Bakı. Trend:
Kanada Ukraynaya əlavə olaraq 2,5 milyard Kanada dolları (təxminən 1,8 milyard ABŞ dolları) məbləğində iqtisadi dəstək göstərməyi planlaşdırır.
Trend-in “Reuters”ə istinadən verdiyi məlumata görə, bu barədə Kanadanın Baş naziri Mark Karni ölkədə səfərdə olan Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüş zamanı açıqlama verib.
Karni bildirib ki, ayrılan bu vəsait Beynəlxalq Valyuta Fondu, Dünya Bankı və Avropa Yenidənqurma və İnkişaf Bankı tərəfindən maliyyələşmənin cəlb olunmasına, eləcə də bərpa prosesinin başlanmasına töhfə verəcək.
Zelenski isə göstərilən dəstəyə görə Kanadanın Baş nazirinə təşəkkürünü ifadə edərək, Rusiya-Ukrayna müharibəsinin dayandırılmasının vacibliyini vurğulayıb. Onun sözlərinə görə, buna nail olmaq üçün Rusiyaya təzyiqin artırılması və Ukraynaya yetərincə güclü dəstəyin göstərilməsi əsas şərtlərdir.
Ukrayna Prezidenti həmçinin Mark Karni ilə ölkəsinin hava hücumundan müdafiə imkanlarının gücləndirilməsi məsələsini müzakirə etməyi planlaşdırdığını qeyd edib.
O əlavə edib ki, diplomatik müstəvidə müəyyən irəliləyişlər olsa da, Rusiyaya qarşı müdafiə potensialının zəiflədilməsi qəbuledilməzdir.