Bakı. Trend:
ABŞ Prezidenti Donald Tramp ukraynalı həmkarı Volodimir Zelenski ilə danışıqlardan sonra keçirilən mətbuat konfransında Rusiyanın Ukraynanın yenidən qurulmasında iştirak etməyə hazır olduğunu bildirib.
Trend xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.
“Rusiya Ukraynanın çiçəklənməsini istəyir. Putin Ukraynanın yenidən qurulmasında iştirak etməyə hazırdır”, – deyə Tramp bildirib.
Onun sözlərinə görə, Vladimir Putinlə telefon danışığı zamanı Zaparojye Atom Elektrik Stansiyası (AES) məsələsi müzakirə olunub. Tramp qeyd edib ki, Rusiya AES-in Ukrayna üçün əlçatan olmasını istəyir: “Putin mənə dedi ki, Zelenski ilə birgə görüş baş tutmasını istərdi; yeri gələndə belə bir görüş olacaq”.
ABŞ Prezidenti əlavə edib ki, hər şey yaxşı olarsa, razılaşmanın qalan kiçik hissəsinin həlli bir neçə həftə çəkəcək.
xxx
02:47
“ABŞ-də bütün mövzular üzrə həqiqətən də əla müzakirələr apardıq. Amerika və Ukrayna komandalarının əldə etdiyi irəliləyişi yüksək qiymətləndiririk”.
Trend xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampla Floridada keçirilən görüşdən sonra birgə mətbuat konfransında deyib.
Dövlət başçısı bildirib ki, görüş zamanı sülh planının bütün aspektləri ətraflı müzakirə olunub.
Zelenskinin sözlərinə görə, 20 bəndlik sülh planı üzrə məsələlərin 90 faizi, ABŞ–Ukrayna təhlükəsizlik zəmanətləri və hərbi aspektlər isə 100 faiz razılaşdırılıb. O əlavə edib ki, ABŞ–Avropa–Ukrayna təhlükəsizlik zəmanətləri ilə bağlı da demək olar ki, razılıq əldə olunub.
Prezident qeyd edib ki, rifah planı tamamlanma mərhələsindədir və bu mövzu da danışıqlar zamanı müzakirə edilib. Onun sözlərinə görə, təhlükəsizlik zəmanətləri davamlı sülhə nail olmaq üçün əsas mərhələdir və tərəflərin komandaları bütün aspektlər üzrə işi davam etdirəcəklər.
xxx
02:21
ABŞ Prezidenti Donald Tramp Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşdən sonra Ukraynadakı münaqişənin həllində əhəmiyyətli irəliləyiş əldə edildiyini açıqlayıb.
Trend xəbər verir ki, bunu Donald Tramp Zelenski ilə keçirilən görüşdən sonra birgə mətbuat konfransında deyib.
Dövlət başçısı görüş zamanı Zelenski ilə birlikdə Avropa liderləri ilə də telefon danışığı apardıqlarını vurğulayıb.
“Görüşümüz əla keçdi. Kimsə deyə bilər ki, biz məsələlərin 95 faizini əhatə etdik. Bilmirəm neçə faizdir, amma buna son qoymaq üçün çox böyük irəliləyiş əldə etdik. Bu, həqiqətən də İkinci dünya müharibəsindən bəri ən ölümcül müharibədir”, – deyə Donald Tramp bildirib.
xxx
22:35
Bu dəqiqələrdə Amerika Birləşmiş Ştatları (ABŞ) Prezidenti Donald Trampla Ukrayna Prezidenti Volodimir Zelenski arasında görüş başlayıb.
Trend-in məlumatına görə, görüş Trampın Florida ştatında yerləşən Mar-a-Laqo iqamətgahında təşkil olunub.
Rusiya ilə Ukrayna arasındakı müharibəyə son qoymaq məqsədilə təklif edilən 20 maddəlik sülh planı liderlərin əsas müzakirə mövzusu olacaq.
Bundan əlavə, görüşdən sonra tərəflərin Avropa liderlərinə zəng etməsi də nəzərdə tutulub.
Qeyd edək ki, görüşdən əvvəl Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığı aparıb.
Bu, Volodimir Zelenskinin Donald Trampla görüşmək üçün ABŞ-yə beşinci səfəridir.
