...

"Gecələrdə gizli qaldım" və "Bakıdan Qahirəyə və Stokholma uzanan yol" adlı əsərlərin təqdimatı keçirilib (FOTO)

Cəmiyyət Materials 27 Oktyabr 2014 10:26 (UTC +04:00)
Azərbaycan Xarici Dillər Universitetində universitetin məzunu olmuş, istedadlı xanım Əzimə Ağalarovanın “Gecələrdə gizli qaldım” və “Bakıdan Qahirəyə və Stokholma uzanan yol” adlı əsərlərinin təqdimat mərasimi keçirilib.
"Gecələrdə gizli qaldım" və "Bakıdan Qahirəyə və Stokholma uzanan yol" adlı əsərlərin təqdimatı keçirilib (FOTO)

Azərbaycan, Bakı, 27 oktyabr /Trend, müxbir Elçin Mehdiyev/

Azərbaycan Xarici Dillər Universitetində universitetin məzunu olmuş, istedadlı xanım Əzimə Ağalarovanın "Gecələrdə gizli qaldım" və "Bakıdan Qahirəyə və Stokholma uzanan yol" adlı əsərlərinin təqdimat mərasimi keçirilib.

Trend-in məlumatına görə, təqdimat mərasimində filologiya elmləri doktoru, professor Adil Babayev, şair, yazıçı, Azərbaycan Yazıçılar Birliyinin yaradıcılıq məsələləri üzrə katibi İlqar Fəhmi, Xarici Dillər Universitetinin müəllim və tələbələri, müəllifin yaxınları və digər qonaqlar iştirak edib.

Tədbir zamanı kitablar haqqında oxuculara ətraflı məlumat verilib və əsərlər ətrafında müzakirələr aparılıb.

A.Babayev deyib ki, "Gecələrdə gizli qaldım" əsərinin özünəməxsus cizgiləri vardır. Professorun sözlərinə görə, lirik-psixoloji üslubda yazılan bu əsər sözün əsl mənasında lirik duyğuların epik təsviridir: "Əsər solipsizm və sentimentalizm fəlsəfəsi üzərində qurulub. Əsəri orijinal edən cəhətlərdən biri də onun adı ilə bağlıdır. Belinski qeyd edirdi ki, "əsərin uğurunun yarısı onun uğurlu sərlövhəsi ilə bağlıdır". "Gecələrdə gizli qaldım" adını seçməklə, görünür, qəhrəmanımız sevgisini ürəyinin dərin yerində, gizli bucağında saxlayaraq onu ancaq gecələrlə paylaşmaq istəyir".

Professor əlavə edib ki, əsərin oxunaqlı, canlı xalq dilinə yaxın, axıcı dili var.

Daha sonra söz alan İ.Fəhimi qeyd edib ki, dünya ədəbiyyatında belletristikanın tarixi çox qədimdir və müasir Azərbaycan ədəbiyyatında da belletristikanın gözəl nümunələri yaranmaqdadır ki, bu da bizim ədəbiyyatımızın dünya belletristikası səviyyəsinə çatmaq cəhdlərindən biridir.

İ.Fəhimi vurğulayıb ki, Əzimə xanımın da "Bakıdan Qahirəyə və Stokholma uzanan yol" adlı romanı da bu qəbildən olan əsərlərdəndir: "Lakin özəl cəhəti ondan ibarətdir ki, müəllif bu romanda tək bir üslubun qaydalarına uyğun hərəkət etməyib, belə demək olarsa, bu roman bir neçə belletristik janrın sintezindən yaranmış əsərdir. Burada əsərin ana xəttini təşkil edən sevgi süjeti də, beynəlxalq münasibətlərin fonunda cərəyan edən "casus" trilleri xətti də, valideyn-övlad münasibətləri də var. Ən maraqlı cəhət isə bundan ibarətdir ki, müəllif bu üç süjet xəttini romanda çox gözəl şəkildə uzlaşdıra bilib. Hadisələr zaman və məkan səddini keçərək oxucunu gah ötən əsrin ortalarına, İsveçə, gah müasir Bakıya, gah da Camal Əbdül Nasirin prezident olduğu Misirə aparır. Əsərin qəhrəmanlar ansamblı da rəngarəng və maraqlıdır".

İ.Fəhmi əlavə edib ki, əsər janrın bütün qayda-qanunlarına uyğun yazılıb, süjet xətti çox düzgün qurulub: "Sevgi xətti, dilemma qarşısında qalan qəhrəmanlar, gərgin dramatik səhnələr, kriminal hadisələr və nəhayətdə xoşbəxt sonluq əsəri mütaliə edərkən oxucunu darıxmağa qoymur".

Tədbirdə çıxış edən iştirakçılar da əsərlərin sadə və anlaşıqlı dildə yazıldığını, oxuyarkən insanı özünə cəlb etdiyini vurğulayıblar.

Daha sonra əsərlər ətrafında müzakirələr aparılıb, əsəri oxuyan tələblər öz fikirlərini bildiriblər və müəllifə əsərlər haqqında müxtəlif suallar ünvanlayıblar. Tələbələr müəllifdən növbəti əsər gözlədiklərini diqqətə çatdırıblar.

Sonda müəllif Əzimə Ağalarova qonaqlara təşəkkür edərək əsərlərin ərsəyə gəlməsi barədə danışıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti