Bakı. Trend:
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Biləsuvar rayonu, Çaylı kəndində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşların avtomobildə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Biləsuvar rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb edilib.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən “Lexus” markalı minik avtomobilinin idarəetməni itirərək su kanalına düşdüyü müəyyən olunub.
Yanğınsöndürən-xilasedicilər tərəfindən yol-nəqliyyat qəzası nəticəsində avtomobildə həyatını itirən 1993-cü il təvəllüdlü Rüstəmova Aytac Faiq qızının meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Hadisə nəticəsində ümumilikdə 2 nəfər həyatını itirib, 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Faktla əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
XXX
20:07
Dekabrın 27-də saat 16:50 radələrində Biləsuvar rayonunun Çaylı kəndi ərazisində ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan Trend-ə bildirilib ki, F.Rüstəmovanın idarə etdiyi "Lexus" markalı minik avtomobili idarəetmənin itirilməsi nəticəsində su kanalına aşıb. Nəticədə avtomobildə olan 2 nəfər sərnişin hadisə yerində ölüb.
Araşdırma aparılır.