Bakı. Trend:
Dəniz robototexnikası sahəsində fəaliyyət göstərən ABŞ-ın “Clippership” şirkəti külək enerjisi ilə hərəkət edən, uzunluğu 24 metr olan avtonom yük gəmisinin hazırlanmasını yekunlaşdırmaq üzrədir.
Trend xəbər verir ki, gəmi karbon kompozitindən hazırlanmış iki qatlanan sərt qanadla təchiz olunacaq. Bu qanadlar ənənəvi parça yelkənlərlə müqayisədə iki dəfə daha səmərəli işləyəcək. Gəmi minimal insan iştirakı ilə transatlantik keçidlər üçün nəzərdə tutulub.
“Clippership” gəminin layihəsini gəmi memarlığı sahəsində tanınmış mütəxəssislər olan “Dykstra Naval Architects” və “Glosten” ilə birgə hazırlayır. Təməlqoyma və tikinti işləri üçün Niderlandın “KM Yachtbuilders” gəmiqayırma zavodu ilə müqavilə bağlanıb. Layihə dənizçilik üzrə müvafiq nəzarətedici təşkilatlar tərəfindən təsdiqlənib və gəmi Malta bayrağı altında istismara veriləcək. Suya buraxılma 2026-cı ilin sonuna planlaşdırılır və bundan sonra Atlantik okeanında genişmiqyaslı sınaqlara başlanacaq.
Gəminin yük anbarı 75 avropaletin yerləşdirilməsinə hesablanıb. Layihənin əsas məqsədi külək enerjisindən istifadə etməklə dəniz daşımaları zamanı tullantıları azaltmaq, həmçinin avtonom gəmilərin səmərəliliyini və etibarlılığını artırmaqdır. Bu yanaşma, ənənəvi konteyner gəmilərinin iqtisadi baxımdan daha az səmərəli olduğu kiçik həcmli yüklər üçün dayanıqlı logistika istiqamətində mühüm addım hesab olunur.
