiət elmləri üzrə ixtisaslar) 488, II qrup üzrə (iqtisadiyyat üzrə ixtisaslar) 435, III qrup üzrə (humanitar ixtisaslar) 401, IV qrup üzrə (tibb ixtisasları) 403 nəfərdir. 9 nəfər isə maksimal nəticə - 700 bal toplayıb. Onlar I, II və IV ixtisas qrupları üzrə imtanan vermiş abituriyentlərdir. IV ixtisas qrupu üzrə 600-dən yuxarı bal toplayan 5 abituriyent Türkiyə Respublikasının Gülhanə Hərbi Tibb Akademiyasına qəbul olub.
Ənənəvi olaraq bu il də 600 və daha yüksək bal toplayan gənclərin həvəsləndirilməsi və ictimaiyyətə tanıdılması üçün "Abituriyent" jurnalının bir nömrəsinin xüsusi olaraq yüksək nəticə göstərənlərə həsr olunması nəzərdə tutulub.