Bakı. Trend:
Alimlər yenidoğulmuş körpələrin sağlamlığının monitorinqində inqilab yaradacaq kəşfə imza atıblar.
Trend xarici KİV-ə istinadla xəbər verir ki, yenidoğulmuş, xüsusilə vaxtından əvvəl doğulan körpələrin bədən istiliyini davamlı və invaziv olmayan şəkildə izləmək üçün innovativ geyilə bilən temperatur jileti hazırlanıb. Bu cihaz "MXene" materiallarına və inteqrasiya olunmuş termoelektrik soyutma texnologiyasına əsaslanır.
Yeni jilet körpələrin istilik anomaliyalarını vaxtında aşkarlayaraq təhlükəli dəyişikliklərin qarşısını almaq üçün saniyələr içində soyutma mexanizmini işə salır. Bu kəşfin yenidoğulmuşların reanimasiya şöbələrində inqilabi yardım yaradacağı gözlənilir.
Bundan əlavə, cihazın modul dizaynı ürək döyüntüsü, hidratasiya və biokimyəvi markerlər kimi əlavə sensorlarla inteqrasiya imkanı verir. Gələcəkdə bu texnologiya yalnız körpələr üçün deyil, həm də yetkin insanlarda sağlamlıq monitorinqi, idman təbabəti və ekstremal şəraitlərdə istifadə üçün də geniş tətbiq sahəsi vəd edir.
