Bakı. Trend:
Xarici işlər naziri Ceyhun Bayramovun ilin yekunlarına həsr olunmuş mətbuat konfransı Azərbaycanın 2025-ci ildə apardığı xarici siyasətin əsas istiqamətlərini və prioritetlərini aydın şəkildə ortaya qoyur.
Bunu Trend-ə açıqlamasında politoloq Azər Qarayev bildirib.
A. Qarayev qeyd edib ki, bu siyasətin təməlində Prezident İlham Əliyevin müəyyənləşdirdiyi milli maraqlara əsaslanan, uzaqgörən və praqmatik strateji xətt dayanır.
"Nazir çıxışında Azərbaycanın milli maraqlara söykənən, müstəqil və praqmatik xarici siyasət kursunu davam etdirdiyini vurğulamaqla yanaşı, ölkənin regional və qlobal müstəvidə artan roluna diqqət çəkib. Bu uğurların əsas müəllifi Prezident İlham Əliyevdir və son illərdə Azərbaycanın beynəlxalq mövqelərinin möhkəmlənməsi məhz onun ardıcıl və prinsipial siyasətinin nəticəsidir. İlk növbədə, Azərbaycanın ərazi bütövlüyünün bərpasının beş illiyinin qeyd olunması xüsusi siyasi və simvolik əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə edilmiş bu tarixi nailiyyət Azərbaycanın xarici siyasətinə yeni məzmun və yeni imkanlar qazandırıb. Bu kontekstdə 2025-ci ilin ‘tarixi fürsətlər ili’ kimi təqdim olunması onu göstərir ki, rəsmi Bakı post-münaqişə dövrünü yalnız hərbi-siyasi qələbə ilə deyil, həm də dayanıqlı sülh və regional əməkdaşlıq mərhələsi kimi dəyərləndirir. Bu yanaşma Prezident İlham Əliyevin sülhə əsaslanan, lakin milli maraqlardan geri çəkilməyən siyasətinin məntiqi davamıdır”.
Politoloq bildirib ki, Vaşinqton Zirvə görüşündə Azərbaycan və Ermənistan liderləri tərəfindən Birgə Bəyannamə və sülh sazişi layihəsinin paraflanması Prezident İlham Əliyevin beynəlxalq platformalarda apardığı fəal və balanslı diplomatiyanın mühüm nəticəsidir və uzun illər davam edən münaqişənin diplomatik müstəvidə yekunlaşması istiqamətində ciddi irəliləyiş hesab edilə bilər.
"Nazirin çıxışında xüsusi yer tutan məqamlardan biri də Azərbaycan ilə Naxçıvan arasında maneəsiz bağlantını nəzərdə tutan TRIPP layihəsidir. Bu layihə Prezident İlham Əliyevin regionda yeni nəqliyyat və kommunikasiya xəritəsi formalaşdırmaq strategiyasının tərkib hissəsidir. Bu razılaşma təkcə nəqliyyat və logistika baxımından deyil, həm də geosiyasi və iqtisadi inteqrasiya baxımından böyük əhəmiyyət kəsb edir və Azərbaycanın regionda nəqliyyat qovşağı rolunu daha da gücləndirir".
Politoloq qeyd edib ki, Ceyhun Bayramovun çoxtərəfli əməkdaşlığa verdiyi önəm də Prezident İlham Əliyevin xarici siyasət kursuna tam uyğundur.
“Türk Dövlətləri Təşkilatı, Qoşulmama Hərəkatı, İqtisadi Əməkdaşlıq Təşkilatı və D-8 çərçivəsində keçirilən tədbirlər Prezident İlham Əliyevin təşəbbüsü və fəal iştirakı ilə Azərbaycanın yalnız regional deyil, daha geniş coğrafiyada siyasi, iqtisadi və diplomatik təsir imkanlarını genişləndirdiyini göstərir. Strateji mərkəzlərin yaradılması və bu platformalarda fəal iştirak Azərbaycanın artıq beynəlxalq gündəmi formalaşdıran aktorlardan birinə çevrildiyini sübut edir. Prezident İlham Əliyevin qlobal iqlim, iqtisadi və humanitar təşəbbüslərdə fəal mövqeyi Azərbaycanın xarici siyasətinin yalnız təhlükəsizlik məsələləri ilə məhdudlaşmadığını nümayiş etdirir. Bu yanaşma ölkənin beynəlxalq nüfuzunu artırır və Azərbaycanın etibarlı, məsuliyyətli tərəfdaş kimi qəbul olunmasına ciddi töhfə verir".
Politoloq bildirib ki, nazirin qeyd etdiyi kimi, hazırda bir çox məhsulların Gürcüstan üzərindən Ermənistana daşınması ilə bağlı razılaşmalar regionda ticarət əlaqələrinin sabitləşdiyini göstərir və bu da Prezident İlham Əliyevin regionda iqtisadi əməkdaşlığa verdiyi önəmin nəticəsidir.
“Tariflər üzrə razılığın əldə edilməsi tranzit mexanizmlərinin işlək vəziyyətdə olduğunu göstərir. Prezident İlham Əliyevin nəqliyyat-kommunikasiya layihələrinə strateji yanaşması TRIPP kimi təşəbbüslərin real və dayanıqlı əsaslar üzərində qurulmasına imkan yaradır. Eyni zamanda, Ermənistanın dəmiryol sisteminin Rusiya nəzarətində olması fonunda Azərbaycanın ehtiyatlı və prinsipial mövqeyi Prezident İlham Əliyevin milli maraqları ön planda saxlayan siyasətini bir daha nümayiş etdirir”.
Politoloq vurğulayıb ki, TRIPP layihəsinin reallaşması yalnız texniki deyil, həm də nəzarət, hüquqi məsuliyyət və siyasi etimad məsələlərini əhatə edir və bu mövzuların aydınlaşdırılması Prezident İlham Əliyevin müəyyən etdiyi strateji çərçivə daxilində baş verməlidir.
Sonda A. Qarayev qeyd edib ki, ümumilikdə, mətbuat konfransında səsləndirilən fikirlər Azərbaycanın 2025-ci ildə xarici siyasətini balanslı, çoxşaxəli və nəticəyönümlü şəkildə apardığını bir daha təsdiqləyir və bu uğurların əsasında Prezident İlham Əliyevin güclü siyasi iradəsi və uzaqgörən liderliyi dayanır.
“İkitərəfli münasibətlərin inkişafı, çoxtərəfli platformalarda fəallıq və sülh gündəliyinin ardıcıl şəkildə irəli aparılması Prezident İlham Əliyevin uzunmüddətli strateji baxışına əsaslanır və bu siyasət gələcək illər üçün Azərbaycanın mövqelərini daha da möhkəmləndirən etibarlı siyasi-diplomatik zəmin yaradır”, – deyə politoloq əlavə edib
