Azərbaycan, Bakı, 31 oktyabr /Trend, müxbir Təmkin Cəfərov/
İranın ali lideri ayətullah Əli Xamenei 6 gün xəstəxanada yatdığı müddətdə sosial şəbəkələrdə 7 milyard 200 milyon mesaj göndərilib. Bunu İranın islami irşad və mədəniyyət naziri Əli Cənnəti ölkənin baş prokuroru və məhkəmə sisteminin sözçüsü Qulamhüseyn Möhsini Əjeyinin sosial şəbəkələr, eləcə də "watsapp" və "viber"in qadağan olunması ilə bağlı fikirlərini şərh edərkən deyib. Trend-in məlumatına görə, xəbəri Fars agentliyi yayıb.
Ə.Cənnəti bildirib: "Fikrimcə, sosial şəbəkələrdən istifadənin digər məsələlər kimi, müsbət və mənfi tərəfləri var. Biz bu şəbəkənin müsbət tərəflərindən daha çox istifadə etməliyik".
O, sosial şəbəkələrin mənfi və ziyanverici tərəfləri ilə bağlı ehtiyatlı davranmağın zəruriliyini vurğulayıb: "Ali lider ayətullah Xamenei xəstəxanada olduğu altı gün müddətində mobil operatorlarlar vasitəsi ilə orta hesabla 1 milyard 200 milyon SMS göndərildi. Bu müddət ərzində sosial şəbəkələrdə, o cümlədən "watsapp", "viber" və "facebook" vasitəsi ilə 7 milyard 200 milyon mesaj göndərildi".
Ə.Cənnəti əlavə edib ki, bu 7 milyard 200 milyon mesajın arasında mənfi mesajların sayı 23 min olub, lakin ayətullahın sağalması üçün duaların əks olunduğu 400 milyon mesaj göndərilib.
Qeyd edək ki, İran İslam Respublikasının ali lideri ayətullah Əli Xamenei cari ilin sentyabr ayında prostat vəzidən əməliyyat olunub.
Ə.Cənnəti əlavə edib: "Biz bu texnologiya ilə tam şəkildə mübarizə apara bilmərik. Biz bu texnologiyadan istifadə etməli və ondan səmərəli faydalanmalıyıq. Biz bu fürsətdən öz fikir və düşüncələrimizin təbliği üçün istifadə etməliyik".
Qeyd edək ki, İranın Məhkəmə Sistemi sosial şəbəkə mahiyyəti daşıyan "WhatsApp", "Viber", "Tango" kimi messencer proqramlarının istifadəsinə qadağa qoyur. Ölkənin məhkəməsi sədri Ayətullah Amuli Laricani ölkənin rabitə və informasiya texnologiyaları nazirliyinə 30 gün ərzində "WhatsApp", "Viber", "Tango" kimi messencer proqramların girişinə qadağa qoyulması barədə tapşırıq verib. Ölkənin baş prokroru və məhkəmə sisteminin sözçüsü Qulam Hüseyn Ejeyi tərəfindən rabitə və texnologiyalar naziri Mahmud Vaiziyə göndərilən məktubda "İslam əxlaqını, ümumi təhlükəsizliyi və İran İslam inqilabının ali dini lideri Ayətullah Xomeynini təhqir edən mesajlar göndərilir. Buna görə də bu proqramlara giriş qadağan edilsin" - deyə tələb irəli sürülüb. Ejeyi həmçinin onu da qeyd edib ki, verilən tapşırıq təyin olunan müddət içərisində həyata keçirilməyəcəyi təqdirdə, məhkəmənin qərarlarını saymayan şəxslər barəsində qanun çərçivəsində ölçü götürüləcək.
Ölkədə sosial şəbəkələrdən istifadənin qadağan olunması məsələsi Ruhani hakimiyyətinin başlandığı gündən dövlət və məhkəmə sistemi arasında fikirayrılığına səbəb olub və bu, hələ də davam edir. Bundan öncə də məhkəmə sistemi dövlətə internetin senzurası ilə bağlı 3 aylıq möhlət vermişdi, lakin dövlət senzura ilə bağlı heç bir iş görmədi.