Bakı. Trend:
Cənubi Afrikanın Yohannesburq şəhərində binanın çökməsi nəticəsində biri uşaq olmaqla 3 nəfər ölüb.
Trend xəbər verir ki, bu barədə Yohannesburq fövqəladə halların idarə olunması xidməti məlumat yayıb.
Çökmə zamanı binada 6 nəfər olub və onlardan 3-ü dağıntılar altında qalıb.
Bir yaşlı uşaq və iki yetkin qadın aldığı xəsarətlərdən dünyasını dəyişib. Qalan 3 nəfər xəstəxanaya çatdırılıb, lakin onların vəziyyəti hələ açıqlanmayıb.
Səlahiyyətlilər dağıntının səbəblərini araşdırmağa başlayıb.
